Cəmiyyət (28-10-2014, 18:44)
İlham Mirzəyev məhkəmənin hökmü ilə razılaşmır
Həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyev məhkəmənin çıxardığı qərardan narazıdır.
Mirzəyevin hüquqlarını müdafiə edən vəkil Xanlar Bayramzadə Anspress-ə açıqlamasında, məhkəmənin hökmündən apellyasiya şikayəti verdiklərini bildirdi. Apellyasiya şikayəti bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Şikayət yaxın günlərdə icrata veriləcək.
İlham Mirzəyevə qarşı qaldırılan ittihamları əsassız adlandıran vəkil, müttəhimin ustaya pul vermədiyi üçün həbs edildiyini deyir: “İlham Mirzəyev evində işləyən ustanın pulunu verməməkdə ittiham olunur. Biz də vəsadət qaldırmışıq ki, nə qədər iş görülüb, görülən işin keyfiyyəti və s. barədə ekspertiza keçirilsin. Lakin bizim vəsadət qəbul edilmədi. İlham Mirzəyev tərəfindən həmin ustalara 17 min manat pul verilib. Danışılan puldan 2 min saxlanlıb ki, yarımçıq qalan işlər tamamlansın. Yəni burada dələduzluq niyyəti yoxdur. Mən hesab edirəm ki, bu tipli işlərdə dələduzluq faktları yoxdur. Görülən işin keyfiyyəti qane etmədiyi üçün İlham Mirzəyev ustanın 2 min manatını verməyib. İttihamçı iddia edir ki, 5 min manat qalıb. Bu mübahisə mülki qanunvericilik yolu ilə həll edilməliydi. İttiham cinayət məsuliyyətinə cəlb edilməsinə əsas ola bilməzdi”.
Vəkil həmçinin bildirib ki, hazırda İlham Mirzəyevin səhhətində problemlər var: “O, Bakı İstintaq Təcridxanasının xəstəxanasında yatır. Belində və başında şiddətli ağrılar var. Bundan əlavə şok vəziyyətindədir. İndi müalicə kursu alır.
Qeyd edək ki, barəsində ittiham aktında bildirilirdi ki, ”İlhaMed” Tibb Mərkəzinin direktoru Mirzəyev İlham Əlikram oğlu Əhmədova Aynur Əşrəf qızının etibarından sui-istifadə edərək 3000 avro müqabilində pulunu mənimsəyib.
Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunan İlham Mirzəyev Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ. Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.