Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (15-08-2014, 16:40)
Yunanıstana müalicəyə aparılan 21 azərbaycanlı əlil orada baxımsız qalıb

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


“Yunanıstana müalicə almaq üçün getmişdim"

 

"Amma 40 dərəcə qızdırma ilə geri qayıtdım. Yaralarım açılmışdı, ağrılarım şiddətlənmişdi. Bizə yardım edən, dərman verən olmadı. Orada o qədər hörmətsizlik gördük ki...”
Bunu virtualaz.org saytına açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Yunanıstanın Saloniki şəhərindəki “Anagennisi” tibbi-reabilitasiya sanatoriyasına müalicəyə göndərilən əlil Elmar Şükürov deyib.
Qeyd edək ki, iyulun 13-də 21 əlil Yunanıstanın Saloniki şəhərindəki “Anagennisi” tibbi-reabilitasiya sanatoriyasına göndərilib. Nazirliyin açıqlamasında bildirilirdi ki, sanatoriyada tibbi innovasiyalar geniş tətbiq olunduğu üçün burada aparılan müalicə kursu əlillərin səhhətinə faydalıdır, hətta bu müəssisədə reabilitasiya kursu keçənlərin səhhəti tam yaxşılaşır.
Avqustun 10-da geri dönən əlillər isə bunun əksini iddia edirlər.
İmişli şəhəri, Lətif Vəliyev küçəsi, 57 ünvanda yaşayan I qrup əlil Elmar  Şükürov Yunanıstandakısanatoriyada gördüklərindən şok yaşadığını deyir: “Atam Çernobıl əlilidir, 24 yaşlı qardaşım da əlildir. Mən isə ağır qəza nəticəsində onurğamdan zədə almışam. İndi əlil arabasındayam. Almaniya və ya İsraildə tam müalicəm mümkündür. Elə bu məqsədlə də nazirlikdən kömək istəmişdim. 25 yaşım var, müalicə olunacağım təqdirdə ayağa durub xəstə atama və qardaşıma baxa bilərəm. Məni Yunanıstana müalicəyə göndərdilər”.
Şükayətçi deyir ki, Yunanıstandakı sanatoriyada müalicə ümidləri puç olub: “Sanatoriya deyəndə ki, həmin müəssisə qocalar evi tipli bir yer idi. Biz orada gənc əlillə rastlaşmadıq. Biz yalnız  masaj, tok, bir də idman müalicəsi aldıq. Əl hərəkətləri ilə idman etdirirdilər. Digər müalicə prosedurları isə pullu idi. Həftədə bir neçə dəfə dəniz kənarına aparırdılar, ac-susuz dənizə tamaşa edirdik. Bəziləri çimirdi, biz azərbaycanlılar isə oturub baxırdıq”.
E.Şükürovun sözlərinə görə, 28 gün ərzində dəfələrlə xahiş etsə də yaralarına dərman sürtməyiblər: “Tərcüməçimiz yox idi. Hansısa şirkətdən Samirə adlı xanım da bizimlə getmişdi. Amma bir həftə sonra geri qayıtdı. Bu xanım elə bil alverə getmişdi, bizimlə deyil, dükan-bazarla maraqlanırdı. Dil bilmədiyimiz üçün dərdimizi heç kimə deyə bilmirdik. Mənim qızdırmam qalxmışdı, yaraların açılmışdı. Oradakı həkimlərdən yod istəmək üçün üç gün çalışdım, amma başa sala bilmədim. 21 azərbaycanlı əlildən heç kimə dərman vermədilər.
Hətta aramızda Vüsal adında bir cavan xəstə vardı. Tez-tez ürəkkeçməsi olurdu, amma kömək etmirdilər, ona da dərman verilmirdi. Nazirlik belə xəstələri ümumi əlillərlə göndərməməlidir. Ürəkkeçməsi olanlar yaxınlarının köməyi ilə xaricə gedə bilərlər. Təsəvvür edin, hava limanında Vüsalın qıcolması tuturdu, dili qatlanırdı, biz isə ona kömək edə bilmirdik. Onun ürəkkeçməsi səhnəsini videoya çəkdilər ki, nazirliyə göstərsinlər”.
Sanatoriyadakı yeməklərdən narazılıq edən əlil söyləyir ki, 28 gün ərzində 350 avro xərcləyib: “İylənmiş ətdən yemək hazırlayırdılar, yeyə bilmirdik. Buna görə də yeməyi, suyu özümüz alırdıq. Məsələn, bir şüşə “Fanta” üçün 2 avro xərcləyirdik”.
Şikayətçi Salonikidən Bakıya yola düşdükləri gün sanatoriyadan zorla çıxarıldıqlarını dedi: “Hava limanında axşam saat 9-da olmalı idik. Amma günortadan bizi sanatoriyadan çıxardılar. 4-5 saat hava limanında gözlədik. Bizimlə çox pis rəftar edirdilər. İstidə əlil arabasında küçələrdə qaldıq”.
E.Şükürov Yunanıstanda gördükləri müalicənin Bakıda Əlillərin Bərpa Mərkəzində mümkünlüyünü, bunun üçün xaricə getməyə ehtiyac olmadığını deyir: “Əksinə, Bakıdakı müalicə reabilitasiya mərkəzində müalicə daha üstündür. Hətta əlavə prosedurlar da var. Bizi Yunanıstana masaj və ya toka görə niyə göndərirdilər? Yunanıstan deyəndə ki, ora bizim Sabirabaddan fərqlənmir”.
Siyəzən rayonu, Balaca Həmyə kənd sakini, 22 yaşlı Təhməz Hümbətov da narazılar arasındadır: “2012-ci ilin iyun ayında avtomobil qəzasında ağır yaralanmışam. I qrup əliləm, əlil arabasındayam. Dedilər ki, Almaniyada xəstəliyimin müalicəsi mümkündür. Elə buna görə də nazirliyə müraciət etmişdim. Amma məni Yunanıstana göndərdilər. Orada masaj və idman hərəkətləri etdirirdilər. Bizə hovuza girməyə icazə vermirdilər ki, sidiyiniz axar, əgər hovuzu batırsanız, onda 1000 manat cərimə olunacaqsınız. Əlilləri yığıb dəniz kənarına aparırdılar ki, müalicə olunursunuz. Dəniz bizi müalicə etsəydi, elə Xəzərin kənarına gedərdim. Orada olanda nə bir dərman, nə də iynə gördük”.
T.Hümbətovun sözlərinə görə, həkim ondan təkrar rentgen müayinəsindən keçməsini istəyib: “Bir ay əvvəl rentgen olunmuşdum. Dedilər ki, sanatoriyaya pul keçirib təkrar rentgen müayinəsi etsinlər. Amma pulum olmadığı üçün razılaşmadım. Yunanlar Azərbaycanda edilən müayinələrə, analizlərin cavabına baxmadılar. Analizlərin cavabı bir həftə masanın üstündə qaldı. Həkimin üzünü görmürdük, dərdimizi çatdırmağa tərcüməçi tapmırdıq”.
Hazırlanan qidalardan kəskin iy gəldiyini deyən T.Hümbətov apardığı 400 dolları yeməyə xərcləyib: “Oradakı yeməkləri yeyə bilmirdik, elə bil ət iylənirdi. Mən Bakıda müalicə almışam, bizim müalicə reabilitasiya mərkəzlərində yemək də, müalicələr də yaxşıdır, bizdə yalnız hovuz yoxdur. Qalan bütün müalicələr Azərbaycandakı reabilitasiya mərkəzlərindəkilərlə eynidir, hətta daha keyfiyyətsizdir. Məni Almaniyaya göndərsinlər ki, dərdimə əlac olsun, sağalıb ayağa durum”.
Baba Babayev də həyat yoldaşı ilə birgə sanatoriyaya müalicəyə göndərilib. Deyir ki, nazirlik gedənlərin yanında mütəxəssis və ya nəzarətçi göndərsəydi, belə problemlər də yaranmazdı: “Müayinədən keçmək üçün əlavə pul ödənilməli idi. Azərbaycandan gedənlər gün ərzində yalnız bir saat müalicə ala bilirdi. Yəni masaj, tok bir saata yekunlaşırdı. Amma yanımızda nəzarətçi olsaydı, vəziyyətimiz haqqında məlumat verərdi, digər prosedurlara da girərdik. Sanatoriyada müasir avadanlıqlar vardı, amma bizi ora buraxmırdılar”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə əlillərin səsləndirdiyi bu ittihamlara cavab verib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev virtualaz.org saytına bildirdi ki,  AzərbaycandanYunanıstanın Saloniki şəhərindəki “Anagennisi” reabilitasiya mərkəzinə bərpa müalicəsinə göndərilmiş bir qrup əlildən bəzilərinin həmin mərkəzdə aparılan müalicə prosedurları və göstərilən xidmətlərlə bağlı iradları əsassızdır: “2005-ci ildən fəaliyyətə başlayan və mükəmməl maddi-texniki bazaya malik olan bu mərkəz qısa bir zamanda Avropa və dünyanın ən yaxşı beşulduz səviyyəli təsisatına çevilib. Peşəkar fəaliyyətlərinin məntiqi davamı kimi 2014-cü ildə “Dünyanın ən yaxşı hospitalı” (“Best Hospital Worldwide-2014”) nominasiyası üzrə qalib elan olunub. Mərkəz 230 yataq sayına sahib olmaqla 2013-cü ilin iyul ayınadək 12000 pasiyent qəbul edib.
Müalicə məqsədilə “Anagennisi” reabilitasiya mərkəzinə göndərilən xəstələr müqavilə şərtlərinə əsasən 27 gecə/28 gün ərzində müalicə kursu keçiblər. Müalicə günlərinin sayı mərkəzin reabilitasiya proqramına və müqaviləyə əsasən 20 günü əhatə edib. Hər bir pasiyent mərkəzə yerləşdiriləndən sonra həkimlər tərəfindən fərdi şəkildə qəbul olunub, diaqnoz və xəstəliklərinə uyğun müalicə kursu və prosedurları təyin edilib”.
E.Babayevin sözlərinə görə, “Anagennisi” reabilitasiya mərkəzində əlillərlə bağlı həyata keçirilən müalicə prosedurları bunlar olub: 27 gecə/ 28 gün ərzində reabilitasiya kursunun realizasiyası, funksionalistin konsultasiyası, hidroprosedurlar, müalicəvi idman prosedurları, müalicəvi reabilitasiya kursu bitdikdən sonra xəstənin funksional vəziyyətinin dəyərləndirilməsi və bundan sonra lazımi hallarda növbəti reabilitasiya kursunun təşkili, reabilitasiyanın nəticələrinin dəyərləndirilməsi: “Hovuza buraxılmayanlar açıq sidik kisəsi və açıq yarası olan xəstələr olub. Belə problemli xəstələr hovuza buraxıldıqda digər xəstələrin həyat və sağlamlılığına təhlükə törədə bilərdi. Digər xəstələr orada olduqları müddətdə öz istəklərinə və qrafikə uyğun olaraq hovuzdan istifadə etmək imkanına malik olublar. Xüsusi olaraq bu qrup üçün mərkəz tərfindən rus və türk dillərini bilən tərcüməçilər təyin edilib.
“Anagennisi” reabilitasiya mərkəzi xəstələrin diaqnoz və müalicə planına əsasən ən müasir müalicə metodları və avadanlıqları ilə öz vəzifəsini həyata keçirib.
Vurğulamaq istərdik ki, “Anagennisi” reabilitasiya mərkəzində dayaq-hərəkət funksiyalarının bərpası üçün xüsusi hazırlanmış əsasən fizioterapevtik müalicə metodları həyata keçirilir. Lakin bunu nəzərə almayan ayrı-ayrı əlillər mərkəzin müalicə profilinə uyğun olmayaraq müxtəlif növ xəstəliklərinin  (boğaz, qarın və ya qulaq ağrısı və s.) müalicəsini tələb ediblər ki, bu da mümkün deyil. Eyni zamanda bu reabilitasiya mərkəzinin ödənişsiz rentgen və digər bəzi xidmətləri göstərmək öhdəliyi yoxdur. Lakin buna baxmayaraq ölkəmizdən göndərilmiş əlilliyi olan şəxslərə mərkəzdə bir cox əlavə test və digər xidmətlər ödənişsiz olaraq göstərilib.
Mərkəzin Avropa standartları səviyyəsində özünəməxsus ictimai iaşə xidmətləri mövcuddur. Təbii ki, Avropa və Azərbaycan mətbəxləri və insanların uyğunlaşdığı dadlar müxtəlifdir. Buna görə də burada hər bir xəstənin istəyinə uyğun yemək növü hazırlanması imkansızdır. Lakin bununla belə verilən bütün yeməklərin əksər hissəsi xəstələr tərəfindən yeyilib və bunun sübutları da var.
Ürəkkeçməsi olan xəstələrə dərman verilməməsi faktı isə təsdiqlənməyib və bununla bağlı irad tam əsassızdır.
“Anagennisi” reabilitasiya mərkəzinin xəstələri ödənişsiz heç bir dərman ləvazimatları ilə təmin etmək öhdəliyi yoxdur. Çünki qeyd olunduğu kimi, bu mərkəz sırf fizioterapevtik müalicə prosedurları həyata keçirir və burada dərmanla müalicə üsulları tətbiq olunmur. Dərman preparatları lazım gəldikdə xəstələrin öz vəsaitləri hesabına alınmalıdır. Bu, xəstələrə əvvəlcədən bildirilir. Bununla belə, mərkəzdə yüksək hərarəti olan xəstələr dərmanların ödənişlərini ödəməkdən imtina etmələrinə baxmayaraq bütün lazımi antibiotiklərlə pulsuz təmin ediliblər. Azərbaycandan gedən əlilliyi olan şəxslərin ölkəmizə qayıdışı 09 avqust, 2014-cü il tarixdə Türk Hava Yollarınin TK 1894 saylı reysi ilə, uçuş qrafikinə əsasən saat 20:50 də həyata keçirilməli idi. Mərkəzdən çıxış isə 16:00-da həyata keçirilib və əlillər saat 17:00-da hava limanına çatdırılıblar. Hava limanı və beynəlxalq uçuş qaydaları, habelə bir sıra xəstələrin əlil arabasında olması nəzərə alınaraq hava limanına bir qədər erkən gəliş və 3-4 saat öncə qeydiyyat təmin olunub. Hava şərtləri ilə əlaqədar THY 1 saat 45 dəqiqə gecikmə ilə uçuşunu həyata keçirilib.
Göndərilən xəstələrdən birinin mərkəzin hansısa əməkdaşı tərəfindən vurulması faktı baş verməyib. Mərkəzdə də belə bir fakt qeydə alınmayıb. Əgər belə bir hadisə baş vermişdisə, niyə yerindəcə dərhal məlumat verilməyib?
“Anagennisi” reabilitasiya mərkəzi əlilliyi olan şəxslərin bərpa müalicəsinin aparılmasında hər hansı nöqsana yol verməyib, əlilliyi olan şəxslərə daim səmimi və qayğıkeş münasibət göstərib”.
Qeyd edək ki, əlillərin Azərbaycandan Yunanıstanın Saloniki şəhərindəki “Anagennisi” reabilitasiya mərkəzinə bərpa müalicəsinə göndərilməsini “Millennium Tourism & Congress DMC” şirkəti həyata keçirib.
Şirkətin rəsmi internet səhifəsində göstərilir ki, kompaniya dünyanın bütün ölkələrinə fərdi və qrup turları təşkil edir. Şirkət Yunanıstana da səyahət, bundan əlavə, avtomobillərin kirayəsini, otellə təminatı da təklif edir.
Şikayətçilər şirkətin nümayəndəsini ittiham etsələr də nazirliyin açıqlamasında bu ittihama toxunulmayıb. Şirkətdən də məsələ ilə bağlı açıqlama vermək istəmədilər. 
Əlillərin müalicə-reabilitasiyası üçün nazirlik tərəfindən ödənilən məbləğlə bağlı əsas suallarımız da cavabsız qaldı.
Bütövlükdə isə nazirlikdən verilən cavab (yeri gəlmişkən, qərəzsizlik prinsipinə sadiq qalıb bu cavabı olduğu kimi təqdim etdik-red.) öz qəribəliyi ilə seçildi. Bizim öz ölkəmizin dipdiri vətəndaşları Yunanıstandakı sanatoriyada üzləşdikləri biabırçı rəftarı öz dilləri ilə canlı-canlı, açıq şəkildə deyirlər, problemin nədən ibarət olduğunu, orada baxımsız qaldıqlarını söyləyirlər. Nazirlik isə öz ölkəsinin vətəndaşlarının şikayətləri ilə bağlı müvafiq araşdırma aparmaq, Yunanıstan tərəfindən bununla bağlı izahat tələb etmək əvəzinə həmin yunan müəssisəsinə tərif vurur, onun şənindən ağızdolusu danışır. Bu tərifin arxasında hansı marağın dayandığını öyrənməyi isə növbəti yazılarımıza saxlayırıq.
Tibb müəssisələrində istehlakçı hüquqlarının müdafiəsi komissiyasının sədri Əhməd Rəhmanov isə virtualaz.org saytına bildirib ki, xaricə müalicəyə göndərilənlərlə müqavilə bağlanmalıdır. Onlar Azərbaycandan gedərkən həmin ölkədə hansı müalicə alacaqlarını əvvəlcədən bilməlidir: “Xaricdə müalicəyə göndərilənlər məlumatlandırılmalıdır. Onlar bilməlidir ki, masaj, idman və ya hansı müalicələri alacaqlar. Bundan əlavə, ölkə daxilində bu müalicə prosedurları mümkün olduğu halda əlavə vəsait xərcləməyə ehtiyac yoxdur”.
Qeyd edək ki, bu ilin iyun-avqust aylarında Azərbaycandan ümumilikdə 76 əlilin həmin mərkəzdə 28 günlük bərpa-müalicə kursu keçməsi nəzərdə tutulub.
Mövzuya qayıdacağıq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024