Cəmiyyət (9-09-2014, 21:39)
Şabranda rəislə gənclər niyə dalaşdı? - Rəsmi
“Şabran rayon DYP şöbəsi rəisi ilə gənclər arasındakı dava ilə bağlı icra hakimiyyətinə müraciət edən olmayıb”.
Bu sözləri Axar.az-a Şabran İcra Hakimiyyətinin nümayəndəsi DYP şöbəsinin rəisi Söhbət Talıbovun gənclərlə mübahisəsi ilə bağlı açıqlama verərkən bildirib.
İcra nümayəndəsi qeyd edib ki, bu dava nəticəsində polis şöbəsinə aparılıb, qanunsuz olaraq cərimə edildiyi haqqında kimsə şikayət verməyib:
“Şabran rayon Dövlət Yol Polis Şöbəsinin rəisi Söhbət Talıbovla gənclər arasında gecə saatlarında yaranmış davadan, DYP rəisinin rayondakı çayxanalardan birinin yanından keçərkən gənclərin ona söz atmasından və bu səbəbdən küçənin ortasında yol polisi rəisi ilə gənclər arasında gərginlik yaşanmasından məlumatsızam. O vaxt məlumatımız olardı ki, kimlərsə bu barədə icra hakimiyyətinə şikayət edərdi, ancaq bununla bağlı icra hakimiyyətinə nə müraciət edən var, nə də şikayət edən”.
İcra nümayəndəsi qeyd edib ki, əgər belə bir bir müraciət olsaydı, icra başçısı bununla mütləq maraqlanardı.
Şabran Rayon Polis Şöbəsinin rəisi Əli Mərdanov da Axar.az-a açıqlamasında Şabran rayon Dövlət Yol Polis Şöbəsinin rəisi Söhbət Talıbovla gənclər arasında mübahisə ilə əlaqədar heç kəsin cərimələnmədiyini bildirib:
“Xəta törədən hər kəs cərimələnir, ancaq dediyiniz məsələ ilə bağlı cərimələnən yoxdu. Ümumiyyətlə, belə bir mübahisə barədə sizə yanlış məlumat veriblər. Belə bir şey olsaydı və kimsə cərimələnsəydi, ən azı mənə məlumat verilərdi”.
Qeyd edək ki, Şabran rayon sakinlərinin Axar.az-a verdiyi məlumata görə, bir neçə gün bundan öncə Şabran rayon Dövlət Yol Polis Şöbəsinin rəisi Söhbət Talıbovla gənclər arasında gecə saatlarında mübahisə yaranıb. DYP rəisi rayondakı çayxanaların yanından keçərkən gənclərin ona söz atdığını zənn edib və küçənin ortasında polis rəisi ilə gənclər arasında gərginlik yaşanıb. Əraziyə post-patrul xidmətinin əməkdaşları çağırılıb və gənclər polis şöbəsinə aparılıb. Onlardan üç nəfər cərimə edilərək sərbəst buraxılıb.
Hadisədən narazı qalan sakinlərin rayon icra başçısı Novruz Novruzovun qəbuluna getmək istədikləri də xəbərdə qeyd olunur.