Sosial / Slayd (20-07-2015, 15:40)
Bakı merinin adamı çətin durumla üz-üzə - Həbs təhlükəsi...
Yadınızdadırsa, qəzetimizin əvvəlki saylarında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) "Bakı Lift-Təmir" İstehsalat Birliyində göyə sovrulan büdcə pulları, paytaxtdakı liftlərin təmiri adı altında hər il yox edilən milyonlar və baş direktor Qüdrət Şükürovun dəbdəbəli həyatı haqda yazı dərc etmişdik. Dərin təəssüf hissi ilə bildirmək istəyirik ki, faktlarla zəngin olan məqalə aidiyyəti dövlət orqanlarının rəsmiləri tərəfindən araşdırılmadı və baş direktor cəzasız qaldı. Bu günlərdə birlik rəhbərinin adı yenidən mətbuatın gündəminə düşüb. Bəzi saytlar baş direktorun fəaliyyətindəki neqativ halları tirajlayıblar. Həmin məlumatlarda bildirilib ki, adıçəkilən məmur prezidentin şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün imzaladığı sərəncamı layiqincə yerinə yetirməyib. Məlumat üçün bildirək ki, 2008-ci ildə imzalanan sərəncamla Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb. Buna baxmayaraq, hazırda paytaxtdakı binaların əksəriyyətinin lifti bərbad vəziyyətdədir. Elə buna görədir ki, köhnəlmiş liftlərdə tez-tez nasazlıq yaranır və faciələr baş verir. Qurumun baş direktoru isə bu problemləri aradan qaldırmaq əvəzinə, öz güzəranını fikirləşir və əmlakının sayını artırır. İddialara əsasən, baş direktorun özünün yox, sürücüsünün adına 5 milyon manatlıq əmlak var. Onun Bakının mərkəzindəki "Alov qüllələri" kompleksində, həm də "Hilton" otelində şəxsi mənzil üslubunda yaşayış sahələrinin olduğu deyilir. Bundan başqa yayılan məlumatda Qüdrət Şükürovun öz katibəsinin adına bahalı avtomobil aldığı iddia edilir. Deyilənə görə, baş direktor "Ferrari" markalı avtomobilin pulunu- 350 min dolları nağd ödəyib. Həmin maşını məmurun ailə üzvlərindən birinin ad günündə hədiyyə aldığı, diqqət çəkməmək üçün katibənin adına sənədləşdirdiyi də yayılan məlumatlar arasındadır. Hacıbala Abutalıbovun adamı kimi tanınan baş direktorun əmlakının siyahısı bununla bitmir. Bizə çatan məlumatlara görə, dövlət mənzil fondunun balansındakı binaların liftlərinin təmiri və dəyişdirilməsi məqsədilə büdcədən ayrılan milyonların bir hissəsi də baş direktorun turizm bölgələrindəki istirahət mərkəzlərinin tikintisinə yönəldilib. Məlumata əsasən, onun ölkəmizin səfalı guşələrində bir neçə turizm obyekti fəaliyyət göstərir. Etibarlı mənbələrin bildirdiyinə görə, uzun zamandır medianın gündəmindən kənarda qalan birlik rəhbəri bundan istifadə edərək çox ciddi qanunsuzluqlara imza atıb. Bunun nəticəsində dövlət büdcəsinə külli miqdarda ziyan dəyib. Qəribədir ki, adı milyonluq qanunsuzluqlarda hallandırılan "Bakı Lift-Təmir" İstehsalat Birliyinin baş direktorunun barəsində bu günə kimi heç bir araşdırma aparılmayıb. Belə çıxır ki, sözügedən məmur hansısa qüvvələr tərəfindən ən yüksək səviyyədə müdafiə olunur. Bəzi mənbələrin qənaəti belədir ki, Qüdrət Şükürov bütün qanunsuzluqları məhz onu vəzifəyə gətirən şəhər meri Hacıbala Abutalıbovun sayəsində həyata keçirir: "Baş direktor karyera yüksəlişinə görə icra başçısına minnətdar olmalıdır. Amma o şəhər merinin ümidlərini doğrulda bilmədi. Daha doğrusu, icra başçısı özü baş direktora büdcə vəsaitlərini sağa-sola dağıtmağa zəmin yaradıb. Yəqin ki, "Bakı Lift-Təmir" İstehsalat Birliyindəki qaranlıq maliyyə əməliyyatlarından icra hakiminə də nəysə çatmamış deyil". Uzun sözün qısası elə də böyük olmayan müəssisədə iri pulların hesabatı aparılır. Bunun sayəsində baş direktor milyonçuya çevrilməyi bacarıb. Fikrimizcə, onunla bağlı irəli sürülən fikirlərin, faktların hər biri ən xırda detalına kimi araşdırılmalı, Qüdrət Şükürovun yaxın qohumlarının, tanışlarının adına sənədləşdirdiyi daşınar və daşınmaz əmlakın siyahısı tərtib edilməlidir. Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Qüdrət Şükürovun vəzifəyə təyin olunduğu vaxtdan indiyə qədərki fəaliyyətini dərindən araşdırıb istehsalat birliyindəki qanunsuzluq hallarını aşkara çıxarmalıdır. Əgər bu tədbirlər həyata keçirilsə, o zaman baş direktorun sahibi olduğu əmlak müsadirə edilə, özü isə həbs oluna bilər. Bu arada, "Hüquqi Dövlət" Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov bildirib ki, məmurun cinayəti təsdiqləndiyi halda onun başqasının adına rəsmiləşdirdiyi mülkünün müsadirə olunması olduqca çətindir, amma mümkünsüz də deyil: "Bunun üçün ən azından proses məhkəmə qaydasında sübut olunmalıdır. Məhkəmə ilə müəyyən edilsə ki, həmin ev əslində adına rəsmiləşdirilən şəxsə deyil, həmin məmura məxsusdur, onda məsələni həll etmək olar. Belə olduğu halda, korrupsiya ilə əmlakın əldə olunması ilə bağlı Cinayət Məcəlləsi və Cinayət Prossessual Məcəllənin müddəalarına əsasən məhkəmənin hökmü ilə əmlakın müsadirə edilməsi barədə hökmdə müddəa göstərilə bilər". Odur ki, aidiyyəti hüquq-mühafizə orqanları vaxt itirmədən "Bakı Lift-Təmir" İstehsalat Birliyində yoxlamalara başlamalıdır. Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işıqlandıra bilərik.\\gundelik-baku.com\\