Sosial / Slayd (2-10-2014, 19:38)
Deputatın şadlıq evini genişləndirmək planı məhləni ayağa qaldırdı – Özəl
Deputat Tahir Süleymanovun Şabran rayonu Heydər Əliyev prospekti-2-də yerləşən evlərin sakinlərini ayağa qaldırıb.
Mia.az xəbər verir ki, buna səbəb Tahir Süleymanovun sözügedən məhəllədə yerləşən «Günel» şadlıq sarayının ərazisini genişləndirmək planıdır.
Mia.az-a şikayət ünvanlayan məhəllənin 20-dək evinin sakinləri (Mirzəşah Mirzəyev, Arif Məmmədov, Gözəl Şükürova və başqaları) yazır ki, onlar bu ərazidə 20 ildən çoxdur yaşıllıq salıblar: «Amma indi deputat Tahir Süleymanov gəlib, məhəlləmizdə qanunsuz olaraq tikinti işləri aparır. İcra Hakimiyyətindən deyirlər ki, şadlıq sarayının ərazisi genişləndiriləcək. Bizə isə susmağımızın qarşılığında məhəlləmizə uşaq yelləncəkləri və digər istirahət obyekti tikiləcəyini deyirlər».
Şikayətçilər düz evlərinin qarşısı olan ərazinin deputata satılmasına qətiyyən razı deyillər: «Əgər bu ərazi satılırdısa, elə xeyli əvvəl pulunu ödədiyimiz halda, niyə bizim istifadəmizə vermirdilər?
Biz sakinlər ölkə rəhbərliyindən xahiş edirik, təcili tikintiyə müdaxilə edərək dayandırılması məqsədiylə köməklik göstərsinlər».
Məsələ ilə bağlı deputatdan mövqe öyrənmək mümkün olmayıb. Onu və rayon rəhbərliyini dinləməyə hazırıq.