Aktual (6-01-2022, 12:17)
Qazi ilə baş həkim arasında insident
Mediatv.az xəbər verir ki, bu barədə qazi Hacı Vəliyev özü sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, sözügedən tarixdə saat 11:00-da qeydiyyatda olduğu Yasamal rayonu ərazisində yerləşən, əvvəllər də arayış aldığı və müayinə olunduğu 19 nömrəli poliknikaya COVID-19 əleyhinə vaksin pasportu almaq üçün gedib: “Bir xeyli get-gəldən sonra bildirdilər ki, mən burada qeydiyyatda deyiləm. Onlara izah etdim ki, bura qeydiyyatıyam və mənə bununla bağlı arayış da veriblər, müayinə də ediblər. Verilən arayışı oxuduğum İdman Akademiyasına təqdim etmişəm. Hətta burada qeydiyyatda olmağımla bağlı sistemdə şəklimi də çəkib atıblar".Qazi deyir ki, daha sonra baş həkimin qəbulunda olub: "Baş həkim dedi ki, sən buranın qeydiyyatında deyilsən, sənə kömək edə bilmərik. Yuxarıdakıları dedim və bildirdim ki, onda sizin işçiləriniz mənə arayışı səhv verib. Dedim ki, işçiləri tənbeh edin, daha bir vətəndaş incidilməsin. Bunu deyib ayağa qalxdım və çantamı götürəndə (görən gözüm) sol gözümə həkimin mənə baxıb istehza ilə gülməyi sataşdı. Yəqin son zamanlar gözümün bərk ağrımasını xatırlayırsınız. Elə burada da ağrıları şiddətlənmişdi, tez-tez əlimlə gözlərimi ovuşdururdum. İki dəfə soruşdum ki, niyə gülürsüz? Gülməyə davam edirdi. Mən də dedim şəhid ailələrinə, qazilərə gülənin genində, qanında problem var. Bundan sonra həkim ayağa qalxdı, sol əli ilə stolun üstündə olan qənd qabını vurub aşırdı və beləcə mübahisə yarandı".
Hacı Vəliyevin iddiasına əsasən, baş həkim onu DTX əməkdaşları ilə hədələyib: "Otaqda 4 nəfər idik. Mən, baş həkim, başqa bir həkim və Yasamal rayonundan olan digər vətəndaş. Biz koridora çıxdıq. Təxminən 5-10 dəqiqə sonra məni hədələdiyi DTX əməkdaşları gəldi və otağa daxil olub qapını örtdülər. Təxminən 10-15 dəqiqədən sonra otaqdan çıxanda mən onları saxladım və kim olduqlarını soruşdum. Hətta vəsiqələrini belə göstərdilər. DTX əməkdaşları idi. Onlar vəsiqə göstərən zaman ərazi üzrə polis nümayəndələri də gəldilər. Dedim otağa daxil olub qapını niyə örtürsünüz? Gəlmisinizsə, ədalətli araşdırma aparın. Daha sonra Yasamal rayon 19 saylı Polis Bölməsinin əməkdaşları gəldilər. Hər ikimizi bölməyə dəvət etsələr də "arxalı" baş həkim getməkdən imtina etdi və getmədi”.Qazinin digər iddiasına görə, baş həkim Aytən Qurbanova keçmiş millət vəkili Fərhad Qəribovun qızıdır: “Həyat yoldaşı isə keçmiş polis əməkdaşı Qurbanov Vüqar Akif oğludur. Vüqar Qurbanovun əmisi ilə Ziya Məmmədov qudadır”.
Adıçəkilən baş həkim Aytən Qurbanova isə iddialarla bağlı REAL TV-yə danışıb: “Çox aqressiv formada mənimlə danışmağa başladı ki, mənə bu sənədi siz verəcəksiniz. Ona qazi olduğu üçün kömək etməyə çalışdım. Bildirdim ki, İcbari Tibbi Sığorta Agentliyinin qərarına əsasən xəstənin öz istəyi ilə biz onu qeydiyyata ala bilərik. Bunu dedikdə mənə dedi ki, sən saxta sənədlərlə, işlərlə məşğul olursan? Yanımda olan qeydiyyatçıdan da bu barədə soruşdum. O da dedi ki, artıq bu halları da sistemə salmaq mümkündür. Daha sonra mənə dedi ki, “sən mənə mən koram deyə gülürsən”. Stolun üstündə olan konfet qabını vuranda çay dağılıb üstümə töküldü. Dodağıma da konfet qabının qapağı dəydi. Bu baş verənlərin şəklini də çəkmişəm. Hadisədən sonra polisə və prokurorluq orqanlarına şikayət etdim. Mən aidiyyəti üzrə məlumat verəndən sonra həmin şəxsin digər qazi yoldaşları da poliklinikanın həyətinə gələrək çəkiliş etdilər. Mənə hədə-qorxu gəldilər”.
DİN Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, araşdırma nəticəsində hadisənin təfərrüatları aydın olacaq: “Amma indiki halda bildirmək istəyirəm ki, Vətən müharibəsi iştirakçılarına və qazilərə dövlət tərəfindən ən yüksək imtiyazlar verilib. Həmin imtiyazlar çərçivəsində istənilən dövlət qurumundan asılı olmayaraq dərhal adekvat cavablar verilir. Hansısa qazinin müraciətinə baxılmama ehtimalı yoxdur. Ancaq Vətən müharibəsi iştirakçıları bütün hallarda onları qayğılandıran hallarla bağlı hansısa situasiya yarandığı halda daha yuxarı instansiyalara müraciət edə bilərlər. Orada baş həkimin otağında münaqişə vəziyyətinin yaranması, xəsarət yetirilməsi halı var”.
Hacı Vəliyev əlavə edib ki, daha sonra digər bir poliklinikada koronavirusa qarşı birinci doza vaksin olunub.