Sosial (2-04-2015, 22:52)
Bakıda yenicə təmir olunmuş yol dağıdılıb - FOTO
“Azərsu” ASC-nin əməkdaşları Məməd Rahim küçəsindən keçən su borusunu bərpa etdikdən sonra qazılmış yolu asfaltlamağı “unudub”
Hər bir işin, fəaliyyətin, mal, məhsul və xidmətin nəticəsi keyfiyyətdən asılıdır. İşlərimiz nə qədər səmərəli və keyfiyyətli olanda, bir o qədər də bəhrəli olur. Bu həm biz sakinlər üçün, həm də dövlətimiz üçün sərfəli olar. Evimizin içərisini və ciblərimizi düşündüyümüz kimi, evimizin çölünü, eləcə də dövlətimizin büdcəsini düşünməliyik. Onun hər qəpiyinin qədrini bilməliyik. Təəssüf ki, bəzən belə olmur. Dövlətin qəpik-qəpik, manat-manat yığılan pulları səmərəsiz və keyfiyyətsiz fəaliyyətlər nəticəsində bir anın içərisində göyə sovurulur. Bunun ağır zərərini isə həm dövlətimiz, həm də vətəndaşlarımız çəkir. Həm maddi, həm də sağlamlıq baxımından.
Paytaxt yollarının təmiri üçün hər il dövlətimiz tərəfindən külli miqdarda vəsait ayrılır. Ürək ağrıdan odur ki, bu gün çəkilən yollarımız 5-6 aydan sonra sıradan çıxır. Bir ildə eyni yol bəzən iki-üç dəfə təmir edilir. Ona görə ki, yol çəkiləndən sonra hansısa xidmət təşkilatı onu qazıb kanalizasiya, su və kommunikasiya xətti çəkdirir. Yaxud da yol keyfiyyətsiz təmir edildiyindən qısa bir müddətdə asfalt örtüyü dağılaraq sıradan çıxır. Paytaxtın mərkəzi yollarından olan Məmməd Rahim küçəsindəki kimi.
“Həftə içi”nin məlumatına görə, neçə ildir ki, “Azərbaycan” nəşriyyatı ilə üzbəüz Məmməd Rahim küçəsinin ayrı-ayrı hissələrində qısa fasilələrlə təmir işləri aparılır. Əvvəlcə yeni su xətti çəkildi, sonra isə yol asfaltlandı.Təmir işləri bir neçə il çəkdi. İşlərin gedişatı zamanı bir tərəfdən şəhərin ekologiyası korlanırdı, digər tərəfdən tıxaclar yarandığından piyadaların və avtomobillərin hərəkətini çətinləşdirirdi. Amma yolun çəkilməsi və abadlıq işlərinin aparılması hər birimizin ürəyincə oldu. Ona görə ki, abad və təmiz küçə ilə gedib-gəlirik. Təəssüf ki, keçən il təmirdən təzə çıxmış yol bu gün yararsız hala salınıb.
Azərbaycan Texniki Universitetindən “Azərbaycan” nəşriyyatı istiqamətində yolun asfalt örtüyü dağılıb. Baxmayaraq ki, yolun bu hissəsində əsaslı təmir işləri cəmi 6-7 ay əvvəl aparılıb. Yenidənqurma zamanı yol bütünlüklə asfaltlanıb, yağış sularının axması üçün drenajlar qoyulub. Amma təmir işləri keyfiyyətsiz aparıldığından yolun asfalt örtüyü tədricən sıradan çıxır. Ən başlıcası odur ki, adıçəkilən küçənin “Azərbaycan” nəşriyyatı ilə üzbəüz olan hissəsində, işıqforların təxminən 20-25 metrliyində təzə təmirdən çıxmış avtomobil yolunun bir hissəsi isə dağıdılıb.
Həmin ərazidə yerləşən ali təhsil məktəblərin tələbələri, eləcə də yaxınlıqda yaşayan sakinlərin dediyinə görə, yolun altından keçən su xəttində bir həftəyə yaxındır ki, qəza hadisəsi baş verib. Onların sözlərinə görə, 4-5 gündür Yasamal rayon “Sukanal” idarəsinin işçiləri yolun asfalt örtüyünü qazaraq su borusuna yamaq vurub. Ancaq “Azərsu”yun əməkdaşları boruda təmir işlərini başa çatdırdıqdan sonra qazılmış asfalt örtüyü bərpa etməyiblər. Rasim adlı sakinin sözlərinə görə, “Azərsu”yun əməkdaşlarının su borusunu təmir etmək üçün asfalt örtüyünü dağıtması barədə aidiyyəti qurumlara da şifahi qaydada müraciət edilib: “Yolun asfalt örtüyü qazılandan sonra telefonla həm Yasamal rayon “Sukanal” idarəsinə, həm də icra hakimiyyətinə məlumat vermişik. Xahiş etmişik ki, yolun bu cür bərbad vəziyyətə salınmasını özləri də gəlib görsünlər. Amma nə gəlib baxan var, nə də dağıdılmış asfaltı bərpa edən. Ona görə də bir həftədir yoldan keçəndə ayaqqabımız palçığa batır”.
Qələndər Xaçınçaylı
