Sosial (1-07-2014, 18:44)
Bakıda avtobus sürücüləri etiraz aksiyasına başladı
“Mediatv.az” “ans press”ə istinadən xəbər verir ki, “Transqeyt” şirkətinin rəhbərliyi altında olan 1 saylı avtobusun sürücüləri kütləvi şəkildə etiraz aksiyası keçirir. Təxminən 50 sürücü artıq iki gündür ki, işləməkdən imtina edir. Sürücülər “Transqeyt” şirkətinin və rəhbərliyin onlara qarşı qəddarlıq nümayiş etdiklərini bildirirlər. Sürücülər bildirirlər ki, şirkət onları qul yerinə işlədir.
1 saylı avtobusun sürücüsü Aftandil Əliyevin ANS PRESS-ə şikayətində bildirib ki, hər il yay aylarında gündəlik plan aşağı salınırdı. Lakin indi plan aşağı salınmayıb.
“Bizi çox incidirlər. Gündəlik 132 manat plan tələb edirlər. 95 manat yanacağa, 15 manat da digər xərclərə çıxır. Bizə heç 20 manat da qalmır. Bəs biz adam deyilik? Bizi qul kimi işlədirlər. Bizi adam yerinə də qoymurlar. Deyirlər avtobusu necə oldu sürün, haradan istəyirsiz keçin, amma planı vaxtında çatdırın. Biz istəyirik ki, planda bizə güzəşt olunsun”, - deyə Aftandil Əliyev bildirib.
Sürücülər güzəşt olunmadığı təqdirdə Prezident Administrasiyasına şikayət edəcəklərini də əlavə ediblər.
Məsələ ilə əlaqədar “Transqeyt” MMC-nin direktoru Nurəddin İsmayılov ANS PRESS-ə şikayətlərin əsassız olduğunu bildirdi. Onun sözlərinə görə, hazırda plan aşağı salınıb. Onlardan gündəlik 132 manat yox, 120 manat alınır.
“Bilirsiz ki, bu Bakıda ən yaxşı sərnişin avtobusudur. Sürücülərin şikayəti haqsızdır”, - deyə Nurəddin İsmayılov bildirib.
Şirkət rəsmisinin sözlərinə görə, onlara təzyiq olunmur. “Hər bir sürücünün yol vərəqəsində qeyd olunub. Gündəlik 120 manat, yanacağa isə 65 manat xərclənir. Cəmi 23 avtobus var. Avtobusların qrafiki 5 dəqiqə arasında dəyişir. Demokratik ölkədə yaşayırıq. Heç insanları incitmək olar? Bu ayın 10-da planı bir az da aşağı salacağıq”, - deyə Nurəddin İsmayılov əlavə edib.