Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (14-04-2015, 20:57)
Mübariz İbrahimovun ziyarətə çevrilmiş kəndi - REPORTAJ, FOTO

 

Biləsuvarın Əliabad kəndində Milli Qəhrəmanın ailəsi üçün inşa edilən evdə niyə heç kəs yaşamır?

Odlar yurdu Azərbaycanı yenidən gündəmə gətirən və öz qəhrəmanlığı ilə tarix yazan Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov haqqında dərc olunanları bir yerə toplamaq üçün yəqin ki, cild-cild kitablar yazmaq lazımdır. Onun keçdiyi şanlı həyat yolu buna çox böyük əsas verir. Doğulduğu Biləsuvar rayonunun Əliabad kəndini indi ölkəmizdə tanımayan az adam olar. İndi ziyarət yerinə çevrilən Əliabad kəndi, daha doğrusu Ağakərim kişinin yaşadığı mənzil bir gün belə qonaq-qarasız olmur. Mənim də baş çəkdiyim bu müqəddəs məkanda həmin gün xeyli gənc var idi. Sumqayıt şəhərindən, “ASAN Xidmət”dən gələn bu gənclərin qəhrəmanımızın atası Ağakərim kişi ilə görüş səhnəsi özü bir film idi.

Bu müqəddəs məkana gələnə qədər əvvəlcə Mübarizin təhsil aldığı Malik Piriyev adına Əliabad kənd tam orta məktəbinə də baş çəkdim. 185 şagirdi, 28 müəllimi birləşdirən bu ikimərtəbəli, bütün şəraiti olan yaraşıqlı və gözəl məktəb 1981-ci ildə inşa edilib. 2011-ci ildə əsaslı təmirdən sonra indiki görkəmini alıb. Mübarizin hərbi formadakı böyük şəkli məktəbin girişində, kifayət qədər hündür bir yerdə asılıb. Məktəbin direktoru Bəsirə Rüstəmova məktəb və onun məzunu olmuş Mübariz haqqında elə ürəkdən danışırdı ki, bəzən kövrəldiyini də görmək olurdu. Milli Qəhrəmanın adına layiq guşə doğrudan bir yazı mövzusudur. Onun lap sonda təhsil aldığı sinif otağı, oturduğu parta xüsusi bir qayğı ilə qorunur. Xanım direktor hətta Mübarizin gündəliklərini, yazı dəftərlərini, imtahan cədvəlini və digər əşyalarını da özəl bir sevgi ilə saxlayır: “Heç kimə bənzəməyən, xüsusi bir davranışı, təmkini olan bizim gələcək qəhrəmanımız hələ uşaqlıqdan təəssübkeş idi. Onun yanında yaşından asılı olmayaraq heç kəs ədəbsiz davranmaz, millət haqqında hörmətsiz danışmazdı. Qəribədir ki, neçə il bu məktəbdə təhsil aldı, ancaq bircə şəkli belə olmadı. Şəkil çəkdirməyi nəyə görəsə sevməzdi”.

“O, bizim həm şagirdimiz, həm də dostumuz idi”

Geniş dünyagörüşünə malik, Əməkdar müəllim, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, bioloq Qılman Abbasov düz 5 il dərs deyib Mübariz İbrahimova. Bu sadə kənd müəllimi sadə kənd uşağının sadə olmayan xarakterindən, davranışından ürək dolusu danışdı: “Çox yaxşı əxlaqı, davranışı olmasına baxmayaraq, Mübariz yaxşı oxumurdu. Əvəzində çox nizam-intizamlı, sakit və təmkinli idi. Baxmayaraq ki, kifayət qədər fiziki cəhətdən sağlam, cüssəli, qüvvətli idi, ancaq bununla o heç vaxt qürrələnmirdi. Bəzən saatlarla danışmaz, hey düşünərdi. Ata-anasını, ailəsini sevdiyi qədər də ətrafdakıları sevərdi Mübariz. Bax, bu divardan asılan onun son məktubunu oxuyarkən ölümünün addım-addım yaxınlaşdığını heç ağlımıza da gətirmirdik: “Mənim üçün bol-bol dua edin, vətənin dar günündə ürəyim dözmür... Allah böyükdür, Vətən sağ olsun. Haqqınızı halal edin”. Bu sətirləri yazan o Mübariz bizimlə həmsöhbət olanda da ona olan ehtiramdan sui-istifadə etməzdi. Az və qəti danışmağı sevərdi”.

Milli Qəhrəmanın orta məktəbin son ilində sinif rəhbəri olmuş Əhliman Quliyev də o illər haqqında kövrəlmədən, ancaq fəxarətlə danışır. Onun sözlərinə görə, Mübariz 11-ci sinifdə artıq boylu-buxunlu, gözəl bədən quruluşlu cavan bir oğlan olub: “Sinifdə 9 oğlan, 2 qız oxuyurdu. Oxumaqla elə də arası yox idi, ancaq saatlarla idman edirdi. İkinci mərtəbədən onların evləri, həyətləri aydın görünür. Bəzən saatlarla onun çox gərgin, ağır idman hərəkətlərinə baxardıq. Ciddi və qətiyyətli idi, söhbətə az-az qoşulardı, ancaq çox düzgün qərar çıxarırdı. Həm də qəşəng və xoşagəlimli idi Mübariz. Ancaq heç zaman o bunu gözə soxmazdı, bununla qürrələnməzdi. Heç kimə demədiyi fikirlərini mənimlə bölüşərdi. Tarixi şəxsiyyətlər haqqında öz fikirləri vardı. Ədalətsizliyi, haqsızlığı bağışlamazdı. Əsl kişi xarakteri var idi onda. Allaha sevgisi daha böyük idi, valideynlərini çox sevirdi”.

“O, tək mənim deyil, hamımızındır”

Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci ildə sonradan təhsil aldığı orta məktəbdən 80-100 metr aralıdakı evdə doğulub. Uşaqlığı və ilk gəncliyinin keçdiyi bu evin həyətində hələ də onun bir vaxtlar istifadə etdiyi idman ləvazimatlarından bir neçəsi durur. Bu da onun yataq otağı... İndi bu yataq otağı qəhrəmanlıq muzeyidir. Buradakı 10-larca şəkil, albom, xatirə kitabları, müxtəlif yadigar əşyalar otağa darısqallıq da gətirib bir az.

Ağakərim kişinin mobil telefonu yoxdur, evdəki qırılmış telefon xəttini təmir elətdirməyə də tələsmir: “Son vaxtlar heç yerə getmirəm daha. Həm qonaqlarım çox olur, həm də elə bil tərki-dünya olmuşam. İbadətlə daha çox məşğul oluram. Mübarizlə daha çox dərdləşirəm xəyalımda. O, mənim deyil ki, o hamımızındır. O gün olmaz ki, onun ziyarətinə gəlməsinlər. O gün olmaz ki, onunla bağlı xatirə danışmayım...”.

Kövrəldiyini görüb söhbəti dəyişmək üçün bu ailə üçün inşa edilən evdə niyə yaşamadığını soruşdum: “Sağ olsunlar, lazımınca qiymətləndiriblər, ev də tikiblər. Ancaq mənim o evdə yaşamaq fikrim yoxdur. Kənddən aralı, qonum-qonşusu olmayan evdə mən, mənim ailəm necə yaşasın? Ancaq nəzarətsiz də qoymuram, bir qohum yaşayır orada. Ev-eşiyə, həyət-bacaya lazımınca göz-qulaq olur. Mən burada, Mübarizin adını daşıyan bu küçədəki bu evimdə yaşayacağam”.

Kənddən çıxanda qəhrəmanın ailəsi üçün inşa edilmiş ikimərtəbəli, yaraşıqlı evə baxıram. Müxtəlif növ xidmət obyektlərinin əhatəsindəki evin həyət qapısı bağlı idi.

 

Səxavət Məmmədli

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024