Sosial / Slayd (25-06-2014, 13:36)
İlqar Əlfi: “Hər imkanlı yanında cadugər saxlayır”
Mediatv.az bildirir ki, Modern.az-ın “XXI əsrin adamı” rubrikasında müsahib uzun müddət dövlət televiziyasında, hazırda isə APA TV-də fərqli formatlı teleproqramla tamaşaçıların görüşünə gələn tərcüməçi-publisist İlqar Əlfioğludur.
- Sabirin dövründəki insanları əsr dindirə bilməmişdi. Biz indi heç olmasa pıçıltı ilə də olsa əsrin səsinə səs verə bilirikmi?
- “Əsrin səsi” deyirik... Amma fərqinə varmırıq ki, bu səs heç də yekcins deyil, onun içində səslər çoxdur. Əsrin mənfili-müsbətli, bütün notları mozaik parçalar kimi bir not dəftərinə yazılır və onun canlı musiqisini yaradır. İndi biz ilk növbədə bu musiqinin bizə hansı ismarıclar göndərdiyini aydınlaşdırmalıyıq ki, sizin təbirinizlə desək, ona heç olmasa, pıçıltıyla cavab verə bilək. 21-ci əsr bizə hansı ismarıclar göndərir? Ümumiyyətlə, biz hansı dövrdə yaşayırıq, hansı dövrə gedirik? Mənə qalsa, deyərdim ki, bəşəriyyətin bu dərəcədə çaşqın və çarəsiz qaldığı dövr bütün tarix boyu olmayıb. Özü də söhbət tək bizdən getmir. Bir ətrafınıza baxın, baş verənlərə diqqət yetirin. Bəşəriyyət iflas ərəfəsindədir. Söykəndiyimiz mənəvi dəyərlər sarsılıb, ideal sandığımız və tətbiq etdiyimiz tərbiyə sistemlərindən gözləntilərimiz vardı - ala bilmirik, hamısı puça çıxır... 20 il bundan qabaq övladlarımız dinə meylləndi – sevindik. Elə bilirdik din, inanc, iman onları hidayət edəcək, özlərini tanıyacaqlar, bu dünyaya niyə gəldiklərinin fərqinə varıb, səhv yola qədəm basmaqdan sığortalanacaqlar. Amma bir də onda ayıldıq ki, həmin o “Əsrin səsi ” içində onların eşitdiyi bizim eşitdiklərimizdən tam fərqli imiş... Təriqətçilik, cahillikdən doğan barışmazlıq, haqq bildiyini zor gücünə qəbul etdirmək, yalançı mənəvi dəyərlər uydurub, onların həyata keçməsi naminə vuruşmaq, hətta qan tökmək... Yaş artdıqca insan dərk edir ki, biz faili-muxtar yaradılsaq da, bir alətik. Özü də elə özümüz kimilərin aləti. Biz Yaradanın ümidlərini doğrultmadıq, qulağımıza çalınan həmin o musiqinin içindəki səsləri saf-çürük etməyə, həqiqətə doğru fəhmlə getməyə özümüzdə zəka, güc, təqva tapmadıq və primitiv bir alətə çevrildik. Bu çox acınacaqlıdır.
- Niyə XXI əsrin azərbaycanlısı hələ də XX əsrin əvvəllərində var olan “Molla Nəsrəddin” jurnalının səhifələrində yaşayır?
- Bu mental məsələdi. Bəli, 20-ci əsrin “Molla Nəsrəddin” jurnalının səhifələrindən 21-ci əsrə boylanan yenə bizik və burda təəccüblü heç nə yoxdur. 100 ilə xalq fundamental səviyyədə dəyişə bilməz. Empirik yolla, min-min illər ərzində qazandığımız yüzcə ildə necə dəyişə bilər? Və dünyada kim dəyişdi, biz qaldıq ki?.. İnsan ömrü çox qısadır. 100 il ona görə bizə çox gəlir. 100 il ona görə bizə çox gəlir ki, həyatımızı dəyişən kəşflərin çoxu son yüzilliklə bağlıdır. Amma mentalitet məsələsində 100 il bir neçə əhəmiyyətsiz, ötəri ştrix artırıb-azalda bilər – başqa heç nə.
- XXI əsrin yeriyən azərbaycanlısı ibtidai icma və quldarlıq dövrünün stereotipləri ilə düşünəndə ən çox nəyə və kimə zərbə vurur?
- Stereotiplərlə düşünmə insanı həmişə gücsüz edir – istər ibtidai icma, istər quldarlıq, feodalizm, sosializm, istərsə də kapitalizmin stereotipləri olsun. Bu formasiyaların hamısı həyat tərzinə gətirilən yeniliklərlə bağlı üstqurumdur və ilkin deyil. Düşünən insanda ilkin olan həyatının mənasını axtarmaqdır. Yəni məhz bu axtarışdır onu heyvandan fərqləndirən. Yaradan bizə də, heyvanlara da düzgün yaşamaq, həyatda uğur qazanmaq üçün nə lazımdırsa hamısını verib. Amma bizə üstəlik şüur da verib və bununla da sınağa çəkib. Biz içimizdə olan İlahi ədalət hissini məhz şüurumuzun ucbatından itirmişik. Və indi düşünənlərimiz demək olar ki, hər gün heyvanlara heyran qalır, onların həyat harmoniyasına həsəd aparır. Niyə heyvanlar ədalətsizlik etmir? Niyə yırtıcılar yeyə biləcəyindən artıq ovlamır? Niyə heyvanlar bizdən mərhəmətlidirlər? Niyə insanların böyük bir qismi öləndə, heyvan kimi asan can verə bilmir? Niyə həyatın məntiqi və ən gözəl nəticəsi olan ölümü bir bəla, bir haqsızlıq kimi qəbul edir? Niyə heyvandan fərqli olaraq, insan öz həyatından daim narazı qalır və bu narazılığına baxmayaraq, yenə ölmək istəmir? Bax, bunların üzərində düşünməyə dəyər...Və düşünənlər bəşəriyyətin bütün dövrlərində olub.
- Ümumiyyətlə, düşüncə nədir? İnsan onunla ən çox nə edir: sürünür, uçur, yoxsa üzür?
- Düşüncə şüuru formalaşdıran, insanı qat-qat güclü etmək potensialına malik yeganə alətdir. Biz əslində, Yaradanı da düşünərək tapmışıq, tanımışıq. Düşüncə bizə deyir ki, indi sivilizasiya özünün tamam fərqli dövrünə qədəm basıb. Əgər indiyədək insan maddiyyat dalınca qaçaraq, təcrübə toplayırdısa, artıq bu maddi resursları mənəviyyatın kamilləşməsinə yönəltmək zamanıdır. Bütün tariximiz sübut edir ki, maddiyyat insanın heç bir mənəvi tələbatını ödəmək gücündə deyil. Mənəvi tələbatın ödənməsi sırf mənəvi kamilliklə bağlıdır. Yaradanın da bizdən gözləntisi budur, yoxsa şüuru, düşünmək bacarığını niyə verirdi ki bizə? Bax, bizə verilən həmin o düşüncəylə indi sürünənlər də var, üzənlər də... Amma bunlardan əlavə, üstəlik uçanlar da var. Sürünənlər insanın özünün yaratdığı problemlərin girdabında çaşqın qalanlar; üzənlər həyatın mənasını anlamadan, sadəcə çəmini tapıb, axına düşənlər; uçanlar isə öz boyundan boylanıb, qabağı görə bilənlər, həyatdan umacağının nə olduğunu dəqiq müəyyən etmiş insanlardır və yolundan azmış cəmiyyətlərdə elələrinə ünvanlanan ən yüngül ifadə “axmaq adam” olur.
- Cəmiyyətimizə bu günün insanları çox darıxır. Onlar ən çox nədən darıxırlar: yoldaşın olmamasından, yoxsa yolun yoxluğundan?
- Əslində yoldaş da var, Yol da. İnsanların böyük əksəriyyəti sadəcə olaraq, Yolu görmür. Birisi onlara nişan verəndə belə, Yola aparan daş-kəsəkli cığırların ağırlığından qorxur, diskomfort yaşamaq istəmir... İnsan ən çox nədən darıxır? - Yaşadığı hər anın onu həyatın sonuna yaxınlaşdırmasından. İnsan ən çox nə üçün darıxır? - Özünün uşaqlığı üçün. Çünki həyatın sonunu uzaqlaşdırmaq onun ən böyük arzusudur. Kamil insan isə ömrünü elə yaşamağa çalışır ki, onu bir də, başdan keçmək mənasız olsun. Onun üçün həyat bir sınaqdır və belələri ömrünün sonunda buraxılış imtahanından əla qiymət almış uşaq kimidir – onu eyni imtahana bir də sala bilməzsən. Kamil insan həyatının sonunda topladığı təcrübəni ümumbəşər matrisasına əlavə etməyə, qazandığını verib, getməyə tələsir...
- Allaha gedən yolun üzərində ən böyük maneə nədir?
- Bütün yollar onsuz da Yaradana gedir, onun dərgahına aparır. Bu yolda ən böyük maneə isə cəhalətdir. Cahil adam özünü tanımaz və özünü tanımazsa, Allahı da tanıya bilməz. Biz Xaliqin ən sevimli məxluquyuq və özündə qiymətləndirdiyi bir nəsnədən bizə də pay verib. O, yaratmaq qabiliyyətidir. Yaradan sevgiylə yaratdığını da yaradan görmək istəyib. Özü yaradıcılıqdan zövq aldığı üçün istəməyib sevimli məxluqu bu zövqdən məhrum olsun. Bu sadə həqiqəti dərk etməyənlər yaratdıqlarına baxıb, təşəxxüs azarına tutulurlar, onlarda böyüklük, əvəzolunmazlıq maniyası yaranır. Elə bilirlər ki, gücləri varsa, insanların necə yaşamalı olduğunu diktə etmək haqqı da onlara məxsusdu. Əmindirlər ki, hər şeyin düzünü yalnız özləri bilir. Bunların hamısı ancaq təşəxxüsdən, xudpəsəndlikdəndir. Odur ki, Yaradana aparan yolda ən böyük maneələrdən ikincisi, məncə, elə təşəxxüsdür. Bir də ki, nəfs. Nəfsi də insana Yaradan verib ki, meyli çəksin, onun üçün yaradılmış nemətlərdən dada bilsin. Amma həm də xəbərdar edib ki, qalib insan nəfsinə üstün gələndir. Nəfs özü də bir Tanrı sınağı, bir məhək daşıdır. İnsanın başı bu daşa dəyəndə, real qiyməti bilinir.
- Kosmosdan xaosa düşən insan metafizik səyahətlə özünü necə xilas edə bilər?
- Kainatın ilahi bir düzəni var – bu artıq texniki vasitələrin yardımıyla isbata yetirilmiş bir həqiqətdir. Eyni düzən bu Kainatın içində bir qum zərrəciyi olan planetimiz üçün də qurulub və əslində dünyamızın dağılmamasına səbəb də odur. Amma biz ətrafımıza baxanda, bu düzəndən əsər-əlamət görmürük. Niyə? Çünki bu düzəni insan özü, öz ziyanlı fəaliyyəti nəticəsində pozur. Fundamental səviyyədə pozmağa gücü çatmasa da, üstquruma bacardığı kimi müdaxilə edir. Yadınızdadırsa cəmi əlli il qabaq insan özünün təbiət üzərində qələbəsiylə fəxr edirdi. İndi təzahürünü gördüyümüz, hiss etdiyimiz xaos da elə həmin yalançı qələbələrin bəhrəsidir. İndi biz əhalinin artmasından, planetin resurslarının insanlara yetməyəcəyindən qorxuruq. Bizdə dəhşətli bir istehlakçı iştahası formalaşıb - əlimizə artıq pul düşdümü, fərqinə varmadan gərəksiz, amma reklamlar vasitəsiylə beynimizə yeridilən malları alırıq. Yer üzündə ziyanlı texnologiyalar tətbiq edib, təbiətin, insan sağlamlığının anasını ağladıb ərzaq bolluğu yaratmağa çalışırıq və fərqində də deyilik ki, hal-hazırda istehsal edilən ərzağın azı 30 faizi itkiyə gedir. Bir zamanlar, ən ibtidai dövrlərimizdə riayət etdiyimiz qənaət qanunlarını çoxdan unutmuşuq. Yer üzündə həyatın mənbəyi olan su ehtiyatlarının tükənəcəyinin, dünyada içməli su üstündə başlanacaq qanlı müharibələrə bir şey qalmadığını anlamırıq... Metafizik səyahət bütün bunları anlamaq üçün vasitədir. Ruh adamları insan əliylə yaranmış xaotik düzəndən qalxmalıdırlar ki, İlahi düzənin konturlarını görə və göstərə bilsinlər. Hər gün bir az da gec olur. Bu konturlar bilinməsə, biz səhvlərimizi düzəldə bilməyəcəyik.
- Şüurdan kənarda nə var? Bütün fantastlar sizcə şüurdan xilas olub şüur üstünə hərəkət fonunda yazdılarmı?
- İnsanda şüurdan kənar bir İlahi şüur var. Bəşəriyyətin qabaqcıl nümayəndələri o şüurun məntiqini anlamaq üçün zaman-zaman insan şüurunun fövqünə qalxmağa can atıblar. Çünki insan şüuru da əslində bir çərçivədir. Delfi məbədinin orakullarını xatırlayın. Heç vaxt təmizlənməyən keçilərin saxlandığı ağılın üzərində tikilmiş dar bir otaqda, havasız şəraitdə bakirə qızları narahat üçayaqlı kətilin üstündə oturdur, yerdən qalxan buxar onlarda qallüsinasiyalar yaradır, sayıqlamağa məcbur edir, şüursuz halda söylədiklərini sonradan yozaraq, gələcəyi bilməyə can atırdılar. Belə nümunələr bütün dinlərin ezoterik hissəsiylə məşğul insanlarda olub. Bəs Nostradamusun katranları? Məgər onlar şüurunu itirmiş adamın sayıqlamalarına oxşamır? Bəs ruhi xəstələrin dedikləri? Niyə ruhi xəstələr bütün dinlərdə toxunulmaz, xaçpərəstlərdə isə az qala müqəddəs sayılır? Heç bunun fərqindəsiniz? Psixiatriya iki yüz ildir ki, belə xəstələri müalicə etməyə çalışır və tətbiq etdiyimiz metodlar orta əsrlər inkvizisiyasının üsullarından heç fərqlənmir... Bütün bunlar isbat edir ki, şüurdan kənarda bütöv bir dünya var. İnsan şüuru bizə rahat yaşamaq imkanı verən bir çərçivədir və onun sərhədləri İlahi iradəylə zaman-zaman genişlənir, amma bu çərçivədən kənarda daha çox şey var. Bəzi fantastların da yazdıqları belədir. Məncə onlar da təxəyyüllərini coşdurmaqla normal insan şüurunun çərçivələrindən çıxaraq yazırdılar.
- Bu günün Azərbaycanının “Yeni dalğa” çısı kimi lütfən deyərdiniz - bu intellekt ilə bu gün biz hara gedirik?
– “Yeni Dalğa” bir televiziya verilişidir və biz APA TV-yə minnətdar olmalıyıq ki, oxuyub öyrəndiklərimizi, düşünüb tapdıqlarımızı bölüşmək üçün bizə bir imkan yaradıb. Mənim elə bir iddiam yoxdur. Sadəcə olaraq, istəyirəm insanlarımız girdabında boğulduqları bəşəri, amma bəsit problemlərə bir az fəlsəfi baxsınlar, çünki daha əzəmətli şeylər var. O ki qaldı bu şüurla hara getməyimizə, bircə onu bilirəm ki, Yaradan hara aparırsa, ora da gedirik. Bizim şüurumuz yalnız özümüz, öz idrakımız üçündür. Hara getdiyimizi müəyyən etmək üçün nədən, hansı zəruriyyətdən və necə yarandığımızı bilməliyik. Bu nə təcrübədir? Yaradanın bizdən gözləntisi nədir? Bunları bilmədən, hara getdiyimiz bilinməz. Çarəsizlik bizi sıxır – bu bir faktdır. Amma çarə axtaran, onu tapmaq şansı olan insanları ciddi qəbul etmirik. Əvəzində hər imkanlı adam özünü müdafiə etmək üçün yanında sortbasort cadugər saxlayır. Özü də bu yalnız bizim bəlamız deyil – bütün dünya bu gündədir. Ağrılı burasıdır ki, insanlar mənəvi kamilləşmə baxımından son min ildə böyük deqradasiyaya uğrayıblar. Elə bu səbəbdən də böyük elmi nailiyyətlər belə, heç bir dərdimizə çarə olmur. Tükənməz nüvə enerjisini atom bombasına, ziyanvericilələ mübarizə üçün tapdığımız qazla konslagerlərdə insanları məhv edirik. Ezoterik bilgilərlə rəqiblərimizin dilini-ağzını bağlayırıq. Və hər seçkidə dua yazdırmaq üçün ceyran dərisi axtarırıq...
- Ən sonda XXI əsrin azəri gənclərinə məsləhətlərinizi eşitmək istərdik
- Gənclərə məsləhət həmişə verilir, amma onlar daim düzgün saydıqlarını edirlər. Odur ki, məsləhət deməzdim, arzu deyərdim. Çox oxusunlar – oxumaqdan, bilməkdən ziyan tapan olmayıb hələ. Həm də düşünsünlər. Həyatın mənası barədə, bu həyatda özlərinin yeri haqda fikirləşsinlər. Yaratmağa can atsınlar. Yaradan insan Yaradana yaxınlaşır və çoxları üçün qapalı qalacaq qapılar yaradıcı insanlar üçün açılır. Yalançı dəyərlər uydurub, ömürlərini puç eləməsinlər. Dünyamızı gözəlləşdirməyə çalışsınlar. Bir fərd olaraq, bir xalq olaraq, bir millət olaraq, özlərinə rəva bilmədiklərini, kimsəyə rəva bilməsinlər. Bir də mərhəmətli olsunlar – dünyanı yalnız mərhəmət xilas edəcək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024