Sosial / Slayd (22-12-2015, 17:19)
Dərmanların qiyməti bahalaşacaq - Rəsmi açıqlama
“Dolların məzənnəsinin dəyişməsi dərmanların qiymətinə təsir göstərəcək”.
Mediatv.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Onun sözlərinə görə, dolların məzənnəsinin dəyişməsindən sonra ölkəyə dərman gətirən iş adamları və şirkətlər tərəfindən Tarif Şurasına müraciətlər daxil olur:
“Tarif Şurasına Səhiyyə Nazirliyi tərəfindən deyil, iş adamları tərəfindən müraciət olunub. Nazirlər Kabinetinin Azərbaycanda qeydiyyatdan keçmiş dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və onlara nəzarət qaydaları var. Orada da göstərilib ki, valyutanın məzənnəsi 5 faizdən artıq dəyişərsə təsdiq olunmuş qiymətlərə yenidən baxılacaq. Bu gün doğurdan da bazarda qıtlığın yaradılmaması üçün Tarif Şurası tərəfindən müəyyən addımlara şərait yaradılıb.
Bu günlərdə dərmanların neçə faiz qalxması ilə bağlı Tarif Şurası öz qərarını verəcək. Təbii ki, qiymətlərin artıq olması qaçılmazdır. Lakin yeni qiymət əvvəlki qiymətlərdən aşağı olacaq. Çünki hazırda bəzi dərmanların qiyməti bir neçə dəfə aşağı salınmışdı. Yəni qiymət artımından sonra belə qiymətlər əvvəlkindən çox olmayacaq”.
Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanına gəlincə isə nazir müavini bildirib ki, nazirlik ona aid olan hissələri yerinə yetirir:
“Lisenziyaların verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə və ASAN Xidmət tərəfindən həyata keçirilir. Sadəcə belə nəzərdə tutulub ki, səhiyyə xüsusi sahə olduğuna görə şəraitin uyğunluğunu yoxlanılması məqsədilə rəyin verilməsi Səhiyyə Nazirliyinə veriləcək. Yəni Səhiyyə Nazirliyi 7 gün müddətində öz rəyini verməlidir. Konkret halda Səhiyyə Nazirliyi yerə baxış keçirməli, müsbət və ya mənfi rəyini verməlidir.
Bunun uzadılması da nəzərdə tutulub. Əgər xüsusi hallarda uzun müddət nəzərdə tutulubsa 20 günə qədər rəyin verilməsi müddəti uzadıla bilər”.