Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (6-09-2014, 17:34)
Sivilizasiyaların süpürləşməsi

Zəmanəmizin böyük mütəfəkkiri Semyuel Hantinqton 20-25 il əvvəl “Sivilizasiyaların toqquşması” əsərini yazanda bilmirdi və bilə bilməzdi ki, Yer üzündə Məhəmmədi adlı bir kənd var və vaxt gələcək, onun iki sakini məhz onun nəzəriyyəsi üzrə bıçaqlaşacaqlar

 

Yəqin ki, heç Məhəmmədi kəndində də Semyuel Hantinqtonu tanımırlar (bir neçə nəfər istisna ola bilər) və onun elə bir əsər yazdığından xəbərsizdirlər. Xəbərdar olsalar belə, bu çıxası qanın damarda qalmasına səbəb olmayacaqdı.  
Amma işə baxın, ser Hantinqton illər öncə insanların nə üstə dalaşıb toqquşacaqlarını bilirmiş. 
Əlbəttə, bizim ölkədə sivilizasiyaların toqquşması Suriyadakı, İraqdakı, Qəzzadakı qədər qanlı-qadalı, şiddətli deyil. Bildiyiniz kimi, orda mədəniyyətlər raketlərlə toqquşur və qan su yerinə axır. İŞİD-in əl keçirilmiş əcnəbi jurnalistlərdən Amerika əleyhinə ifadə aldıqdan sonra başlarını kəsməsi də əslində Hantinqtonun dediyi məsələdir.
Təcili şəkildə qayıdaq öz ölkəmizə, bizim İraqda, Suriyada nə işimiz var ki, İŞİD də tutub başımızı kəsə, mədəniyyətlərin toqquşması nəzəriyyəsinə qurban gedək. Odur, ildə iki dəfə Əfqanıstandan vurub Suriyadan çıxan həmkarımız Səbuhi Məmmədli də İŞİD olan zonalara üzükmür, çünki onlarla zarafatlaşmağın axırının videosüjetlə bitdiyini bilir. 
Xüləs, Məhəmmədi kəndində baş verən sivilizasiya toqquşması xoşbəxtlikdən insan tələfatı ilə nəticələnməyib - eləcə, bir nəfər yaralanıb, bir nəfər tutulub. 
Düzdür, hüquq-mühafizə orqanları məsələyə Hantinqtonu qatmırlar və hesab edirlər ki, bu, məişət zəminində baş verən və kəsici-deşici alətin tətbiq olunduğu adi münaqişədir, amma oxumuş adamlar bilirlər ki, xeyr, bıçağa əl atılarkən “Allahu əkbər” söhbəti olmasa da, hər şey siyasi-fəlsəfi nəzəriyyənin kriteriyaları uyğundur. 
Məsələn, baxaq görək, gənclər nə üstdə dalaşıblar. İlkin informasiyadan bəlli olur ki, zərərçəkənlə zərəryetirənin mübahisəsi birincinin əyninə gecə vaxtı şortik geyməsi və bu halda it gəzdirməsinə görə olub. İkinci içkili halda birinciyə irad bildirib və bıçaqlama hadisəsi qaçılmaz xarakter alıb. 
Nəzərə alaq ki, “şortik geyinmək” və “it gəzdirmək” Avropa mədəniyyətinin ünsürüdür. Bu xoşagəlməz mənzərəni qəbul etməmək və ona “camaatın anası-bayıssı var” deyə irad bildirmək isə Şərq, Asiya mədəniyyətinin tərkib hissəsidir. Al, bu da toqquşma.
İndi hər şeyə mız qoyan dairələr deyə bilərlər ki, əslinə qalsa, spirtli içki içmək də Avropa mədəniyyətinin ünsürüdür, əlibıçaqlı vətəndaş belə mentalitet qədri bilən idisə, ayıq olmalıydı. Orası elədir, amma bizdə bu kimi Şərq-Qərb, Avropa-Asiya sintezləri çoxdan qəbul olunub, işimizə gələndə avropalı, kefimizə düşəndə asiyalı ola bilirik. 
Sizə elə-belə gəlməsin, son illər şortiklə məhəlləyə çıxmaq üstündə yüzlərlə oğlanın qabağı kəsilib və onların bir çoxu ağızın cırılması, burunun əzilməsi, sifətin dağılması diaqnozu ilə müalicə müəssisələrinə yerləşdirilib. (Belə hadisələr təbii ki, tişörtün və şortun cırılması ilə müşayiət olunur). 
İndilikdə it gəzdirmək üstündə döyülən yoxdur. Çünki itə sevgi bizim mədəniyyətdə də var. Regionda ən çox it boğuşduran camaat bizik. Sadəcə, iti şortiklə gəzdirmək və boğuşdurmaq olmaz. 
Kişinin dizi görünməməlidir. Şəriətdə “qadının topuğu görünməməlidir” kimi qadağa var, bunu bilirik, amma kişinin dirsəyinin və dizinin görünməməli olduğunu sırf cahillik üzündən çoxları bilmir. Belə olanda da çəkirlər bıçağı və dizi görünmüş oğlan gedib lüt şəkildə düşür ya mürdəşirin əlinə, ya da naməhrəm həkimlərin əməliyyat masasına. 
Bax, sivilizasiyaların toqquşması budur. Bizdə hələlik sivilizasiyaların itələşməsi, dürtmələşməsi, arada süpürləşməsi prosesi gedir, özbaşına qoysaq və ağıllı olmasaq, onların boğuşmasının şahidi də ola bilərik. 
Ortada sivilizasiyaların qan davası varsa, ondan sonra Hantinqton əlli dənə “Sivilizasiyaların barışması” əsəri yazsa da, xeyri yoxdur. 

 

Yazar : Samir SARI
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024