Sosial / Slayd (25-11-2015, 10:15)
“Pul kisəsi” “fövqəlnazir”in qəzəbinə tuş gəlib
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov yalançı komediyasının qurbanı ola bilər
Fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov yenidən mətbuatın diqqətinə gəlib. Bu dəfə birbaşa özü ilə bağlı olmayan səbəbdən: günlərdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun paytaxtın Bilgəh qəsəbəsindəki qəsr məsələsi mətbuatın aparıcı mövzularından birinə çevrilib.
Yayılan məlumata görə, bu məsələ birbaşa dövlət başçısının nəzarətində olub. İlk günlər 20 milyonluq qəsrindən keçə bilməyən Cəbrayıl Xanlarov yuxarıdan gələn göstərişi icra etməkdən yayınıb. Amma, bunun mümkünsüzlüyünü anladıqdan sonra, guya qəsrini orijinal üsulla-partlatma ilə dağıdır. Bəli, guya belə olur. Olayla bağlı xeberinfo.com-u məlumatlandıran şəxsin bildirdiyinə görə, sözügedən qəsr olduğu kimi durmaqdadır. Məlumata görə tikintidə təhlükəsizliyin peşəkarı qəsrin yalnız kiçik bir hissəsini-görünən tərəfini uçurub. Cənab Xanlarov bu “müdrük addımı” ilə diqqəti özündən və möhtəşəm qəsrindən yayındıracağını düşünüb. Bununla bağlı məlumatlı şəxs redaksiyamıza geniş bilgi verdi. Hələlik lazımı dəqiqləşdirmələri yekunlaşdıra bilmədiyimizdən geniş yazıb, fotoları qoya bilmirik.
Bu arada diqqəti çəkən cənab fövqəladə hallar naziri Kəmaləddin Heydərovun olaya münasibətidir. Məlumata görə, cənab nazir “pul kisəsi” sayılan Cəbrayıl Xanlarova kəskin qəzəblənib. İnsafən qeyd edək ki, hər nə qədər oliqarx-məmur sayılsa da, cənab Heydərov dəbdəbədən uzaq olmaqla reputasiyasını qoruyur. Etibarı, işgüzarlığı və parıltılı həyat tərzindən uzaq olması ilə də dövlət başçısının yaxın ətrafında yer ala bilib.
Cəbrayıl Xanlarovun bu “uzaqgörənliyi” isə naziri üçün yumşaq desək arzuolunmaz haldır. Elə bu səbəbdən də “fövqəlnazir”in “pul kisəsi”nə qəzəbləndiyi deyilir.
Xeberinfo.com