Sosial / Slayd (10-09-2015, 16:44)
Nəsib Məhəməliyev 9 il ərzində topladığı varidat
O, yol verdiyi nöqsanlar, eləcə də Ziya Məmmədovun mövqeyinin zəifləməsi səbəbindən vəzifədən kənarlaşdırılıb
Nəsiminin sabiq icra başçısı var-dövlətinə görə, bəzi oliqarxları kölgədə qoyub
Bildiyiniz kimi, bir neçə gün öncə ölkə başçısının sərəncamı ilə Nəsib Məhəməliyev Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Qeyd edək ki, ona heç bir vəzifənin verilməməsi isə ictimai rəydə, eləcə də bir sıra kütləvi informasiya vasitələrində Nəsib Məhəməliyevin "vurulması" kimi dəyərləndirilib. Bir qədər sonra isə sabiq icra başçısı mətbuat qarşısına çıxaraq qarşıdan gələn parlament seçkilərində namizədliyini irəli sürəcəyini elan etməklə millət vəkili olmaq arzusunda bulunduğunu bildirib.
Belə ki, vəzifədən getməsinin öz istəyi olduğunu deyən Nəsib Məhəməliyev həqiqətən deputatlıq iddiasında olduğunu etiraf edib: "Mən hələ bir müddət öncə ölkə prezidenti, cənab İlham Əliyevə müraciət etmişdim ki, məni tutduğum vəzifədən azad etsin. Mən artıq Milli Məclisdə təmsil olunmaq istəyirəm və qarşıdan gələn parlament seçkilərinə YAP-ın namizədi kimi qatılmaq niyyətindəyəm". Bu arada, onu da nəzərinizə çatdıraq ki, cumhuriyyet.az sabiq icra başçısı ilə bağlı araşdırma aparıb və bu zaman olduqca ilginc faktlar ortaya çıxıb. Məsələn, bəlli olub ki, nəqliyyat naziri Ziya Məmmədovun yaxın çevrəsinə daxil olan Nəsib Məhəməliyev var-dövlətinə görə, bəzi oliqarxları kölgədə qoyub. Beləliklə, araşdırmalar zamanı məlum olub ki, 20 yanvar küçəsi ilə Asif Məhərrəmov küçələrinin kəsişməsində yerləşən "Əlibaba" dönərxanası və ona bitişik aptek, Asif Məhərrəmov küçəsində 46 saylı yaşayış evi ilə üzbəüz alkaponlu möhtəşəm ofis binası, Asif Məhərrəmov küçəsi 22a ünvanda yerləşən "Unibank"ın binası, Məmmədcəfər Cəfərov küçəsi 16 ilə üzbəüz "Moskva" univermağının yaxınlığında 6 mərtəbəli "Madeyra" mebel salonunun binası, Mir Cəlal küçəsində "Leyla" şadlıq evi ilə üzbəüz hasara alınmış böyük sahə, Mir Cəlal küçəsi 36-da 6 mərtəbəli alkoponlu ofis binası, Mir Cəlal küçəsi 63-də "Assorti" restoranı, Akademik Zərifə Əliyeva adına göz klinikası ilə üzbəüz, Mirmahmud Kazımovski küçəsi 31-in yaxınlığında 6 mərtəbəli binanın altındakı aptek və onun arxasında yerləşən restoran, 20 yanvar küçəsi bina 22-nin yaxınlığında "Dekabank" və yaxınlığında tikilən bina, 20 yanvar küçəsində "Qızıl Tac" şadlıq evi ilə üzbəüz silsilə şadlıq evləri və digər binalar, "Qızıl Tac" şadlıq evinin arxasındakı stadion, "Memar Əcəmi" metrosunun yaxınlığındakı "Bakcell" və onun yanında "Azercell" dükanları, "Moskva" univermağı ilə üzbəüz çayxanalar və bağın içində təmir edilən 3 mərtəbəli bina, Cavadxan küçəsi 26-da "İdeal" ayaqqabı mağazası və həmin küçədə yerləşən aptek, "Ərzurum" şadlıq evinin yanındakı yeni möhtəşəm bina, Hərbi Hospitalla üzbəüz Azər Əliyev küçəsi 40-cı bina ilə üzbəüz 3 dəbdəbəli villa, eləcə də Tibb Universiteti ilə üzbəüz Səməd Vurğun küçəsi 116-da yerləşən restoran məhz Nəsimi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nəsib Məhəməliyevə məxsusdur. Maraqlıdır, görəsən o, bu qədər sərvəti nəyin hesabına və ya kimin yardımı ilə əldə edib? Yəqin, müvafiq qurumlar bu məsələni araşdırsalar, o zaman ictimaiyyətə hər şey bəlli olacaq…
Qeyd edək ki, məsələnin ən ilginc tərəfi ondadır ki, əslən Balakən rayonundan olan Nəsib Məhəməliyevin həmyerliləri onun icra başçısı vəzifəsindən kənarlaşdırılmasını alqışlamaqla yanaşı, sabiq icra başçısının Balakən rayonundan namizədliyini irəli sürməsinə etiraz edirlər. Məsələn, Balakən rayon ictimaiyyəti və ziyalılarından ibarət onlarla şəxs tərəfindən cumhuriyyet.az-ın elektron poçtuna daxil olan müraciətdə deyilir ki, əgər Nəsib Məhəməliyev Balakən rayonundan öz namizədliyini sərbəst şəkildə irəli sürərsə, təbliğat kampaniyasında rayon sakinləri tərəfindən boykot ediləcək. Bu arada, mövzu ilə bağlı əldə etdiyi bilgiləri redaksiyamızla bölüşən məlumatlı şəxsin sözlərinə görə, həm bu, həm də qəfil icra başçısı postundan uzaqlaşdırılması Nəsib Məhəməliyevdə böyük sarsıntı yaradıb: "Deyilənlərə görə, onun yaxınları, hətta Nəsimi rayonu ərazisində ötən 9 il ərzində milyonlarla dollar dəyəri olan xeyli daşınmaz əmlaklara sahiblənən qardaşları Nəsib Məhəməliyevin "vurulması"nı tamam başqa planın tərkib hissəsi ilə əlaqələndirməyə çalışırlar. Onlar iddia edirlər ki, Nəsib Məhəməliyevin işdən çıxarılması onun başqa bir yüksək vəzifəyə keçirilməsi istəyi ilə bağlı olub. Həqiqət isə tamam başqa cürdür. Belə ki, o, məhz yol verdiyi nöqsanlar, eləcə də nəqliyyat naziri Ziya Məmmədovun mövqeyinin zəifləməsi səbəbindən vəzifədən kənarlaşdırılıb. Mövcud şəraitdə bunun başqa izahı yoxdur…"
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.