Sosial (16-10-2015, 19:51)
Nizami Süleymanov mediadan uzaq düşməsinin səbəblərini AÇIQLADI
Bunu Hafta.az-a açıqlamasında tanınmış ziyalı, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti Nizami Süleymanov deyib. Nizami Süleymanov builki seçkilərə qatılıb-qatılmadığını da deyib:
“Builki parlament seçkilərinə qatılmamışam. Hal-hazırda elmi fəaliyyətlə məşğulam. Mənim hazırda yetmiş yaşım var. Bu yaşımda təzədən siyasi fəaliyyətlə məşğul olmağa enerjim qalmayıb. Elmi fəaliyyətlə məşğulam. İkisinə bir yerdə gücüm çatmır. Heç bir siyasi fəaliyyətlə də məşğul deyiləm. Hesab edirəm ki, zamanında, yəni yaşımın imkan verdiyi vaxtlarda kifayət qədər siyasətlə məşğul olmuşam. Azərbaycan vətəndaşı olaraq da həmişə öz siyasi mövqeyimlə seçilmişəm. İnsan yaşa dolduqca istər–istəməz enerjisi tükənir. Öz peşə sahəmdə elmi fəaliyyətimi davam etdirirəm”.
Son vaxtlar mediadan uzaq düşmüş Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Süleymanov elm sahəsində qazandığı ən son uğurlardan da danışıb:
“Nanotexnologiya sahəsində yeniliklərimiz var. Avtomobillərdən atmosferə atılan çirkli məhsullar – dəm qazı, hisin miqdarının kəskin şəkildə azaldılması istiqamətində işlər aparırıq. Kəsici alətlərdə səthin möhkəmləndirilməsi ilə bağlı müəyyən uğurlar əldə etmişik. Onların sınaqdan keçirilməsi üçün işlərimiz davam edir”.
