Cəmiyyət / Slayd (4-08-2014, 21:20)
Lerikdə 22 milyon manat necə yoxa çıxdı?
Tenderi udmuş, lakin su təhcizatı sistemini dağıtmış türk şirkəti "Gelişim Group"unu rəhbərləri rayondan qaçıb
Lerik rayonunda su problemi ciddi şəkil alıb. Buna səbəb isə rayonda su təhcizatı və kanalizasiya sisteminin yenidən qurulmasını həyata keçirən Türkiyənin "Gəlişim İnşaat, Turizm, Sənaye və Ticarət LTD"nin "Gelişim Group" şirkəti işləri yarımçıq qoyaraq qaçmasıdır.
Bu barədə Jam.az-a rayondakı mənbələrdən məlumat daxil olub.
Məlumatda deyilir ki, Lerik şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar Dünya Bankı ilə Azərbaycan hökuməti arasında kredit müqaviləsi bağlanılıb. Sazişə əsasən su təchizatı və kanalizasiya şəbəkələrinin, həmçinin su və çirkli su qurğularının təkmilləşdirilməsi məqsədilə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin elan etdiyi tenderin isə qalibi Türkiyənin "Gəlişim İnşaat, Turizm, Sənaye və Ticarət LTD"nin "Gelişim Group" şirkəti olub. O da vurğulanır ki, 2011-ci ildə Azərbaycan hökuməti dövlət qarantı ilə bu layihənin gerçəkləşməsi üçun 22 milyon manat kredit götürüb.
Bildirilir ki, şirkətin rayonda su təchizatı və kanalizasiya şəbəkələrinin təkmilləşdirilməsini həyata keçirən tikinti rəisi Mustafa Yalçınkaya isə yoxa çıxıb. Hazırda iş dondurulmuş vəziyyətdə qalıb. Rayonda su təhcizatı sahəsində biabırçı vəziyyətin yaranması səsbəbindən Lerik İcra Hakimiyyəti problemi aradan qaldırmağa çalışsa da, problemə üzləşib.
Məlum olub ki, türk şirkəti bütün işləri keyfiyyətsiz şəkildə gördüyündən, bütün su boruları sıradan çıxıb. Bu azmış kimi, "Gelişim Group"un gördüyü işlər nəticəsində nəinki yenilik edilib, hətta Lerikin su təhcizatı sektoruna ciddi zərər vurulub. Üstəlik, həmin təhcizat sizstemi dağılıb.
Qeyd edək ki, hazırda Lerik İcra Hakimiyyəti daxili imkanlar hesabına bərpa etdiyi işləri dayandırmaq məcburiyyətində qalıb. Bunun üçün lazımı qədər maliyyə vəsaitinin olmaması, habelə işin həddindən artıq iri həcmliliyi yerli qurumların problemi aradan qaldırmaq imkanlarını sıfra endirib.
İşin bir maraqlı tərəfi də odur ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzarətində olan bu işlər həmin qurumu da qəti maraqlandırmır. Rayon sakinlərinin Əhməd Əhmədzadənin qurumuna etdiyi şikayətlərə isə məhəl qoyan olmayıb. Nəticədə, bu gün Lerik camaatı evlərinə suyu qablarda daşımaq məcburiyyətində qalıb. Lerik İcra Hakimiyyəti isə bu işdə sakinlərə kömək məqsədi ilə iritutumlu su maşınlarıya evlərə su paylayır. Amma bununla problemin çözüləcəyinə imkan çox azdır.
Qeyd edək ki, problemlə bağlı Qaynar.info-ya da ilginc faktlar daxil olub. Mövzunu davam etdirəcəyik.