Misirin Şarm-əş-Şeyx aeroportundakı mənbə bildirib ki, Rusiyaya məxsus sərnişin təyyarəsi aeroportdan havaya qalxandan az sonra pilot dispetçerə texniki nasazlıq haqda məlumat verib.
Mediatv.az xəbər verir ki, mənbənin bildirdiyinə görə, komandir texniki nasazlıq ucbatından marşrutu dəyişməyi və Qahirə aeroportuna enməyə icazə verilməsini istəyib.
* * *11:45
Bu gün Kiprin Larnaki rayonu ərazisində Rusiyaya məxsus olan sərnişin laynerinin qəzaya uğradığı barədə məlumatlar yayılıb.
Virtualaz.org saytı xəbər verir ki, "Sky News Arabia" telekanalı əksəriyyəti Rusiya vətəndaşı olan 200-dən çox sərnişini daşıyan “Airbus” təyyarəsi radarlardan yoxa çıxıb.
Təyyarənin havaya qalxdıqdan 23 dəqiqə sonra radarlardan itdiyi bildirilir. Təyyarənin “Koqalımavia” şirkətinə məxsus olduğu, Misirin Şarm-əş-Şeyx kurort şəhərindən Sankt-Peterburq şəhərinə uçduğu məlum olub.
“9268 reysi ilə uçan, “Koqalımavia” şirkətinə məxsus “Airbus-321” təyyarəsi Moskva vaxtı ilə saat 06:21-də havaya qalxıb, 23 dəqiqə sonra radardan itib. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 heyət üzvü olub. Sərnişinlərin əksəriyyəti rusiyalı turistlərdir”-“RİA Novosti” agentliyinə məlumat verən mənbə bildirib.
Misirin hüquq-mühafizə orqanlarından isə bildiriblər ki, təyyarə bu ölkənin hava sərhədlərini tərk etdikdən sonra radarlardan itib. Təyyarənin qəzaya uğradığı təxmin edilir.
***
Son məlumata görə, təyyarənin Misir ərazisində qəzaya uğradığı açıqlanıb. Bu barədə Misir internet portallarından biri məlumat yayıb.
Bildirilir ki, Misirin təhlükəsizlik qüvvələri təyyarənin qəzaya uğradığı ərazisini əhatəyə alıb, əl-Ariş şəhərindən Sina yarımadasının şimalına 10-dan çox təcili yardım avtomobili göndərilib. Misirin hərbi aviasiyası da qəza rayonunda uçuşlar edir.
***
Digər məlumata görə, Misirin baş naziri Şerif İsmayıl Sina yarımadasında Rusiya mülki təyyarəsinin qəzaya uğramasına görə bu günə planlaşdırılan bütün səfərlərini təxirə salıb. Məlumatı Misirin MENA agentliyi yayıb.
Baş nazir qəza ilə bağlı situasiyanı şəxsi nəzarətinə götürüb, xilasetmə xidmətlərinin rəhbərləri ilə müntəzəm təmasdadır. Rusiya mənbələri isə təyyarənin Misir ərazisində qəzaya uğradığını hələ təsdiq etmirlər.
Sina yarımadasında radikal islamçı yaraqlılar fəaldır və bu bölgədə Misirin təhlükəsizlik qüvvələri ilə tez-tez toqquşmalar baş verir.
***
Misirin baş naziri "Frans Press" agentliyinə təsdiq edib ki, təyyarə Sina yarımadası üzərində qəzaya uğrayıb, axtarış-xilasetmə əməliyyatlarında Misir ordusu da iştirak edir.
"Rosaviasiya"nın nümayəndəsi Sergey İzvolski təyyarə ilə əlaqənin kəsildiyini, qəzanın Sina yarımadası üzərində baş verdiyini deyib.