Sosial (7-11-2014, 22:55)
Anamı istəyirəm.
Əli uşaqları yatırdıb mətbəxə keçdi. Bulaşıq qabları yudu. Dünəndən yuduğu paltarları ipdən götürdü , ütüləyib yerbəyer etdi. Özünə çay süzüb pəncərənin qabağında oturdu. Saata baxıb onu gözləməyə başladı. Artıq neçə vaxt idi ki, belə edirdi. O gəldi.
- Salam. Gəldin? Bilirdim ki, gələcəksən bayaqdan səni gözləyirəm.
O başı ilə salamlaşıb uşaqlara tərəf baxdı. Əli sözünə davam etdi:
- Yedirdib yatırmışam , paltarları yuyub ütüləmişəm. Bütün günü səndən danışmışıq. Axı , bu gun sənin öldüyün gündür. O başı ilə minnətdarlığını bildirərək ütülü paltarlara və yuyulmuş qablara baxdı. Əli dərindən köks ötürərək dedi:
- Hə, səndən sonra çox şey öyrənmişəm. Ev yığışdırmağı , paltar yumağı , xörək bişirməyi …
O sual dolu nəzərlərlə Əliyə baxdı. Əli:
- Səni itirməkdən qorxuram , tez-tez yuxularıma gəlirsən. Heç yuxudan ayrılmaq istəmirəm , elə hey yatmaq istəyirəm. Ayılanda çox peşman oluram , çünki söhbətimiz yarımçıq qalır. Bu evə başqa bir qadın gəlsəydi səni bir daha görməzdim. Axı sənin əmanətlərini başqasına necə etibar edə bilərəm?!
Bu anda uşaqlardan biri ağladı:-Ana haradasan? Ana.Anamı istəyirəm: -Qeyri-ixtiyari olaraq onların baxışları toqquşdu.Əlinin gözləri yaşla dolmuşdu.Kövrələrək:-Hər gecə yuxudan oyanıb səni axtarır.Səni çağırır:-dedi. O,sanki günahkarcasına Əlinin gözlərinə baxaraq başı ilə uşaqları göstərdi. Əli uşaqların yanına getdi. Qayıdanda onu görmədi. O getmişdi …
Əbil Həsənov
