Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-03-2015, 21:57)
Gender problemi iqtisadiyyata zərər vurur

 

Sahib Məmmədov: «Gender bərabərliyi olmayan sahədə davamlı inkişaf ola bilməz»

Son illərdə aparılan dövlət siyasəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün əlverişli şərait yaradılıb. Əhalinin, xüsusi ilə aztəminatlı təbəqələrin sosial müdafiəsinin yaxşılaşdırılması üçün bir çox əhəmiyyətli tədbirlər həyata keçirilib. Lakin əhalinin yoxsulluğu problemi və onu törədən başlıca səbəblərdən biri olan işsizlik respublika üçün aktual olaraq qalmaqdadır. Ölkəmizdə yoxsulluğun azaldılması, əmək bazarının formalaşması və əhalinin məşğulluğunun vəziyyəti məsələlərini daim diqqət mərkəzində saxlanılır.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov «Həftə içi»nə bildirir ki, gender probleminə bütün dünyada qəbul edilmiş bir baxış forması mövcuddur. Belə ki, gender bərabərliyinin olmadığı sahədə, məsələn, iqtisadiyyatda, tibbdə, sosial sahədə və sair sektorlarda davamlı inkişaf ola bilməz. Bu baxımdan da digər dövlətlərdə olduğu kimi Azərbaycanda da gender bərabərliyi problemi ciddi xarakter alıb: «Ölkəmizdə gender bərabərliyi ilə bağlı qanun qəbul olunub və hər şey qanunvericiliklə tənzimlənir. Ancaq praktiki baxımdan bu sahədə ciddi problemlərin mövcud olduğunu da etiraf etməliyik. Məsələn, iqtisadiyyatda, sahibkarlıqda, məşğulluqda və digər sahələrdə bərabərlik pozulur. Söhbət ondan gedir ki, əksər sahələrdə, xüsusilə də dövlət qurumlarında idarəetmə yalnız kişilərə məxsusdur. Məsələn, səhiyyə sahəsində işçilərin 70-80 faizini qadınlar təşkil edir. Ancaq istər Səhiyyə Nazirliyində, istərsə də tibb müəssisələrində idaredici orqanlarda çalışan kişilərlə qadınların saylarını müqayisə etsək, qadınlarla bağlı göstəricilərin çox aşağı səviyyədə olduğunu görərik. Şübhəsiz ki, bu cür problem iqtisadi baxımdan zərərverici olur».

Uşaq bağçalarının sayı artırılmalı, dayəlik inkişaf etdirilməlidir

Liqa sədri vurğulayır ki, Azərbaycanda iqtisadi göstəricilər üzrə gender bərabərliyinin iqtisadi təsirləri ilə bağlı təhlillər aparılmayıb. Bu istiqamətdə araşdırmalar aparılmadığından və analizlər olmadığından gender probleminin ölkə iqtisadiyyatına vurduğu mənfi təsirlərin həcmi və əhatə dairəsi hələlik bəlli deyil. Bununla belə, Sahib Məmmədov deyir ki, gender bərabərsizliyi iqtisadiyyata həmişə mənfi təsir göstərir:“Çünki bu gün əmək bazarının və məşğulluğun formalaşmasında qadınların rolu kifayət qədər deyil. Məsələn, ana olan qadınlar üçün infrastruktur olsa, onlar öz uşaqlarını bağçaya qoyar, yaxud dayələrə tapşırar. Ancaq bu bir faktdır ki, Azərbaycanda uşaq bağçalarının və körpələr evlərinin sayı kifayət qədər azdır. Üstəlik, respublikamızda dayəlik çox zəif inkişaf edib. Ona görə də həmin qadınlar məcburiyyət qarşısında qalaraq evdə oturur, uşaqlara baxır və öz vaxtlarını onlara ayırırlar. Bu cür acınacaqlı hal isə ölkənin əmək bazarının formalaşmasına ciddi mənfi təsirini göstərir».

Sahib Məmmədov qeyd edir ki, bu günədək xeyli sayda dövlət proqramı qəbul olunub və icra edilib. Ancaq həmin dövlət proqramları da ölkənin əmək bazarında, məşğulluqda gender bərabərliyini təmin edə bilməyib. Yəni bu günədək görülən işlər sözügedən bərabərliyə ciddi təsir göstərməyib. Onun dediyinə görə, yaranmış acınacaqlı durumdan çıxış yolu üçün alternativ variantlardan istifadə etmək lazımdır: «İlk öncə kompleks tədbirlər planı hazırlanmalıdır. Məsələn, qadınların əmək bazarına çıxışını asanlaşdırmaq üçün əlavə infrastruktur sahələr yaradılmalıdır. Bu məsələdə körpələr evlərinin, uşaq bağçalarının sayının artırılması, dayəlik institutunun inkişaf etdirilməsi mütləq nəzərə alınmalıdır. Yaxud, sosial məzuniyyətlərdən qayıdan qadınlar üçün pulsuz peşəyönümlü və ya peşələrin dəyişdirilməsi istiqamətində kursların təşkili də vacib amillərdən biridir. Qadınlar üçün münasib olan iş yerlərinin yaradılması da kompleks tədbirlər planında öz əksini tapmalıdır. Qadınların çalışdıqları ənənəvi yüngül sənaye sahələrinin inkişafı və sair də nəzərə alınmalıdır. Bütün bunlar uzunmüddətli olmalıdır. Bunun üçün isə uzun illər lazımdır».

Qadınların cəmiyyətdə rolu artırılmalıdır

Sabiq millət vəkili, iqtisad elmləri doktoru, professor Əli Əlirzayev isə düşünür ki, ölkəmizdə gender probleminin müsbət həlli ölkə iqtisadiyyatının inkişafına, ölkənin sosial həyatına, Azərbaycanın hərtərəfli inkişafına təsir edən bir amil sayılmalıdır. Onun dediyinə görə, iqtisadi və sosial, eləcə də digər sahələrdə qadınların əmək qabiliyyətindən istifadə və məşğulluğun təminatı mütləq vacibdir: «Məsələn, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qadınların məhsuldarlığından istifadə böyük nailiyyətlərin əldə edilməsi ilə nəticələnə bilər. Bu baxımdan da gender probleminin çözülməsi, gender bərabərliyi məsələsinin həlli qadınların cəmiyyətdə rolnunun artırılmasına xidmət edir. Bəzi sahələr var ki, orada kişi əməyindən istifadə xarakterikdir. Amma bəzi sahələrdə qadınların əməyindən istifadə kütləvi xarakter alıb. Əslində qadınların əmək hüquqlarının qorunmaması, onların məşğulluğunun təmin edilməməsi, ayrıseçkiliyin salınması və digər problemlər həmişə iqtisadi zərərlə yadda qalır. Başqa sözlə, qadın üçün xarakterik işlərin kişilər tərəfindən icrası yüksək effektiv nəticə vermir. Ona görə də gender və gender bərabərliyi probleminin həlli üçün qadın əməyindən və məşğulluğundan düzgün və səmərəli istifadə ölkə iqtisadiyyatına böyük səmərələr verə bilər».

İqtisadçı-alimin fikrincə, qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilməlidir. Əli Əlirzayev deyir ki, cəmiyyət və ictimaiyyət düşünməlidir ki, gələcək nəsillərin yetişdirilməsində, ailələrin sağlamlaşdırılmasında və digər məsələlərdə qadınların rolu çox böyükdür: «Ona görə də dövlət səviyyəsində bu istiqamətdə ciddi tədbirlərin görülməsi vacibdir. Əks halda bu problemin mənfi fəsadları zərərlər verə bilər. Bundan başqa, gender və gender bərabərliyi probleminin həlli üçün qadınların əməyini formalaşdıran və stimullaşdıran sahələrin inkişafı da hökmən vacibdir. Üstəlik, qadınların ağır işlərdən uzaqlaşdırılması barədə də düşünmək lazımdır. Bütün bunlara görə də hesab edirəm ki, yalnız qadınların ana olmalarına, onların cəmiyyətin və ictimaiyyətin formalaşmasında rolunu artırmağa, eləcə də əmək bazarında qadınlara olan tələbatı ödəməyə yönəlmiş tədbirlər nəticəsində ölkə iqtisadiyyatında inkişaf daha da arta bilər».

Yoxsulluq gender uyğunsuzluğunu kəskinləşdirir

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, gender probleminin ilk elmi tədqiqatçısı və gender üzrə respublikada ilk elmlər doktoru Rəna Mirzəzadənin fikrincə, bərabər imkanlar və hüquqlar ideologiyasına əsaslanan gender strukturlarının fundamental transformasiyasının davamlı inkişafda hansı rol oynayacağını müəyyən etməkdir. Burada əsas məsələ cəmiyyətlərdə qadınların aşkar və ya gizli diskriminasiyaya uğramanın davamlı iqtisadi inkişaf yolunda ən başlıca maneə olduğunu göstərməkdir: «Bir cox tədqiqatlarda gender problemləri yalnız qadınlara aid edilsə də artıq gender problemlərinin həm də kişilərin problemi olduğu gün gündən daha da qabarır. Çünki həll olunmayan gender problemləri sonda ümumi iqtisadi inkişafa təsir edir. Bunun da təsiri cəmiyyətin hər bir üzvü üçün eyni dərəcədə zərərli təsirə malikdir. Gender disbalansı hər iki cinsin təcrübəsini tələb edən tam sosial fəaliyyətin formalaşmasına böyük maneədir. Qadınların iqtisadi, siyasi həyatda 2-ci dərəcəli mövqe tutması dövlətin və onun siyasətinin də müəyyən mənada zəifləməsi deməkdir. Çünki qadınlar bu konteksdə yeni faktor olmaqla bəzi həll olunmayan problemlərin açilmasinda yeni rakursda çıxış edə bilərlər. Qadınlar həm də hər şeydən əvvəl anadırlar, bu da onların yeniləşən dünyada yeni nəslin yaranmasında, inkişafinda, təhsilində, tərbiyyəsində əvəzsiz xidmətlər göstərə bilməsini göstərir. Gender problemi, inkişaf kontekstində baxılarkən, ikinci böyük və aktual problem -yoxsulluq problemi ilə qanunauyğun şəkildə uzlaşır. Bir tərəfdən yoxsulluq gender uyğunsuzluğunu kəskinləşdirir, digər tərəfdən gender bərabərsizliyi inkişafı ləngidir».

Təbriz Vəfalı

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025