Cəmiyyət (9-01-2015, 22:51)
Qanunsuz ov edən şəxslər saxlanılıb
Ekoloji qanunvericiliyin tələblərinə necə riayət olunması araşdırılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov halları ilə mübarizə məqsədilə aidiyyəti qurumların əməkdaşları ilə birgə keçirdiyi reydlərin nəticələrini açıqlayıb. Yanvarın ilk həftəsi ərzində (yanvarın 1-dən 8-dək) müvafiq qonunvericiliyin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə keçirilən reydlər zamanı respublikanın ayrı-ayrı ərazilərində qonunsuz ov halları aşkarlanıb.
Nazirliyin mətbuat xidmətindən "Həftə içi"nə verilən məlumata görə, Qaradağ rayonu ərazisində keçirilmiş reyd zamanı Bakı-Ələt yolunun 29-cu kilometrliyində ov edən Bakı şəhər sakinləri İbrahim Rəsulov, Sabir Nəcəfov və Fazil Məmmədov saxlanılıb. Onlardan 3 ov tüfəngi, 10 patron götürülərək qanun pozucuları barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib və təqsirkar şəxslərin hər biri 1000 manat məbləğində cərimə olunub.
Bundan başqa, Binəqədi rayonu ərazisində keçirilmiş reyd zamanı gölün qırağında ov edən Bakı şəhər sakini Seyfəddin Xəlilov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Faktla bağlı akt və protokol tərtib olunaraq, qanun pozucusu 1000 manat məbləğində cərimə edilib.
Eyni hal Şabran rayonu ərazisində də qeydə alınıb. Belə ki, Şabran rayonu, Xəzər dənizi sahilində keçirilmiş reyd zamanı ovla məşğul olan Şabran şəhər sakini Azad Məmmədov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.
Yevlax rayon Xanabad kəndi ərazisində keçirilmiş reyd zamanı ov edən 3 naməlum şəxs saxlanılaraq onlardan 3 ov tüfəngi, 3 patron və 2 ördək götürülərək faktla bağlı qanunamüvafiq qaydada akt tərtib olunub. Sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti Rayon Polis Şöbəsinə müraciət edilib.
Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.
Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə aparılan araşdırmaların da nəticələrini açıqlayıb. Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 16-30 dekabr 2014-cü il tarixlərində aparılan araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 116 akt və protokol tərtib olunub. Yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 55 müddətli "məcburi göstəriş" verilib.
Nazirlikdə bildirirlər ki, göstərilən müddətdə ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılması zamanı ümumilikdə, 47 iş üzrə 550400 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 9 iş üzrə 560.35 manat məbləğində iddia qaldırılıb. Həmçinin ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 182 iş üzrə 47074.1 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 35, məhkəmələrə isə 2 iş göndərilib.
Qələndər Xaçınçaylı