Dünya (8-07-2015, 10:09)
Avrozonanın 7 ölkəsini Yunanıstanın taleyi gözləyir - SİYAHI
Yunanistan xalqının referendumda Avropa Birliyinə (AB) “qırmızı kart” göstərməsi gözləri xarici borcu ümumi daxili məhsulundan (ÜDM) çox olan 7 AB ölkəsinə çevirdi.
Məlumata görə, AB Yunanıstanın 19 üzvü olan avro bölgəsinin zəncirini dağıda biləcək “ən zəif halqa” olacağından qorxur.
Avropanın ən zəif iqtisadiyyatlarından biri olan Yunanıstandakı böhran belə AB-ni silkələmək üçün kifayət edir. Əsas narahatlıq ondan ibarətdir ki, Yunanıstandakı maliyyə böhranı “domino effekti” yarada bilər.
Avro bölgəsində Yunanıstandan sonra ÜDM-ə nisbətdə xarici borcu ən yüksək olan ölkə İtaliyadır. İtaliyanın borcu ÜDM-in 132,1 faizi qədərdir. Müvafiq göstəricidə İtaliyanı Portuqaliya (130,2 faiz), İrlandiya (109,5 faiz), Kipr (107,1), Belçika (105,6 faiz), İspaniya (97,7 faiz) və Fransan (95,1 faiz) izləyir.
Qeyd edək ki, Yunanıstanın ümumi borcu 323 milyard avrodur. Borcun 60 faizi isə avro bölgəsinə olan borcdur.