Cəmiyyət (13-12-2023, 09:59)
Aydın Mirzəzadə: “Müraciət edənlər özlərini prokuror kimi aparırlar” - QALMAQAL
Azərbaycanda fəaliyyət göstərən tanınmış hüquq müdafiəçiləri - Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Səadət Bənəniyarlı, eləcə də Məlahət Zeynallı, Zibeydə Sadıqova, Şəhla İsmayıl, Mehriban Zeynalova kimi tanınmış QHT təmsilçiləri Azərbaycan Prezidenti İlham Əliyevə 10 dekabr Beynəlxalq İnsan Haqları günü münasibətilə müraciət edib.
Müraciətdə deyilir ki, ölkədə gedən siyasi prosesləri diqqətlə izləyirlər, dövlət başçısının Qarabağ torpaqlarının işğaldan azad edilməsi sahəsində apardığı uğurlu siyasəti alqışlayırlar.
Bütün bunlarla yanaşı, müraciət müəllifləri hazırda Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı bəzi məqamları dövlət başçısının diqqətinə çatdırıb: “Fərqindəyik ki, ölkədə baş verən elə hadisələr var ki, beynəlxalq imicimizə mənfi təsir göstərir. Xaricdə Azərbaycanın əleyhinə fəaliyyət göstərən bəzi qüvvələr bu hadisələri Azərbaycanda antidemokratik amillər kimi təqdim edir və ölkəmizi dünyanın ictimai rəyində gözdən salır”.
Müraciət müəllifləri düşünür ki, “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı, “Səda TV” internet kanalının əməkdaşı Elnur Şükürov, Kanal-13 youtube kanalının Bakı ofisinin rəhbəri Əziz Orucov, hüquq müdafiəçisi Bəxtiyar Hacıyev, Azərbaycan Demokratiya və Rifah Partiyasının təsisçisi və sədri Qubad İbadoğlu, blogerlər - Ülvü Həsənli, Sevinc Vaqifqızının həbsi narahatverici hadisələrdir.
“Düşünürük ki, qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə, eyni zamanda Prezident seçkiləri ərəfəsində Sizin bu şəxslərlə bağlı humanist addımınız, Azərbaycanın əleyhinə olan siyasi təxribatların və mənfi ideoloji təpkilərin qarşısını almaqla yanaşı, beynəlxalq və daxili imicinə də birbaşa müsbət təsir göstərə bilər. Bütün bunları nəzərə alaraq, Sizdən xahiş edirik ki, Azərbaycan dövlətinin hüquqi dövlət olduğunu bir daha gündəmə gətirərək, adları çəkilən və hazırda həbsdə saxlanılan ictimai-siyasi xadimlərə qarşı humanist addım atasınız və səlahiyyətlərinizdən istifadə edərək, onların azadlığa buraxılmasında yardımçı olasınız”, - müraciətin sonunda deyilir.
YAP-çı deputat Aydın Mirzəzadə dedi ki, bu müraciət daha çox siyasi ittiham xarakteri daşıyır: “Məqsədli surətdə Azərbaycan üzərinə olmayan bir məsələləri yazmaq istəyirlər. Açığı deyim, biri var ki, dövlət başçısına kimlərinsə əfv edilməsi, yaxud onların məsələlərinə daha diqqətli baxılması xahişi ilə müraciət edəsən, biri də var ki, dövlət başçısına müraciət edib ölkəyə xaricdəki anti-Azərbaycan mərkəzləri kimi kölgə salmağa çalışasan. Necə yəni ölkədə gedən bəzi hadisələr ölkəmizə mənfi təsir edir? Hansı hadisələr ölkəmizin imicinə mənfi təsir edir? Necə yəni məhkəmələr bir çox hallarda mövcud qanunlardan sui-istifadə edirlər? Nə səbəbdən Azərbaycandakı məhkəmələri, ümumiyyətlə, qaralamağa çalışırlar? Şəxsi maraqlar naminə ölkədə ciddi problemlərə yol açılır? Bu nə cür iddialar, ittihamlardır? Müraciət edənlər özlərini prokuror kimi aparırlar. O ki qaldı həbsdə olan, istintaqları gedən, məhkəməsi olan şəxslərin azadlığa buraxılması ilə bağlı dövlət başçısına müraciət edilməsinə, nəzərdə tutmaq lazımdır ki, istintaqları aparılan, məhkəməsi olan insanlar əfv edilmirlər. Ancaq məhkəmə qərarı olan insanlar əfv edilir. Əgər bir şəxs istintaqa cəlb olunursa, istintaq getməlidir. Məhkəmə prosesi gedirsə, bu proses öncəliklə başa çatmalıdır. Bu proseslər başa çatandan sonra bütün vətəndaşlar kimi onların azadlığa buraxılması ilə bağlı məsələlərə qanunvericilik çərçivəsində baxıla bilər. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycanda il ərzində dəfələrlə cənab Prezident əfv sərəncamları imzalayıb. Çoxlu sayda insanlar vaxtından əvvəl azadlığa buraxılıb. Onların öz səhvlərini etiraf etmələri, cəzalarının bir hissəsini çəkmələri, azadlığa buraxıldıqdan sonra əvvəlki kimi cəmiyyət üçün problem yaratmayacaqları nəzərə alınır. Hesab edirəm ki, müraciətin də bir tonu olmalıdır. Təəssüf edirəm ki, bu müraciətdə siyasi ittihamlar, Azərbaycan adına ləkə gətirəcək ifadələr öz əksini tapır. Sonda qeyd edim ki, nəinki burada adları çəkilən, digər bütün məhbusların Allah qapısını açsın deyirəm”.
N.Cəfəroğlu müraciətləri barədə bir daha açıqlama verdi: “Seçkiöncəsi istəyirik ki, ölkəmizdə sabitlik olsun. Bilirsiniz ki, hər ilin sonunda, yəni dekabrda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə əlaqədar əfv sərəncamının verilməsi üçün müraciətlər edirik. İndi də məqamdır. Qarşıdan prezident seçkisi gəlir. Bu aralarda millətin bir yerdə olmasına böyük ehtiyac var. Bu qədər əldə etdiyimiz nailiyyətlərdən sonra adları çəkilən şəxslərin həbsdə qalmaları heç də yaxşı hal olmazdı. Çünki xaricdəki anti-Azərbaycan dairələrin əlinə fürsət veririk. Düzdür, ölkə başçısı Azərbaycanı ittiham etmək istəyənləri yerlərində oturtdu. Amma yenə də siyasi motivli olan və həbsdə cəza çəkənlər barədə yazırlar. Seçki öncəsi hamımız həmrəy olmalıyıq. Ölkəmizdə reformalar olacaq. Bunun da ilk addımı kimi siyasi şəxslərin azad olunmaları olardı. Bizim xarici siyasətimiz çox mükəmməldir. Bir sözlə hər kəs tərəfindən müsbət qarşılanacaq dəyişikliklər olacaq. Çalışmalıyıq ki, xaricdən bizə söz gəlməsin. Biz bunu çox istəyirik”.
Hüquq müdafiəçisi müraciətləri ilə bağlı hələ ki bir yeniliyin olmadığını da söylədi: “Müraciətimiz hələ ki yenidir. Hər halda, cavabları olacaq. Biz bilirik ki, o şəxslərin heç biri haqqında yekun məhkəmə qərarı yoxdur. Biz bilirik ki, barələrində məhkəmə qərarları olmayan şəxslər əfv siyahılarına salınmır. Sadəcə, biz onu çatdırırıq ki, məhkəmədən də azad edə bilərlər. Vacib deyil ki, məhkəmədən sonra əfv olsun. Prezidentin əfvetmə kimi müstəsna səlahiyyəti var. Mən demirəm ki, günahları var, ya yox. Bircə onu deyirəm ki, bizi xaricdən jurnalistlərin, siyasi şəxslərin həbsi ilə suçlamasınlar”.
Müəllif: Cavanşir ABBASLI - Mənbə: “Yeni Müsavat”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024