Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (11-11-2019, 10:49)
Mirşahin Əli İnsanovu ifşa etdi

 

"Bayraq Gününün təəssüratı altındayıq.

Başımızdan ucada tutduğumuz, başımızdan uca tutduğumuz Bayrağımızın.

Azərbaycan İkinci minilliyin 19-cu ilinə müstəqil dövlət kimi ən qiymətli sərvəti, ümumxalq varidatı ilə çatan xoşbəxt vətəndaşların vətənidir. Bayrağın poetik mənası, tərənnümü barədə o qədər danışılıb ki... Amma əslində bayraq nişandır, haranınsa bitib, haranısa başlandığını göstərən işarə. Biz onu qaldırmaqla yerimizi göstəririk.

Eyyy! Ay dünya!!! Ay planet! Ay bəşəriyyət! Bura baxın, bizə baxın, biz burdayıq-deyirik. Xoşbəxtik ki, bu nişanla göstərdiyimiz yer var! Burdayıq-yerimiz var. Bura bizimdir-yerimiz var. Bayrağımız və Bayramımız mübarək. Bu bayraq bir zamanların çoxüzlü Sovet Bayrağının 15 surətindən biri deyil. Müstəqil dövlətimizindir. Orijinaldır. Əsldir.

Prezident İlham Əliyevin Bayram təbriki ulu baba, baba, ata və oğul bayrağın möhtəşəm, əzəmətli varis yolunu əks etdirən kiçik bir video tarixlə təqdim və təbrik etdi:

Nə vaxtsa demişdik: “Dövlətin bir neçə bayramı var ki, qeyri iş günü sayılsa da əslində iş günüdür”. Məsələn Bayraq Günü. Bayraq---dalğalandıqca yaşayır və xalq bayraq kimi həmişə işləməli, hərəkətdə olmalıdır. Dövlətimizin çox bayramı var və əslində bu bayram günləri, bu tarixlər bizim yadımıza dincəlməkdən, istirahət etməkdən, əylənməkdən daha çox.......!!!! məsuliyyət daşımalı olduğumuzu salmalıdır. Bu dövlətə görə, bu müstəqilliyə görə, bu təhlükəsiz həyata, bu rifaha görə daşımalı olduğumuz məsuliyyəti. Azərbaycanın bayrağı boşuna dalğalanmır. Bu bayrağa üfürülən, verilən, kəsilən nə qədər nəfəs olub, nə qədər nəfəs var! Bayrağı onlar dalğalandırır.

Əlbəttə, şair xalqıq, əlbəttə bayrağımızın rənginə bayram yumurtası boyamağa daha çox amadəyik. Amma unutmamalıyıq ki, poeziya buketindən, nəğmə çələngindən, Tixonovun atüstü ayaqüstü şairanə komplimentindən başqa da nələrsə var, məsələn bu gün altına toplaşdığımız Böyük Bayrağın dünyaya yenidən gəlmə tarixi - 1990-cı ildən başlanır.

Heydər Əliyevin noyabr ayının 17-də verdiyi sərəncamdan.

Hər bir şəxsiyyətin qiyməti obyektiv verilməlidir. Azərbaycan Xalq Cümhuriyyətinin, onun qurucularından da. “Bir kərə yüksələn bayraq bir daha enməz!” desə də o əslində enməməli olan bayraq endirildi. Və Məhəmməd Əmin Rəsulzadənin əlindən məğlubiyyət sütununa bağlanaraq aşağı salınmış bayrağı 70 il sonra Heydər Əliyev Naxçıvanda qaldırdı. Burada bir mühüm detalı qeyd etməyi lazım bilirəm. Söhbət varislikdən gedir. Heç kim Heydər Əliyevi məhz o bayrağı, o 3 rəngli bayrağı Naxçıvanın rəsmi bayrağı kimi elan etməyi və illah da belə bir təkliflə Bakıya-Mərkəzi Hakimiyyətə müraciət ünvanlamağı tələb etmirdi. Yəni Azərbaycanın böyük rəssamları var idi, yeni bayraq tərtib edilə, təsis edilə bilərdi. Amma Heydər Əliyev Azərbaycanın məhz o enmiş bayrağını təkrar qaldırdı və bunu həm 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, həm də yeni Xalq hərəkatının ruhuna ehtiram əlaməti olaraq noyabr ayında etdi. İlk dəfə müstəqil bayrağımızın qaldırıldığı 1918-ci ilin noyabrına ehtiram kimi və 70 il sonra baş vermiş ilk uzun müddətli mitinqləri tarixə salmaq üçün. Ona görə də şəxsən məndən ötrü 17 noyabr 1990-cı il Azərbaycan tarixinin ən uca günlərindən biridir. Xalqın baş əyib bağır basmağa borclu olduğu gündür. İlk növbədə Heydər Əliyevin Naxçıvanda 3 rəngli bayrağı rəsmən yenidən həyata qaytardığı üçün. Ümumiyyətlə, ikinci istiqlal Azərbaycana Naxçıvandan daxil oldu. Müstəqilliyin bütün atributları Azərbaycanın kiçik maketi kimi əvvəlcə Naxçıvanda bərqərar oldu. İkinci istiqlal tariximizdə Naxçıvan şəhəri həlledici rol oynayıb. Beləliklə, təkrar edirəm, Heydər Əliyev Azərbaycanın yenidən doğulmuş 3 rəngli bayrağına varislik hüququ tanıdı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il, noyabr ayının 9-da qəbul etdiyi bayrağın ruhuna ehtiramla. Və mən belə bir fikri ifadə etmək cəsarətini də icazənizlə üzərimə götürüm.

Azərbaycanın Müstəqil Dövlətliyinin bərpa tarixi Naxçıvandan başlandığı üçün Dövlət Müstəqilliyinə görə müəlliflik hüququ da əsl bərpaçı olaraq Heydər Əliyevə aiddir.

Azərbaycanın dövlət bayrağı birdir. Təkdir. Amma hər birimiz öz yerimizdə bayraq ola bilərik. Müstəqillik, dövlət kimi dəyərlər dəyərini qarnımızdan, cibimizdən, iştahımızdan asılı etməsək əlbəttə. Azərbaycan dövlətdir. Hər birimizi dövlətli edən varımız. Amma dövləti var dövlət kimi qananlar və ya yalnız var dövlət kimi qananlar da var. Prezidentin apardığı islahatlar vətəndaş-dövlət münasibətlərini də islah etməlidir. İlham Əliyev minimum əmək haqqını müntəzəm tənzimlədiyi kimi maksimum əmək həddini də tənzimləyir. Minimum əmək haqqının qəbul edilmiş məbləğindən əskik maaş vermək yolverilməz hesab edildiyi kimi, fəaliyyət möhləti çıxmışlarla davam da məqsədəuyğun hesab edilmir. Necə deyərlər nimdaş, nimyaş və nimbaşlarla vida mövsümünə xoş gəldik. Kiməsə xoş gəlməsə də. İşin ən maraqlı tərəfi bilirsiz nədir: İqtidar və müxalifətin bioloji dəyişmə prosesi gedir. İqtidar yenilənir. Müxalifət köhnələnir. Və əcayib məntiq savaşı başlayıb. Köhnələr yeniləri köhnəlikdə ittiham edərək getməyi tələb edirlər və köhnəlikdə ittiham edərək meydanı tərk etməyə çağırdıqları əslində isə tam yeniləşənlərin yerinə bir yeni kimi öz köhnə vücud və mahiyyətlərini təklif edirlər. Olduqca absurd vəziyyətdir. Amma elə bu faktın, bu əlamətin özündə də bir qanunauyğunluq var. Qara güruhun istinad etdiyi dəyərlərin əsl müəllifləri-qocalar özləri meydana çıxır. Orijinallar olaraq. Orijinallar və marginallar birlikdə sıradan çıxmaqdadır. Və bu saat Azərbaycanın qara güruhunda və qara güruha maddi və mənəvi yaxın olan hissəsində köhnəlmiş, nimdaşlaşmış, nimbaşlaşmış və nimyaşlaşmış qabaqda gedənlərin olması onların bir siyasi düşüncə tərzi olaraq son nəfəslərini yaşamasından xəbər verir. İqtidar və müxalifətin qara güruh parçası arasında böyük bir səviyyə yarğanı var. Əvvəlcə, sürəkli müşahidələrimin bir maraqlı məqamını qeyd edim. Prezident hər hansı qərarı və ya sərəncamı verməzdən əvvəl ölkənin hər hansı, təsadüfən seçilmiş müəyyən bölgələrinə baş çəkir. İcra rəhbərlərini qəbul edir. Yəni şəraiti öyrənərək qərarlar verir və prosesləri müşahidə altında saxlayır. Təkrar edirəm, Prezident xalqın ayağına gedir, görür, qayıdır və qərar verir. Reallıqla birbaşa yerində tanış olur. Təbii ki, belə olan halda səhv qərar demək olar ki qeyri-mümkündür. Müxalifətin qara güruh hissəsi və qara güruha yaxın kəsiminin öndə gedənləri isə xalqın ayağına getmir, xalqı ayağına çağırır, xalq isə təbii ki, o üfunət qoxuyan ayaqlara gəlmir, müqayinə üçün götürdülmüş cəmiyyət tikələrinin təhlili isə dürüst qərar qəbul etmək, reallığa yaxın vəziyyətlə tanış olmaq üçün kifayət etmir. Çünki hər dəfə eyni tərkibə malik olan eyni kütlə hissələri təhlil edilir. Qərarlar da onlara adekvat qəbul edilir. Məchulun yerinə qoyulan rəqəmlər əvvəldən yanlış olur. Çünki məchul məchul deyil, 90-cı illərdən bəlli olan məlumlardır. Sadəcə məchul yerinə qəbul edilir. Özlərini aldatmaq üçün. Bax elə bu səbəbdən də qara güruh həm məkan, həm zaman olaraq keçmişdən gələcəyə keçə bilmir. Aksiya keçirmək üçün istədikləri yerə rədd cavabı alanda o saat Formula-1 yarışlarını xatırlayan ikiayaqlılar təbii instinktin nəticəsi olaraq dördtəkərlilərə qısqanclıqla yanaşırlar. Çünki onların rəqib kimi qarşılarında Formula-1 zamanını görməsində qanunauyğunluq var. Siyasi piyadalar ən yüksək sürətlə şütüyən maşınlarda özlərinin heç vaxt ayaqlaşmayacağı rəqibləri görürlər. Ayaqlaşmayacağı da yox e. Təkərləşməyəcəyi. Beləliklə, qarşımızda iki zaman daşıyıcısı var. Bugünə keçmişi zorla pərçim etməyə çalışan, ona görə də arxalarında fayton təkəri və ya uzunqulaq palanı daşıyanlar və indini gələcəyin əvvəli kimi yaşamağa başlamış planetar perspektivin pasionarları.

Daha bir qeyd. Prezident əlindən gələni edir ki, məmur məmur olsun, mamır yox.

Müxalifətin qara güruh hissəsi və qaragüruha yaxın kəsimi isə əksinə mamırları daşlardan, daha doğrusu siyasətin daş kitabələrindən qopararaq öz sıralarına qatır. Ona görə də dövləti var dövlət kimi qananlarla bir düşərgədə cəmləşirlər. Zinət, var, dövlət. Məsələn adında və soyadında Əli İnsanov, təfəkkürü isə heyvan və ov refleksi daşıyan ibtidai düşüncənin eybəcər simbiozu. Bir daha xatırlayaq. Azərbaycan dövləti bizim üçün nədir və necədir:Bəs Əli İnsanov üçün, onunla bir talada və bir talanda olanlar üçün. Buyurun baxın. Beləliklə. Qaragüruhun önündə getməyə özünü layiq bilən birisi, lap elə Əli İnsanov üçün Azərbaycan dövləti:

Bax budur İnsanovun dövləti. İnsanın ov dövləti. Burada söhbət bir vətəndaşın hakimiyyətə qarşı müxalifətdə olmasından getmir. Burada söhbət İnsanov dövlətinin Azərbaycan dövlətinə qarşı müxalifətdə olmasından gedir. Azərbaycan dövlətinə qarşı İnsanov dövləti. Kölgə dövlətinin, gözü kölgəli dövlətin-İnsanov Dövlətinin Azərbaycan dövlətinə qarşı dayanmasından. Səhiyyə naziri ona görə heç cür sakitləşə bilmir. Hər dəfə yadına itirdikləri düşür. Onda bir yaddaş pristupu baş verir. Ağrıyır. Nifrəti, kini, küdurəti oyanır. Əli İnsanovun bu gün klassik müxalifətə yanaşması heç də onun səmimi olaraq korrupsiyaya qarşı olması, zəngin bir cəmiyyət yaratması, şəffaf ölkə qurmaq istəyilə bağlı deyil. Belə olsaydı, dövlətə məktub yazıb günahlarını yumaq üçün daha bir fürsət, heç olmasa Daşkəsəndə, ya Yardımlıda bir xəstəxanada Baş həkimin müavini kimi işləməyə icazə istərdi. Azərbaycanın korrupsiyasızlaşdırma, şəffaflaşma kimi ciddi bir ictimai-siyasi-iqtisadi mövsümündə iştirak etmək üçün rüsxət istərdi. Çünki indi Azərbaycanın rəsmi kursu belədir və bu dəyişiklikləri görməyənlər yumşaq desəm qeyri-səmimilər və qərəzlilərdir. Əli İnsanovun İsa Qəmbərlə bir yerdə dayanmasına yol verilməsi isə böyük bir qəbahətdir. Niyə? Ona görə ki, İsa Qəmbər onu Müsavat partiyasının qərargahına buraxır. Məhəmməd Əmin Rəsulzadəyə İnsanovun harası bənzəyir görəsən? Axı Müsavat partiyası İsa Qəmbərə atasından-rəhmətlik Yunis kişidən qalmayıb. Təpədən-dırnağadək korrupsiyaya bulaşmış, rüşvətxorluq və haramın insan qiyafəsində heykəli olan birini-Əli İnsanovu ən azı “bir kərə yüksələn bayraq bir daha enməz!” şüarı ilə təhtəlşüurumuzda oturan Məhəmməd Əmin Rəsulzadənin adıyla assosiasiya edilən partiyanın-Müsavatın kandarından necə içəri buraxmaq olar? İsa Qəmbərin qara güruha qədər necə enməsi barədə biz yəqin ki ayrıca danışacağıq. Əslində görəcəksiniz ki, bu insanın İnsanovdan mahiyyətcə heç bir fərqi yoxdur. Yəni İnsanov oğurladıqlarının, İsa Qəmbər isə oğurlaya bilmədiklərinin kininə, nifrətinə dolub. Söhbətimiz boyu İsa Qəmbərə onun boğulduğu yerdə Qaragüruhdan niyə bərk yapışmasına qayıdacağıq. Hətta 2003-cü ildə ona yazdığımız açıq məktubdan da bəhs edəcəyik.. Amma hələlik İnsanovdan danışırıq.

Görünür, REAL Təhlil və İnformasiya Mərkəzinin əsas işlərindən biri həm də yadımızdan çıxanları yenidən xatırlatmaq olmalıymış. Beləliklə. Əli İnsanovun həbs edildiyi il, oktyabr ayının 30-da Prezident İlham Əliyevə yazdığı məktubdan bəzi parçaları xatırlayaq: Məktubu göstərirəm. Biləsiniz ki, Bulqakovun dediyi məşhur fikir həmişə qüvvədədir. Əlyazmaları yanmır. Amma bir əlavə edim. Hətta yansa belə. Beləliklə. Buyurun. Bu məktub bu da etiraf. Tövbə.

Möhtərəm Cənab prezident! Qarşınızda xəcalət çəkirəm, böyük günah iş tutmuşam. aldanmışam.

Deməli, mən vaxtınızı çox almayım deyə xidmətlər. Qayğı, sayğı və s. kimi fikirləri yox, İnsanovun günahlarını öz qələmi, öz dəst-xətti ilə etiraf etdiyi yerləri oxuyacam.

Beləliklə, davam edirəm, 1992-ci ildə böyük təzyiqlərlə Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyilə Yeni Azərbaycan Partiyasını yaratdıq. 91-lərə daxil olan 13 nəfər həkim-professoru mən cəlb etdiyimə görə mənə və ailəmə qarşı təxribatlar və hücumlar başladı. İnstitutda yaratdığım nadir laboratoriyanı gecə vaxtı dağıtdılar və xəstələri mənim üzərimə qaldırmaq üçün su anbarını partlatdılar. Və Azadlıq qəzetində yazdılar ki, Əli İnsanov institutla yox, Heydər Əliyevin siyasətilə məşğul olur. Şəhərdə mənzilimizə, sonra isə məcbur olub köçdüyüm bağ evimizə gecə basqın etdilər və məcburən ailəmlə uzun müddət professor Rafiq Yusifovun Pirşağıdakı bağ evində gizləndik.

Hörmətli tamaşaçılar, yəqin başa düşürsüz ki. Əli İnsanovu çıxdığı yerə, yəni evinə qədər qovanlar kim olub, ona təzyiq edənlər, Heydər Əliyevə görə laboratoriyasını dağıdanlar, su anbarını partladanlar kim olub. İpucu verim. AXC-Müsavat hakimiyyəti. İsa Qəmbərin, Əli Kərimlinin, Arif Hacılının, Pənah Hüseynin daxil olduğu o zamankı hakimiyyət. Bu gün İnsanovun mübarək mübarək qatıldığı indiki Dəyirmi Masa.

İlham əliyevə yazılmış acizanə məktubun qiraətinə davam edirik.

“Ulu öndərimizdən sonrakı dövrdə sanki mənim dünyam da dəyişdi, həyata, insanlara küskün düşdüm, mənə belə gəlir psixoloji durumum da dəyişdi, yəqin ona görə də bunu hiss edən müxalif qüvvələr ardı-arası kəsilmədən, məni öz tərəflərinə çəkmək, təsirləri altına salmağa çalışdılar. Nəhayət Fikrət Yusifovla rastlaşdıq. O özünün və dostlarının mənə xüsusi münasibətləri olduğundan uzun-uzadı danışdı və günlərin bir günü Rəsul Quliyevin məndən Bakıya qayıtması ilə əlaqədar pul istəməsini dedi. Ancaq həmin pulun konkret nəyə istifadə olunacağını mənə açıqlamadı. Rəsul quliyevin Fikrət Yusifovun vasitəsilə aldığı pulları səfərə və seçki kompaniyasına deyil, mitinqlər üçün istifadə edə biləcəklərini təəssüf ki, gec başa düşdüm.”

Burada İnsanov bir qədər təfərrüatlara varır. Məktubu saytımıza təqdim edəcəm ki, yenidən yaysın. Ona görə də həmin xırdalıqlar üzərində dayanmayaq. Özünüz oxuyarsınız. Məncə sənədin bu yeri daha maraqlıdır:

“Beləliklə, Fikrət Yusifovun vasitəsilə uzun illər boyu düşmən münasibətdə olduğum Rəsul Quliyev məni özünün avantürist planlarına bağlamış oldu.”

Bir-iki sətir ötürürəm. Aha. Deməli İnsanov yazır:

“Möhtərəm cənab Prezident! Mənim Rəsul Quliyev kimi perspektivsiz, ölkədə heç bir nüfuzu olmayan avantüristə qoşmaları əcayib və bağışlanmazdır, nifrətə layiqdir. Ancaq Sizin yüksək humanistliyiniz və böyük qəlbinizin olmasına da bələdəm. Mənim ümummilli liderimiz Heydər Əliyevin qarşısında az da olsa xidmətlərimi nəzərə alıb ilk və son səhvimi əfv etməyinizi dönə-dönə xahiş edirəm. Böyük mərhəmətinizlə 60 yaşımı, dəfələrlə cərrahi əməliyyatlara cəlb olunduğumu və hal-hazırda səhhətimdə baş verən ciddi problemləri nəzərə alaraq, məni bağışlasanız, ailə üzvlərimə hədsiz sevinc, mənim özümə isə ikinci həyat bağışlamış olarsınız."

Dərin hörmət və ehtiramla, Əli İnsanov.

Bu məktubdakı bəzi parçalara bu yaxınlarda bir dəfə elə burda istinad etmişdim. Amma mənə nədənsə sonra elə gəldi ki, ömrünün ahıl yaşında İnsanov daha əkabür, daha müdrik gələcək barədə düşünəcək, bir həkim kimi fiziki və mənəvi imkanlarını düzgün qiymətləndirəcək. Müsəlman respublikaları üçün xaos nəzəriyyəsində yeni bayquş paraqrafı açanların əlində Azərbaycan əleyhinə alət olmayacaq. Hər halda nə yaş, nə də baş o yanlışlığa izn verməməliydi. Amma görünür İnsanovla elə həkim dilində danışmaq lazımdır. Dərmanla, iynəylə müalicə alınmadısa deməli əməliyyat masasına çıxarmalıyıq. Beləliklə, siyasi-ictimai Əli insanovun nəzəri bədəni qarşınızdadır. Yaraq. Bayaq gördüyünüz kadrların statistik mahiyyəti barədə məlumat. Ağır cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 20.04.2007-ci il tarixli A-0360 Nömrəli hökmü üzrə verilmiş icra vərəqəsinə əsasən, məhkum İnsanov Əli Binnət oğluna məxsus olan Bakı şəhərinin Yasamal, Nəsimi, Binəqədi və Xəzər rayonları ərazisində yerləşən 11 adda daşınmaz əmlak, Mərkəzi Bankda saxlanılan 1 milyon 40 min 486 manat dəyərində qızıl-zinət əşyaları, Milli Təhlükəsizlik Nazirliyinin Maliyyə İdarəsində saxlanılan 1 milyon 309 min 295 ABŞ dolları, 884 min. Dördyüz yetmiş beş avro 8 min 984 manat məbləğində pul vəsaiti və bir ədəd avtomaşının 15 milyon 409 min 879 manat dəyərində hissəsi iş üzrə dəymiş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi isə müsadirə olunmalıdır. Sözügedən əmlaklar icra qurumları tərəfindən aidiyyəti üzrə maliyyə orqanlarına, sonuncular tərəfindən isə dərhal Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinin nümayəndələrinə təhvil verilmişdir. Bununla da ağır cinayətlərə dair işlər üzrə Azərbaycan respublikası Məhkəməsinin 20 aprel 2007-ci il tarixli A-0360 nömrəli hökmünün əmlakların müsadirəsi hissəsinin icrası 23 iyul 2014-cü il tarixdə tam olaraq başa çatdırılmışdır.

Ümumilikdə müsadirə olunmuş əmlakların dəyəri belədir:

11 adda daşınmaz əmlaklar - 3 milyon 650 min manat

523 adda qızıl-zinət əşyaları - 1 milyon 645 min 48 manat

1 adda avtomaşın 47 min manat

Nağd pul vəsaitləri 1 milyon 309 min 295 ABŞ dolları, 884 min 475 avro və 8 min 984 manat.

İndi isə İnsanovun insan və ov münasibətlərinin daha bir yırtıcı mənəzərəsi faktlarda:

Beləliklə, mülki iddianın təmin edilməsi üçün cəmi 23 milyon 372 min 37 manat 71 qəpik dəyərində daşınmaz əmlaklar üzərinə məhkəmə qərarları əsasında həbs qoyulub.

Bakı şəhəri, Səbayıl rayonu, Lermontov -121 ünvanındakı yaşayış binasının birinci mərtəbəsində yerləşən Səhiyyə Nazirliyinin Bakı şəhər 15 saylı uşaq poliklinikasının birinci şöbəsinin 354.7 kvadret metr qeyri-yaşayış sahəsi. Korrupsiyaya qarşı mübariz Əli İnsanov poliklinaknı Bayıl qəsəbəsindəki 2-ci şöbəsinin müvafiq şəraiti olmayan inzibati binasına köçürülməsi haqqında qanunsuz sərəncam verib boşaldıb, daha sonra boşaldılmış ərazini özəlləşdirməklə öz mülkiyyətinə keçirib.

Bakı şəhəri Səbayıl rayonu, Əliyarbəyov küçəsi, 3 ünvanındakı yaşayış binasının ikinci mərtəbəsində yerləşən Səhiyyə Nazirliyinin Tibbi Təchizat İdarəsi, Bakı şəhər Apteklər İdarəsi, Əczaçılıq və Tibb Sənayesi, Tibbi texnika istehsalat-ticarət birliklərinin 319.1 kvadrat metr qeyri-yaşayış sahəsi. Antirüşvət və amansız antikorrupsiant İnsanov bu bəla ilə mübarizə tədbirləri çərçivəsində 2002-ci ilin avqust ayınını 8-də azad və müstəqil surətdə, bütün qanunlara tüpürərək əmr verib və qeyri yaşayış sahəsini boşaltdıqdan sonra həmin sahənin qızı Ayla Ştelenin-Əliyevanın adına rəsmiləşdirilməsinə nail olub, faktiki öz mülkiyyətinə keçirərək, yaşayış mənzili kimi istifadə edib.

Bakı şəhəri, Səbayıl rayonu, Əliyarbəyov küçəsi-3 ünvanındakı yaşayış binasının ikinci mərtəbəsində yerləşən Səhiyyə Nazirliyinin Təxirəsalınmaz və Təcili Tibbi Yardım Stansiyasının 202.2 kvadrat metr qeyri-yaşayış sahəsi, həmin rayonun Üzeyir Hacıbəyov küçəsi-52 ünvanındakı Bakı şəhəri, endrokrinoloji dispanserinin 76.8 kvadratmetr qeyri-yaşayış sahəsi. Dispanserin diabet xəstələrinə pəhriz qida məhsullarının satışı üçün ayrılmış mağazasının fəaliyyətini əvvəlcədən düşünülmüş plana uyğun olaraq dayandıraraq, qəsdən istifadəsiz hala gətirmiş, xəstələrə xidmət sahəsini azaltmaqla, onların normal şəraitdə tibbi yardım alma imkanlarını məhdudlaşdırmış, onun guya nazirliyə lazım olmaması görüntüsü yaratmış, sahənin qanunsuz özəlləşdirilməsinə nail olub, faktiki öz mülkiyyətinə keçirmiş, gəlir əldə etmək üçün onu icarəyə vermişdir.

Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi-23 ünvanındakı Respublika Endrokrinoloji Dispanserin 378 kvadrat metr qeyri-yaşayış sahəsi. Dispanser ləğv edilərək özəlləşdirilmişdir.

Hörmətli tamaşaçılar, cərrahiyyədə bir sıra əməliyyatlar olur ki, onlar uzun vaxt tələb edir. Ona görə də İnsanovun ictimai-iqtisadi-maliyyə vücudu üzərində apardığımız əməliyyat uzun çəkəcək. Çünki bu insanın, İnsanovun korrupsiya və rüşvət radiusu, qeyri-qanuni İnsanov dövlətinin ərazisi kifayət qədər genişdir və bizim təvazökar vaxtımızın hüdudlarına sığmır. Amma söz verirəm ki, hər görüşümüzdə Sizə o nəhəng haram mülkün, əcinnə adasının hansısa hissəsini təqdim edəcəyəm. Amma bir məqam var ki, onu xüsuslə qeyd etməliyəm. Bu insan ovu uzaqda etmir. Ona etibar edilmiş səhiyyə obyektlərini caynağına keçirirmiş.

Məsələn Elmi-tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu, Yasamaldakı Stomotoloji Poliklinika, Rəşid Behbudov küçəsindəki Uşaq poliklinikası, Topçubaşov küçəsində yerləşən Qasımov adına 1 Saylı Doğum Evinin 1583. 3 kvadrat metr qeyri yaşayış və 6680.6 kvadrat metrlik torpaq sahələri, Nəsimi rayonunda yerləşən 3 Saylı Uşaq Xəstəxanasının ikinci korpusunun 1241 kvadrat metrlik qeyri yaşayış sahəsi və 1969.7 kvadrat metrlik torpaq sahələri uzun bir siyahı var ki, hər paqraf üzərində xeyli dayanmalıyıq.

Amma bizim başqa dərdimiz-sərimiz də var axı. Ona görə də İnsanovun Azərbaycan dövlətinə alternativ olaraq yaratdığı dövlətin coğrafiyası barədə gələn görüşümüzdə də danışacağıq. Amma bir fakt barədə danışmadan mövzunu qapamaq istəmirəm. Deməli, Lüksemburq Hersoqluğunun “Bank de Lüxeburq” kommersiya bankında Əli İnsanovun 1 milyon. 280 min 645 dollar 57 senti, oğlu Vidadi İnsanovun 255 min 65 avro məbləğində pul vəsaiti saxlanılır və Azərbaycanın müraciəti əsasında onlar dondurulub. Beləliklə, Əli İnsanovun məhz qara güruha pənah aparması səbəbsiz deyil. İfşa olunana qədər o belə danışırdı. Yeni Azərbaycan Partiyasına. Onun qurucularına mədhiyyələr oxuyurdu:

İfşa olunduqdan sonra isə o artıq başqa stolun başına keçib. Korrupsiya və haramçılığın canlı klassiki elə başa düşür ki, onun keçmişi hamının yadından çıxıb. Yox. Çıxmayıb və çıxmayacaq. Azərbaycan dövləti ləkəli məmur obrazından birdəfəlik uzaqlaşıb, yeni dövlət idarəçiliyi yeni təfəkkür, təmiz əl, soyuq baş, iti zəka tələb edir. Eyni maraqda və eyni marıqda dayananların ittifaqı hakimiyyət uğrunda mübarizədə heç bir təmizliyi, ədaləti qəbul etmir. Bu kadrda olanlara baxın. Çürümüş siyasi meyvələrin zövqsüz natürmortu. Onlar Azərbaycan dövlətinə müxalifətdədirlər. Ötən həftə Birləşmiş Ştatlarda zavallı siyasət qocası və peşəkarlığının klimaks dövrünü yaşayan bir jurnalistika arvadının Azərbaycan əleyhinə mətbuat konfransından danışmışdıq. Onların Azərbaycana qarşı yönəlmiş ittihamlarına tədbirdə qatılan türkiyəli bir diplomat cavab vermişdi. Cəmil Həsənli Azəbaycanı hətta FETO-ya dəstək verməkdə ittiham edəcək qədər həyadan azadlıq nümayiş etdirmişdi. Türk diplomat isə sərt cavab vermişdi. Sonradan Osmanqızı və Cəmil bu faktı inkar etməyə çalışdıllar. Amma nahaq yerə əl yazmaları kimi elə videoyazılar da yanmır. Buyurun. Azərbaycanı FETO-ya yardımda ittiham edən iki həpəndin ağzını Türkiyəli diplomat yumur:

Bir daha xatırlatmalıyam: Bu insanların və insanovların məqsədi hakimiyyətə gəlmək deyil, onlar çox gözəl başa düşürlər ki, hakimiyyətə heç vaxt gələ bilməyəcəklər. Məqsəd xaos senarisinin növbəti fəslini müsəlman respublikaları üçün modernlik, müasirlik, azadlıq və abadlıq nümunəsi olan Azərbaycana keçirməkdir. Son zamanlar təhlükəli bir tendensiyanı müşahidə edirəm. Xaos senarisinin Suriya variantını tətbiq etmək niyyətinə düşən dairələrin planlarının faş olunmasına istehza edənlər, hətta yeri gəldi-gəlmədi Suriyalaşdırılma xəttini lağa qoyanlar var. Onların nəzərinə. 2011-ci ilin əvvəlində sosial şəbəkələrin Suriyada ən çox istifadə etdiyi trend indi Azərbaycanın sosial şəbəkələrində tətbiq olunmağa başlayıb. Suriyada su qıtlığına qarşı keçirilən icazəsiz aksiyanı dağıdan ayrı-ayrı polis əməkdaşlarının şəkilləri şəbəkələrdə paylaşılır, onların linç edilməsinə çağırışlar edilirdi. Yeri gəlmişkən, replikam hüquq-mühafizə orqanlarıının diqqəti üçün də maraqlı ola bilər. Suriyada şüar belə idi, suyu vermədilər, qanını iç! Azərbaycanda iğtişaşların sosial şəbəkələrdə hazırlandığı barədə bir neçə dəfə danışmışıq. Asayişin bərpasına burda ehtiyac var. Reallığa heç bir yerilə dəxli olmayan virtual ab-havaya görə hakimiyyət artıq müxalifətlə dialoqa getməlidir. Əcəba niyə? Nə dialoquna və kimlə. Dövlət var. Onu idarə edənlər var, onun öz vətəndaşıyla qanun adında bir ünsiyyəti var. Hansı dialoqdan söhbət gedir və belə bir dialoqun predmeti nə ola bilər: Hakimiyyət portfelləri. Hansı savad və təhsillə. Axı müxalifətin istinad etdiyi bilik və texnologiyalar 90-cı illərdə ilişib qalıb. Onlar Dostun ikinci hərfi oyunca xamyak kimi fırlanmaqdan başqa heç nəyə yaramazlar da. Qaragüruhun nisbətən ağ hissəsi isə islahat getmir, islahat getmir islahat getmir deyəndə yəqin ki, İslahat sözünün yerində Prezident sözünü qoyub vird edirlər. Prezident getmir, Prezident getmir, Prezident getmir! Amma hara və niyə? Prezident bütün yeniliklərin müəllifi və bütün gələcəklərin öncülü olduğu halda hara getməlidir? İslahatlar gedir, əzizlərim, qaragüruh getmir, o getməlidir. Azərbaycan iqtidarı və Azərbaycan dövləti heç vaxt indiki qədər güclü olmayıb. Sosial şəbəkələrin aldadıcı mühitində bir-birinə yalan danışaraq İlham əliyevi guya Ayaz Mütəllibova çevirmək istədiklərini təlqin edənlər reallığa yox virtuallığa istinad etdiklərindən Əli Kərimlinin 100 minlik güruh ardınca gedib polis dəyənəyinin üstünə çıxması qədər risklidir. Yeri gəlmişkən, son zamanlar sosial şəbəkələrdə iki xətt paralel olaraq aparılır. Bir tərəfdə Osmanqızı-Əli Kərimli başda olmaqla qaragüruh “Qurtuluşunuz üçün 100 min nəfər!” tələb edir. Digər tərəfdə isə Quba iğtişaşlarının videotəsvirləri yayılır. Sanki niyə mitinqə daha çox adam yığılmalıdır sualının cavabına işarə verilir. Mütləq səbəb lazımdır. Mütləq qıcıq nöqtəsi lazımdır. Qisasa, intiqama qalxmaq üçün.

Buyurun, Qaragüruhun qisasçılğı fonunda dövləti alicənablıq, alixanımlıq daha qabarıq və ehtiramlı görünür. Qaragüruh dövləti dağıtmağa yönəli çağırışlar edir. Vətəndaşları kütləvi itaətsizliyə çağırır. Heydər Əliyev Fondu isə qaragüruh da daxil olmaqla klassik müxalifətin mənəvi lideri Elçibəyin evini təmir edir. Sanki rəmz, bir dövlət maketi olaraq. Və ya Hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması ətrafında yaradılan ajiotaja baxaq. Hadisə baş verəndən dərhal sonra qəza-qədəri sui-qəsdə bənzətməyə başladılar. Bunu kim edirdi? Əlbəttə qaragüruhun əlində olan vəsait və vasitələr. Oqtay Gülalıyevin müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürdü. Əslində məntiqlə nə baş verməliydi? Qaragüruh özündə bir elementar minnətdarlıq hissi tapıb ən azı hörmətlə susmalıydı. Amma yox. Bu gün də sətiraltılarla cəmiyyətə sızdırılır ki, bu hadisə qəsd ola bilər və Oqtayın fəaliyyətilə bağlı ola bilər. Bir halda ki, belədir, icazənizlə mən də öz versiyamı irəli sürüm. Mənə də elə gəlir ki, burada sui-qəsd elementi var. Amma bu qəsdi ortalığı qarışdırmaq istəyən qüvvələr, konkret olaraq qaragüruh və onun başında gedən kəslər törədə bilərdilər. Ona görə ki, son zamanlar hər vəchlə özünü polisin dəyənəyinə sürtən buynuz yeri gicişənlərin qarşısında qanun öz soyuqqanlılığını göstərir. Deməli, gərginliyi başqa yerdə yaratmaq lazımdır. Buyurun bu da bu. Beləliklə. Oqtayın maşınla vurulması qaragüruhun öz işi də ola bilər. Bu fərziyənin müəllifi olaraq mən də düşüncəmdə azadam və ehtimalıma hörmət tələb eliyirəm. Tunisdə özünü yandıran ərəbin ölümü ətrafında aparılan araşdırmalar müəyyən etdi ki, o əslində yanmamalıymış, özünə od vuran kimi, yaxınlıqdakı dostu onu xilas etməliymiş, ərəbin büküldüyü odeyal isə sadəcə yaş olmayıb. Bu günə qədər də bəlli deyil niyə. Amma Tunis qarışdırıldı və o ərəbin adını deyəsən elə yandığı küçəyə veriblər. Sonda gəlin sizə Le Fiqaro qəzetindən maraqlı bir məqalə oxuyum. Daha doğrusu bir neçə parça. Burdan biz bəzi mətləbləri daha yaxşı anlaya biləcəyiik.

“Le Figaro" qəzetinin 5 noyabr 2019-cu il sayında dərc edilmiş məqalə

«Fransada İslam, həll yolları zamanı, dərhal hərəkətə keçmək üçün 35 təklif». Bu, Thomas More İnstitutu adlı « Liberal-mühafizəkar » və Avropayönümlü düşüncə mərkəzinin son hesabatının başlığıdır. İnstitut « Fransada İslamın doğurduğu çağırışları» dünyəvilik, baş örtüyü, qapalı çimərlik paltarı, məscidlərin maliyyələşdirilməsi, radikal din xadimləri, məktəb gəzintiləri, yeməkxanalar, dövlət xidmətlərində radikallaşma, vicdan və ifadə azadlığı və icma yönümlü tələblər kimi məsələlər prizmasından nəzərdən keçirir və bir sıra tədbirlər təklif edir. Dünyəviliyi daha yaxşı qorumaq. Hesabat, fransızsayağı dünyəviliyi xristian köklərə və milli adətlərə əsaslanmaqla vətəndaş cəmiyyətinin və dini cəmiyyətin ayrılması, Dövlətin heç bir dini səlahiyyət, Kilsələrin isə heç bir siyasi səlahiyyətə malik olmaması kimi müəyyən olunmasını və bu tərifin Konstitusiyada təsbit edilməsini irəli sürür. Mövcud olan qanunları tətbiq etmək. Thomas More İnstitutu 1905-ci il qanunda hər-hansı dəyişikliyi rədd edir. 1901 və ya 1905-ci il qanunları ilə idarə edilən ibadət yerlərinə hər-hansı birbaşa və dolayı dövlət dotasiyası verilməməlidir və onlar öz hesablarını təsdiq etdirməli və ictimaiyyətə açıqlamalıdırlar. Onların xüsusi heyətləri məzhəb polisində qeydiyyata alınmalı, din xadimlərinə daha yaxşı nəzarət edilməlidir. Məktəbdə dini əsaslı menyuların qadağan edilməsi, məktəb vaxtının təyinatı ilə bağlı icazəli fərqlərin ləğvi və heyvanların kəsilmədən öncə keyləşdirilməsi kimi tədbirlər də burada əks olunmuşdur. Radikallaşmaya qarşı daha yaxşı mübarizə aparmaq. Burada Dövlətə və siyasi sinfə ünvanlanan 13 tədbir təklif olunur. Burada, yetkinlik yaşına çatmış qadının ictimai yerdə baş örtüyünü çıxarmaqdan imtinaya görə cəzalandırılması, qapalı çimərlik paltarı geyməyin qadağan olunması, azyaşlıların baş örtüyündən istifadəsinin qadağan olunması, bütün bədəni əhatə edən örtüyün istifadəsi üçün cəza tədbirlərinin daha da sərtləşdirilməsi əks olunmuşdur. Fransa Müsəlman Dini Şurasını artıq səmərəli və təmsilçiliyə əsaslanan tərəf müqabili hesab etməmək, dini assosiasiya və məscidlər kimi yerli qurumlar yanında dövlət nəzarətini artırmaq və nəzarət altında olan qurumları tərəf müqabili kimi qəbul etməklə bağlı Dövlətə çağırış edilir. Nəhayət, hesabat Fransa dövlətinə BMT İnsan Hüquqları Komitəsinin ideoloji, siyasi və diplomatik təzyiqlərinə müqavimət göstərməyi təklif edir. Habelə, Şəriətin Avropa İnsan Hüquqları Konvensiyası ilə bir araya sığmadığını təsdiq etməyənədək, Avropa İnsan Hüquqları Məhkəməsini denonsasiya etməyi təklif edir.

Belə. Müsəlmanlar üçün əslində bu çərçivə modeli müəyyənləşdirilir. Onların dekorasiyasına, rejissor mizanına görə Azərbaycan müsəlmanları qara olmalıdır. Lap bizim qara güruh kimi. Görünür qan çəkir. Amma biz qandan çəkinməliyik".

шаблоны для dle 11.2

Xəbər lenti
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025