Cəmiyyət / Slayd (22-05-2014, 17:11)
Deputatımızın maşın kolleksiyası - SİYAHI
Heç kimə sirr deyil ki, ölkənin özəl ali təhsil müəssisələri arasında ən aşağı reytinq Odlar Yurdu Universitetinə (OYU) məxsusdur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən hər il keçirilən qəbul imtahanlarından sonra OYU-da müxtəlif problemlər meydana çıxır. Fikrimizi bir qədər də dəqiqləşdirsək, TQDK-nın keçirdiyi imtahanlarda mümkün keçid ballarını yığa bilməyən abituriyentlər hansısa yollardan istifadə edərək Odlar Yurdu Universitetinə qəbul edilirlər. Təhsil ocağının adı həm də tez-tez qanunsuz tələbə köçürmələrində hallanır.
Milli Məclisin deputatı Əhməd Vəliyevin rektoru olduğu universitetdə qış və yay imtahan sessiyaları dövründə də bir sıra xoşagəlməz hallar müşahidə olunur. Tələbələrin çoxu öz savadları hesabına oxuyub qiymət almaq istəsələr də, OYU rəhbərliyində yer alan bəzi şəxslər buna imkan yaratmırlar. Bir sözlə, millət vəkilinin rəhbərliyi altında fəaliyyət göstərən universitetdə təhsilin keyfiyyəti olduqca aşağı səviyyədədir. Bu günlərdə yolumuz Odlar Yurdu Universitetinin qarşısından düşmüşdü. Universitetin yerləşdiyi binada gördüyümüz mənzərələr bizi xeyli təəccübləndirdi. İlk baxışdan elə bildik ki, hansısa reklam şirkətinin, yaxud biznes mərkəzinin qarşısından keçirik. Bunu deməyimizə əsas var. Çünki universitetin binası demək olar ki, müxtəlif şirkətlərə məxsus reklam lövhələri ilə örtülüb. Bilmək olmur bura təhsil ocağıdır, yoxsa hansısa reklam şirkətidir. Bizim bildiyimiz qədərilə ali və orta təhsil ocaqlarında yalnız təhsilə aid olan reklam lövhələri quraşdırıla bilər. Cənab Əhməd Vəliyev isə müvafiq qanunların tələbini pozaraq universitetin ərazisində kommersiya tipli reklamların yerləşdirilməsinə icazə verib. Yəqin ki, bu işdə rektorun hansısa maraqları olub. Yoxsa o, heç vaxt universitetin ərazisində reklam lövhələrinin quraşdırılmasına razılıq verməzdi. Hörmətli millət vəkilinə demək istəyirik ki, biznes reklamlarının yerinə tələbələrin maarifləndirilməsi, biliklərinin artırılması yönündə təhsilə aid reklam lövhələri qoyulsaydı, daha yaxşı olardı. OYU-da 5 dəqiqə ərzində müşahidə etdiyimiz digər məsələ haqqında da danışmaq istəyirik. Deməli, orada olduğumuz müddətdə universitetdən bahalı maşınların çıxdığını müşahidə etdik. Həmin avtomobillər universitetin içindən çıxırdı. Adətən təhsil müəssisələrində ya müəllimlər, ya da rektorluqda təmsil olunan şəxslər maşın saxlayırlar. Bu avtomobillərin siyahısını sizə təqdim etmək istəyirik:
90 XB 390 dövlət nömrə nişanlı, ağ rəngli «Mercedes GL». Kimindirsə Allah xeyir versin, cansağlığı ilə sürsün;
90 XZ 271 dövlət nömrə nişanlı ağ nəgli «JEEP»;
90 HJ 999 dövlət nömrə nişanlı ağ rəngli «BMW X 6»;
90 BF 792 dövlət nömrə nişanlı xarici avtomobil;
90 SL 494 dövlət nömrə nişanlı ağ təngli «JEEP». Bunlar hələ 5 dəqiqə ərzində gördüklərimiz idi. Yəqin ki, qeyd etdiyimiz maşınlar universitetdə çalışan səlahiyyətli şəxslərindir. Neçə illərdir jurnalist işləsəm də, hələ özümə Sovetin «Jiquli 06»nı ala bilməmişəm. Amma OYU-nun müəllimləri və prorektorları dəyəri bir-birindən baha olan maşınlarda gəzirlər. Maraqlıdır, onlar quru müəllim maaşı ilə bu avtomobilləri necə alıblar..? Bizi daha çox maraqlandıran universitetin binasının üzərində yerləşdirilən biznes reklamlarıdır. Təhsil naziri hörmətli Mikayıl Cabbarovdan xahiş edirik ki, vaxt ayırıb Odlar Yurdu Universitetinə getsin və bütün bunları canlı şəkildə izləsin.
Qeyd edək ki, Əhməd Vəliyevin oğlu Samir Vəliyev bir neçə gün öncə təhsil nazirinin müşaviri təyin edilib. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirən Samir Vəliyev Odlar Yurdu Universitetində prorektor, "BSB” Tam Orta Innovasiyalar Məktəbinin İcra Ofisinin rəhbəri və Odlar Yurdu Universitetinin I prorektoru, "BSB” Tam Orta İnnovasiyalar Məktəbinin İdarə Heyətinin sədri kimi əmək fəaliyyətini davam etdirib. OYU rəhbəri birdən elə fikirləşər ki, oğlu nazirin müşaviridir və ürəyi nə istəsə onu da edə bilər. Amma belə deyil. Mikayıl Cabbarov gənc və savadlı kadrdır, o baş verən bütün hadisələri diqqətlə izləyir. Ümid edirik ki, cənab nazir sözügedən universitetin ərazisində quraşdırılan reklam lövhələrinin yığışdırılması barədə tezliklə göstəriş verəcək. Yaxın zamanlarda «Jalə Biznes» MMC-nin bank hesablarına qoyulan həbslər barədə geniş yazı dərc edəcəyik.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.