Sosial (2-10-2015, 20:49)
Zərərçəkən zəvvarların sığorta xərclərini kim ödəyəcək?
Həcc ziyarətində vəvat etmiş şəxslərin ailələrinə 6000 manat konpensasiya verilək
Həcc ziyarəti zamanı Məkkədə bir-birinin ardınca baş verən bədbəxt hadisələrdən sonra bu hadisə zamanı dünyasını dəyişən və ya yaralanan zəvvarların sığorta ödənişləri gündəmə gəlib. Xüsusilə də o zəvvarların ki, Həcc ziyarətinə aidiyyəti qurumların təşkilatçılığı ilə yollanıb və onların sığorta olunduğu rəsmiləşdirilib.
“Həftə içi” xəbər verir ki, bu il Məkkədə minlərlə zəvvarın həlak olması həmin hadisədə zərərçəkənlərə və ya onların ailəsinə sığorta ödənişi hüquqi müstəvidə araşdırılacaq. Nəzərə alsaq ki, ölənlər və yaralananlar arasında azərbaycanlı zəvvarlar da var, onda bu məsələdə Qafqaz Müsəlmanları İdarəsi də məsuliyyət daşıyır.
Həcc ziyarətlərini təşkil edən Qafqaz Müsəlmanları İdarəsi əvvarların sığortalandığını bildirsə də, nə sığorta şirkətini, nə də zərərçəkənlərə veriləcək kompensasiyanın məbləğini açıqlamayıb. Xatırladaq ki, bu il senyabrın 11-dən Həccə Azərbaycandan 2400-ə qədər zəvvar yola düşüb. Onlardan üçü Məkkədə dünyasını dəyişib.Ümumiyyətlə isə bu il Həcc ziyarəti ötən illərə nisbətən faciələrlə daha çox yadda qaldı. Belə ki, Səudiyyə Ərəbistanın Məkkə şəhərində əvvəlcə daşqın oldu. Daha sonra isə Məscidi Həramda kranın aşması nəticəsində 107 nəfər öldü, 238 nəfər isə xəsarət aldı. Ardınca Məkkədə dağ uçqunu nəticəsində azı 2 nəfərin öldüyü deyilir. Ən son Mina dağında Şeytana daş atma mərasimində basabasda 753 nəfər ölüb, 887 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bəs, Həcc ziyarəti zamanı minlərlə insan tələfatı ilə nəticələnmiş bədbəxt hadisədə dünyasını dəyişənlərin ailəsinə, sağlamlığına zərər dəymiş zəvvarların özlərinə çatmalı olan sığorta xərclərini kim və necə ödəməlidir?
“Həftə içi” bu mövzunu araşdırarkən xeyli maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, QMİ zəvvarların sığortalandığını bildirsə də, Məkkədəki insan sıxlığı zamanı zərər çəkmiş azərbaycanlı zəvvarların heç birinə sığortahaqqı ödənilməyib.
Məsələyə münasibət bildirən “Consultant” Sığorta Tədris və Konsaltinq Mərkəzinin prezidenti Xəyal Məmmədxanov deyib ki, əslində mövcud qanunvericiliyə görə, səyahətə çıxan Azərbaycan vətəndaşlarının iki formada sığorta olunmaq imkanı var. Onun sözlərinə görə, Həcc ziyarəti də səyahət hesab olunduğundan zəvvarların sığortalanması vacibdir: «Əslində Qafqaz Müsəlmanları İdarəsi hacıların sığortalanması ilə bağlı bütün detalları sirr saxlayır. Onlar bildirirlər ki, bu məsələ kommersiya sirri olduğundan açıqlana bilməz. Amma burada gizli saxlanacaq bir şey yoxdur və proses şəffaf şəkildə aparılmalıdır. Sənədləşdirmə işləri yekunlaşdıqdan sonra isə həcc ziyarətinə gedən vətəndaşlara sığorta şəhadətnaməsi təqdim olunmalıdır. Mövcud qanunvericiliyə uyğun olaraq zəvvarlar sığortanın iki formasından, yəni səyahət və həyat sığortasından istifadə edə bilər. Bununla bağlı zəvvarlarla sığorta müqaviləsi bağlanmalıdır. Həmin sənəddə isə tərəflərin qarşılıqlı hüquq və vəzifələri müəyyənləşdirilməlidir».
Avropa zəvvarlarına iki formada sığorta paketi təklif edilir
Ekspert həmçinin vurğulayıb ki, zəvvarlar adətən yerli şirkətlər tərəfindən sığortalanırlar. Xəyal Məmmədxanovun sözlərinə görə, hər il Həcc ziyarətinə 3 milyondan çox insan ziyarətə gedir: “Yəni bu ziyarət kütləvi sayahət hesab olunduğundan Səudiyyə Ərəbistanın bütün zəvvarları sığortalaması qeyri-mümkündür.Digər tərəfdən islam hüququna görə həyat sığortası haram buyrulduğundan Səudiyyə Krallığı bu məsələdə maraqlı deyil. Amma zəvvarlar gəldikləri ölkədə səyahət və həyat sığortası etdirib sonra səfərə çıxa bilərlər. Düzdür, müsəlman ölkələrində Həcc ziyarəti zamanı həyatını itirənlər şəhid sayıldığından əksər hallarda zəvvarın yaxınları səfər təşkil edən qurumdan hansısa kompensasiya tələb etmir. Lakin Avropadan Həcc ziyarətinə yollanan müsəlmanların bu məsələdə hüquqları tam şəkildə qorunur. Məsələn, Almaniyada sığorta şirkətləri həm Ümrə, həm də Həcc ziyarətinə getmək istəyən zəvvarlara sığorta paketi təqdim edirlər. Ümrə ziyarətinin müddəti qısa olduğundan zəvvarların həyat sığortası təxminən 50 avroya, Həcc ziyarəti isə təqribən 140-150 avroya başa gəlir. Azərbaycan qanunvericiliyinə görə isə müştərinin həyat sığortası ilə bağlı ödədiyi məbləğ fərqlidir. Yəni, bu məsələ müştərinin ödədiyi məbləğdən asılıdır. İnanmıram ki, 4000-5000 manat vəsait ödəyərək Həcc ziyarətinə gedən hansısa zəvvar 50 manata qənaət etməklə həyatını sığortalatdırmasın».
Sığorta şirkətləri var, amma…
Məsələyə münasibət bildirən ilahiyyatçı ekspert Elşad Miri də deyib ki, islamda həyat sığortası haram buyrulduğundan müsəlmanların əksəriyyəti bu prinsipə uyğun davranır: «Əvvəllər köhnə müftinin vaxtında Səudiyyə Krallığında ümumiyyətlə, zəvvarların sığortalanması məsələsi qəti qadağan idi. Düzdür, sonradan təyin olunan müfti də köhnə sələfinin bu prinsipini bir müddət qorumağa çalışdı. Amma buna baxmayaraq hazırda az da olsa, zəvvarların həyatını sığortalayan şirkətlər var. Onların da əksəriyyəti islamda «səkaful» deyilən bir anlayış mövcuddur ki, ona uyğun fəaliyyət göstərirlər. Bunun mahiyyəti ondan ibarətdir ki, 10-15 adam bir yerə pul qoyurlar və həmin adamlardan hansısa biri bədbəxt hadisə ilə üzləşəndə bu vəsaitdən istifadə olunur. Bildiyimə görə, hazırda Azərbaycanda da bəzi sığorta şirkətləri bunun üzərində işləyirlər. Yəni, bu sırf yardımlaşma forması olduğundan güman edilir ki, dindarların marağına səbəb ola bilər. Lakin indiki məqamda yerli zəvvarları təşkilatçı qurum olaraq Qafqaz Müsəlmanları İdarəsi sığorta etdirməli idi».
QMİ ödəniş etməyə hazırdır
Məsələyə münasibət açıqlayan Qafqaz Müsəlmanları İdarasinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova isə “Həftə içi”nin əməkdaşı ilə söhbətində bildirib ki, təmsil etdiyi qurum Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı olaraq hər bir zəvvarla müqavilə bağlayıb: «Zəvvarların sığortası Həcc ziyarəti üçün nəzərdə tutulan məbləğə daxildir. Zəvvarlarla bağlanan müqavilənin şərtlərindən biri ondan ibarətdir ki, əgər Həcc ziyarətinə gedən zəvvar səfər zamanı vəfat edərsə, onun dəfnini ölkənin qanunlarına uyğun olaraq ziyarətin təşkilatçısı öz üzərinə götürür. Eyni zamanda, təşkilatçı tərəfindən ehsan süfrəsi açılır. Bundan başqa şərtlərə əsasən, vəfat etmiş şəxsin ailəsinə 6000 manat məbləğində vəsait ödənilir».
QMİ təmsilçisi həmçinin deyib ki, gələn həftədən sığorta ilə bağlı bütün məsələlər öz həllini tapacaq: «Məlumdur ki, bizim zəvvarların hamısı geri qayıtmayıblar. Sonuncu qrup bu günlərdə Vətənə dönəcək. Bu baxımdan vəfat etmiş şəxslərin ailələrinə hələlik sığorta pulu ödənilməyib. Amma gələn həftə biz vəfat etmiş şəxslərin ailələri ilə görüşərək sığorta ilə bağlı məsələləri həll edəcəyik».
Sevinc
