Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (13-01-2021, 14:32)
Bakı Moskva görüşündən qazanclı çıxdı - TƏHLİL

 Moskvada Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan lideri İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Kremldə keçirilən görüş Ermənistanın kapitulyasiyasından sonra ilk üçtərəfli təmas idi. 4 saata yaxın davam edən görüşdə bir sıra vacib məqamlar müzakirə edildi. Ölkə başçıları mətbuata bəyanatla çıxış edərək danışıqların bəzi detallarını açıqladılar. Dörd saatlıq qapalı görüşdə, eləcə də Rusiya-Azərbaycan rəhbərlərinin ikitərəfli təmasında daha ciddi məsələlərin müzakirə edildiyi şübhəsizdir. Üçtərəfli görüş ilk dəqiqələrdən kimin qalib, kimin məğlub tərəf olduğunu bütün nüansları ilə ortaya qoydu.

Azərbaycan Prezidentinin müzəffər, Ermənistan baş nazirinin əzik və həyəcanlı görünüşü aydın sezilməkdəydi. Putinin İlham Əliyevi, ardından Nikol Paşinyanı qarşılama təsvirləri də Moskvanın tərəflərə olan münasibətini növbəti dəfə sərgilədi. Moskva danışıqlarında mühüm məqam birgə bəyanatın ərsəyə gəlməsi idi. Görüşün nəticəsi olaraq Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri regionun gələcəyinə təsir edəcək sənədə imza atdılar. Rusiya prezidenti bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanatın imzalanmasını iqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə önəmli addım kimi dəyərləndirdi.

Vurğuladı ki, bu məqsədlə üç hökumətin baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə işçi qrupu yaradılacaq. İşçi qrupu regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafı üzrə konkret planlar təqdim edəcək. Daha sonra çıxış edən Prezident İlham Əliyev də vacib fikirlər səsləndirdi. Dövlət başçısı qeyd etdi ki, regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi: “Nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar”. Dövlət başçısı onu da vurğuladı ki, bütövlükdə 10 noyabr Bəyanatı uğurla həyata keçirilir.

Üçtərəfli bəyanatda daha çox rəsmi Bakının istəklərinə uyğun məsələlər öz əksini tapdı. Sənəddə nəinki Ermənistan baş nazirinin qaldırdığı məsələlər görünmədi, hətta razılaşdırılmış məqamlarda Yerevanın absurd təklifləri də nəzərə alınmadı. Azərbaycan ilk gündən regiona yeni əməkdaşlıq formatının gətiriləcəyini, üçtərəfli nəqliyyat dəhlizinin bərpasının zəruriliyini ifadə edirdi. Rəsmi Bakı iqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı, kommunikasiyaların açılması üçün dəfələrlə təklif və planlarını ortaya qoyub. Hətta regionda dördtərəfli - Türkiyə və İranın da aktiv iştirak edəcəyi yeni formatın yaradılması ideyasını gündəmə gətirib. Məlum olduğu kimi, Azərbaycanın əsas hissəsindən Naxçıvana nəqliyyat dəhlizi Ermənistanın Sünik (Zəngəzur) vilayətindən keçir. Naxçıvan dəhlizi bizim qədər, hətta bizdən daha çox Ermənistan iqtisadiyyatı üçün faydalıdır. Üstəlik, biz Ermənistan ərazisinin cəmi 42 km-dən faydalanacağıqsa, ermənilər Rusiya ilə ticari əlaqələrini genişləndirmək üçün Azərbaycanın 800 km torpağından keçəcəklər. Dolayısıyla onlar bu xəttin açılmasında daha maraqlı olmalıdırlar. Paşinyanın Putinlə təkbətək görüşdə səsləndirdiyi fikirlərdən anlaşılır ki, nəhayət bu həqiqəti İrəvanda da anlamağa başlayıblar. Göründüyü kimi Azərbaycan 10 noyabr bəyanatının dəqiqliklə icrasını tələb edib və bizim üçün mühüm əhəmiyyətə malik olan Naxçıvanla yeni istiqamət üzrə əlaqənin qurulması da bu görüşdə ciddi müzakirə mövzusu olub. Moskva görüşündən çıxan nəticələr onu deməyə əsas verir ki, kommunikasiyaların açılması üçün dəqiq vaxtın, qrafikin müəyyən edilməsi prioritet olaraq qalır. Ümumilikdə 11 yanvar görüşü rəsmi Bakının maraqlarına uyğun keçdi. Baş nazir Nikol Paşinyanın yerli publikaya hesablanaraq qaldırdığı “status” və “əsirlərlə” bağlı narahatlığı müzakirə mövzusu olmadı. Paşinyanın çantasında gətirdiyi “təkliflər” bir kənara atılaraq, regionun gələcək inkişafına yönəlmiş, Azərbaycanın maraqlarına uyğun olan təkliflər paketi razılaşdırıldı. Qısacası, 44 günlük müharibədən sonra Azərbaycan siyasi meydanda da diktə edən tərəf olduğunu nümayiş etdirdi. Paşinyan isə noyabrın 10-da olduğu kimi növbəti bəyanatı da əlacsızlıqdan imzalamaq məcburiyyətində qaldı. Görüş öncəsi Paşinyanın Makronla, Makronun Putinlə telefon danışıqlarının da effekti olmadı.

Milli Həmrəylik Partiyasının sədri, Qarabağ qazisi Əlisahib Hüseynov “Mediatv.az”a açıqlamasında vurğulayıb ki, Moskva görüşünü birmənalı şəkildə Azərbaycan üçün uğurlu, faydalı görüş kimi dəyərləndirmək olar. Partiya rəhbərinin sözlərinə görə, rəsmi Bakı bu görüşdən qazanclı çıxdı:

“Görüşün nəticələri Azərbaycan tərəfini tam qane edir. Qane olmayan, narazı qalan tərəf həmişəki kimi yenə də Ermənistan tərəfi oldu. Baş naziri Nikol Paşinyanın görüşün sonunda mətbuat üçün verilən açıqlamada şikayətçi düşməsi üçtərəfli görüşdə onun təkliflərinin qulaqardına vurulduğunu sübut edir. Paşinyan çığır-bağır salsa da, gözəl başa düşür ki, “Dağlıq Qarabağ münaqişəsi” artıq tarixdə qalıb. Bu məqamı Azərbaycan və Rusiya prezidentləri də görüşün yekunları ilə bağlı çıxışlarında dilə gətirdilər. Ermənistanda Moskvada imzalanmış üçtərəfli bəyanata qarşı çıxışların olması təbii və gözlənilən idi. Erməni müxalifəti ümumiyyətlə, dünənki görüşü Ermənistan üçün növbəti məğlubiyyət kimi qiymətləndirir. Bu barədə parlamentdə təmsil olunan “İşiqlı Ermənistan” partiyasının sədri Edmon Marukyanın açıqlaması xüsusilə diqqəti cəlb edir. Marukyan üçtərəfli bəyanatın ancaq Azərbaycanın maraqlarına xidmət etdiyini deyib. Bir sözlə, erməni ictimaiyyəti də, erməni siyasətçiləri də hələ görüşdən öncə bu cür təmasları Ermənistan üçün növbəti faciə adlandırırdılar”.

Politoloq bəyan edib ki, Paşinyan görüşdə özünü psixoloji baxımdan gərgin və lazımsız hiss edirdi:

“Baş nazir görüşün əsas fiquru sayılmadığını başa düşürdü. 4 saata yaxın davam edən müzakirələr əsas etibarilə İlham Əliyevlə Vladimir Putin arasında aparılıb. Rusiya prezidentinin görüş zamanı İlham Əliyevə və Nikol Paşinyana fərdi münasibətindəki fərq də çox şeydən xəbər verir. Bu mənada tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenkonun qeydləri olduqca diqqətəlayiqdir. Korotçenko yazır ki, “Putinlə Əliyev eyni səviyyədə danışırdılar, bir-birinə hörmətlə yanaşırdılar.

Putinin baş nazirlə görüşündən isə hiss edilirdi ki, o, Paşinyan üçün siyasi psixoterapevt rolunda çıxış edir”. Əlbəttə, münasibətlərdəki bu fərq görüşün nəticələrinə də öz təsirini göstərdi. Rusiya prezidenti budəfəki çıxışında qətiyyən “status” məsələsinə toxunmadı. Bu, Azərbaycan üçün həddindən artıq önəmli məqamdır. Digər önəmli məqam isə bölgədə çoxtərəfli iqtisadi və nəqliyyat əlaqələrinin qurulması, Naxçıvan-Zəngəzur dəhlizi ilə bağlı razılığın əldə olunması idi. Bu məqam görüş nəticəsində imzalanmış sənəddə öz əksini tapdı.

Deməli, Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılacağı gün elə də uzaqda deyil. Ermənilər bununla hesablaşmaq istəməsələr belə, bütün hallarda qaçılmazdır. Ermənilər reallıqla barışmaq məcburiyyətində qalacaqlar".шаблоны для dle 11.2

Xəbər lenti
17 01 2021 20:00
17 01 2021 19:37
17 01 2021 19:22
17 01 2021 19:00
17 01 2021 18:49
17 01 2021 18:20
17 01 2021 18:00
17 01 2021 17:33
17 01 2021 17:00
17 01 2021 16:35
17 01 2021 16:00
17 01 2021 15:41
17 01 2021 15:30
17 01 2021 15:00
17 01 2021 14:31
17 01 2021 14:00
17 01 2021 13:40
17 01 2021 13:10
17 01 2021 13:01
17 01 2021 12:35
17 01 2021 12:01
17 01 2021 11:30
17 01 2021 11:00
17 01 2021 10:30
17 01 2021 10:00
17 01 2021 09:30
16 01 2021 21:52
16 01 2021 21:30
16 01 2021 21:00
16 01 2021 20:00