Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (Bu gün, 09:02)
Mehdiyevin məktubu müxalifətdə aranı qatdı - TƏFƏRRÜAT

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktubun mətninin yayılması yenə də geniş müzakirələrə səbəb olub. Ondan başlayaq ki, məktubun saxta ola biləcəyi haqda iddia var. “Mehdiyevin Rusiyaya ünvanladığı məktubun saxta olduğunu deyənləri də başa düşmək mümkündür. Cünki Mehdiyevin hər şeyi saxtadır: alimliyi də, akademikliyi də, dövlət xadimliyi də, "dərinliyi" də və sair". Bu sözləri sabiq deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, tanınmış YAP-çı, uzun illər Ramiz Mehdiyevə qarşı açıq mübarizəsi ilə tanınan Alqış Musayev qeyd edib.

O bildirib ki, saxtakarlıq Mehdiyevin xislətidir: “Bu səbəbdən Mehdiyevin adı çəkilən kimi ilk xatırlanan saxtakarlıq anlayışı olur. O məktub da Mehdiyevin saxtakarlığının ifadəsidir. Amma faktdır, saxta deyil”.

R.Mehdiyevin yaşadığı villada axtarış zamanı müstəntiqlər maraqlı mənzərənin şahidi olub. Gununsesi.info xəbər verir ki, PA-nın sabiq rəhbəri villada otaqların birini iclas salonu edib. “Belə ki, salonun başında özü üçün kreslo qoyduran Mehdiyev 50-60 nəfərin oturması üçün oturacaqlar da qoydurub. Bundan başqa, Mehdiyevin oturduğu masanın sağ tərəfində çıxışçılar üçün nəzərdə tutulan tribuna da qurulub. Görünür, Ramiz Mehdiyev gizli fəaliyyətinə buradan başlayıbmış. Amma Dövlət Təhlükəsizlik Xidmətinin onun bu məkrli planını yarımçıq qoyması səbəbindən Ramiz Mehdiyevin iclas salonu da iştirakçısız qalıb”, - deyə xəbərdə iddia olunur.

“Mehdiyevin ölkəmizdə dövlət çevrilişi məqsədi ilə Moskvaya göndərdiyi iddia edilən məktubunda dövlət idarəçiliyinin yeni modeli təklif olunur. Bu məktubun həqiqi və ya feyk olmasından asılı olmayaraq, seçki, referendum, islahat, hakimiyyət bölgüsü və sair demokratiya atributlarının gen-bol təkrarlanmasına baxmayaraq, təklif edilən model gerçək diktaturaya zəmin yaradan avtoritar hakimiyyət sistemidir.

Müsavat Partiyasının başqanı İsa Qəmbər belə qeyd edib. “Açar cümlə budur: "Qanunverici, icraedici və məhkəmə hakimiyyətinin fəaliyyətinə nəzarət Dövlət Şurası tərəfindən həyata keçiriləcək". Bu orqanın seçki yolu ilə formalaşacağı vədi heç kimi aldada bilməz", - o bildirib.

Mehdiyevin “Dövlət Şurası” adlı yeni idarəetmə modeli təklifi də ciddi müzakirə mövzusuna çevrilib. Yada salaq ki, məktubda ölkədə qanunverici, icra və məhkəmə hakimiyyətlərinin fəaliyyətinə nəzarətin 50 nəfərlik “Dövlət Şurası” adlı quruma verilməsi təklif olunur. Bu orqanın tərkibinə dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrinin daxil edilməsi nəzərdə tutulur.

Müsavat Partiyası Ali Məclisinin sədri Arif Hacılı deyib ki, Mehdiyevin bu ideyası yeni deyil, oxşar modeli 2003-cü ildə Etibar Məmmədov təklif edib. “Bu, təqribən 2003-cü ildə Etibar Məmmədovun bizə təkifinin oxşarıdır. Dövlət Şurası sədrinin ümumxalq səsverməsindən keçmədən dövlətə rəhbərlik etməsi modeli”, - Arif Hacılı bildirib.

Məsələ ilə əlaqədar Etibar Məmmədovun reaksiyası maraqlı olub. E.Məmmədov Arif Hacılının “cəfəng adam” olduğunu və belə adamlara cavab vermədiyini bildirib, onun iddialarını isə cəfəngiyyat adlandırıb.

R.Mehdiyevin YAP-dan çıxarılması mövzusu da aktualdır. “Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə bağlı həbs qərarı verilib və artıq onun digər əməlləri də üzə çıxır. Yeni Azərbaycan Partiyasından da (YAP) onun çıxarılması ilə bağlı məsələyə mütləq baxılacaq. Bununla bağlı konkret vaxt deyə bilmərəm. Amma əminəm ki, o, YAP-da qalmayacaq”. YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə belə deyib. O bildirib ki, Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək üçün Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə yazdığı məktubdan xəbəri yoxdur: “Amma onunla bağlı nə qədər sənəd üzə çıxsa belə, mən onun haqqında mənfi fikirdəyəm”.

Arif Rəfimzadə hesab edir ki, bu kimi faktların çoxluğunun-azlığının heç bir mənası yoxdur: “Bu adam oradan, yəni Prezident Administrasiyasından getməli idi. Çünki onun qanunazidd hərəkətləri çox olub”.

Deputat Musa Quliyev də Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək üçün Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə yazdığı məktubu şərh edərkən bildirib. Deputat “Teleqraf”a deyib ki, millətə, dövlətə xəyanətdən ağır ittiham yoxdur: “Ramiz Mehdiyevin ünvanladığı məktubda "Dövlət Şurası" yaradılması ilə bağlı təklifinə gəlincə, bu, sovet rejimin naftalin qoxuyan təfəkkürüdür. O düşüncəni həyata keçirmək normal ağıla sığmayan bir şeydir. Vəzifədən gedəndən sonra AMEA-da, nəvəsinin toyunda oyunlar çıxardı. Bunların hamısı dövlətə meydan oxumaq idi. Dinc durmaq, xalqından üzr istəmək əvəzinə, Azərbaycanla Rusiya arasında münasibətlər bir az soyuyan kimi, xəyanət addımı atdı. Bunu heç kəsə bağışlamaq mümkün deyil. Hüquq-mühafizə orqanları da bu məsələ ciddi münasibətlərini bildirirlər, araşdırmalar gedir. Məxfilik qorunduğu üçün hələlik geniş informasiyalara sahib deyilik. Amma yəqin ki, bunlar zamanla ictimaiyyətə də açıqlanacaq. Bu, həm də görk olmalıdır. Azərbaycan dövləti heç vaxt olmadığı qədər indi çox güclüdür. Cənab Prezidentin reytinqi 100 faizin üzərindədir, xalqın etimadını qazanıb. Belə bir halda xəyanət yolu tutmaq bəlkə də Allahın cəzasıdır".

Deputat “Dövlət Şurası”nın 50 nəfərlik siyahısında müxalifət liderlərinin olması ilə bağlı yayılan xəbərlərə də münasibətini açıqlayıb: “Siyahıda müxalifət liderlərinin olması ilə bağlı xəbərlər mənim üçün heç də təəccüblü deyil. Bu məsələ ortaya çıxandan sonra xaricdə oturub Azərbaycanda aranı qarışdırmaq istəyənlər çox fəallıq göstərirlər. Bu da məsələnin təsadüfi olmadığını göstərir. Düşünürəm ki, istintaq çox ciddi nəticələr ortaya qoyacaq”.

Xatırladaq ki, Səbayel Məhkəməsinin qərarı ilə PA-nın sabiq rəhbəri barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

“Yeni Müsavat”

шаблоны для dle 11.2

Xəbər lenti
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025
28 10 2025