Sosial (25-08-2015, 23:11)
Bu kəndlərə təbii qaz verildi
Bu gün Bərdə rayonunun Mollaməmmədli, Gülgəzli və Sərkarlar, eləcə də Kürdəmir rayonunun Karrar kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bərdə rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 113 abonenti olan Mollaməmmədli kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 8405 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 113 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
140 abonenti olan Gülgəzli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 4193 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb. 70 abonentlik Sərkarlar kəndində isə uzunluğu 10809 metr olan qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Kürdəmir rayonunun 459 abonenti olan Karrar kəndinə təbii qazın verilişinin bərpası məqsədi ilə birpilləli sistem əsasında 38627 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 459 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
