Sosial (27-02-2015, 22:54)
Məcburi köçkün qəsəbəsində dayanacaq problemi - Müşfiqabad qəsəbəsi
2013-cü ildə Müşfiqabad qəsəbəsində istifadəyə verilən şəhərcikdə hələ də avtobus dayanacağı qoyulmayıb
Qaradağ rayonun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcik göz oxşayır. Kənardan baxanda sanki yaşıl bir adanı xatırladır. Adıçəkilən şəhərcik həm milli üslubda tikilən binaları ilə həm də müasirliyi və xarici görkəminə görə digər qəsəbələrdən seçilir. Bu günədək adıçəkilən qəsəbədə 22 beşmərtəbəli yaşayış binası tikilib, 2 yaşayış binasında isə tikinti işləri isə artıq başa çatdırılıb və yaxın günlərdə istifadəyə veriləcək. Burada müasir tələblərə cavab verən 3 mərtəbəli məktəb binası, uşaq bağçası, tibb məntəqəsi, ATS, Yanğından Mühafizə İdarəsi, klub, kitabxana və digər sosial obyektlər tikilərək məcburi köçkünlərin istifadəsinə verilib.
“Həftə içi”nin məlumatına görə, hazırda adıçəkilən qəsəbədə 4 ümumtəhsil məktəbi, şahmat məktəbi və musiqi məktəbi də fəaliyyət göstərir. Yeni salınmış Müşviqabad qəsəbəsində təxminən 6 mindən çox əhali yaşayır. Şəhərcikdə yaşayış binalarının həyətində sakinlərin asudə vaxtlarında istirahəti üçün park salınıb, parkda oturacaqlar, “söhbətgah”lar, eləcə də uşaqların istirahəti üçün idman oyuncaqları, yelləncəklərə kimi quraşdırılıb. Hətta qəsəbədə futbol meydançasına kimi tikilib.
Ağdam rayonundan olan məcburi köçkün Taleh Cəfərov “Həftə içi”nin əməkdaşına bildirib ki, 2013-cü ildə təzə salınmış Yeni Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün hər cür şərait yaradılıb: “Əvvəllər Bakı Dövlət Universitetinin yataqxanalarında əziyyət çəkirdik. Sağ olsun prezidentimiz, biz məcburi köçkünlərə böyük qayğı göstərir, onların yaşaması üçün hər cür şərait yaradıb. Eləcə də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qaçqınkom”un rəhbərliyi öz köməkliyini biz məcburi köçkünlərdən əsirgəmir. Problemlərimizin vaxtlı-vaxtında həllinə çalışırlar. Respublikanın hər yerində köçkünlər üçün qəsəbə tikilib və indinin özündə də tikilməkdədir. Yaşadığımız köçkün şəhərciyində də hər cür şərait yaradılıb. Yaraşıqlı təmir olunmuş mənzillərdə rahat yaşayırıq”.
Onu da qeyd edək ki, hazırda bu şəhərcikdə bütün binalarda sutka ərzində isti və soyuq su verilir. Eləcə də otaqlarımız müasir kombi üsulu ilə qızdırılır. Belə ki, “mavi yanacaq” və elektrik enerjisinin verilməsi sahəsində də heç bir problem yoxdur. Bir sözlə, qəsəbədə məcburi köçkünlərin yaşaması üçün hər cür şərait yaradılıb. Hazırda bu şəhərcikdə yeganə problem ictimai nəqliyyatın normal xidmət göstərə bilməməsi ilə bağlıdır. Taleh Cəfərov şikayətlənir ki, 2013-cü ilin martında istifadəyə verilən və hazırda 6000-dən çox əhalinin yaşadığı bu şəhərcikdə indiyədək avtobus dayanacağı yoxdur:“Müşfiqabad düzü-biyabanın ortasında yerləşir, bura külək olan yerdir. Sakinlər qışın bu soyuğunda açıq havada, marşrut avtobusu gözləyirlər. Yağışlı, küləkli, qarlı, şaxtalı havada soyuq vallah adamın iliyinə kimi işləyir. Yağışda açıq havada daxili köynəyimizə kimi suya batırıq”.
Məcburi köçkünlər onu da vurğulayırlar ki, şəhərcikdən Sulutəpəyə qədər təzə təmir edimiş şose, marşrut yolu gecələr zil qaranlıq olur. Bu isə piyada və nəqliyyatın nəinki hərəkətini çətinləşdirir, hətta tez-tez qəza hadisəsinin baş verməsinə gətirib çıxarır: “Elə gün olmur ki, həmin bu yolda qəza, ölüm hadisəsi baş verməsin. Gecələr dumanlı və yağışılı havada sərnişinlərin yol qırağında dayanıb marşrut gözləməsi çox təhlükəli olur. Çox vaxt bu ağır qəza hadisələri ilə nəticələnir. Yaxşı olardı ki, həmin magistral yolda küçə işıqları quraşdırılaydı. Yol qırağında lazım olan yerlərdə isə sərnişin dayanacaqları tikiləydi. Marşrut avtobusları da həmin dayanacaqlarda saxlayaydılar. Dayanacaqlar olmadığından marşrut avtobusları iki metrədən bir, harda gəldi saxlayır. Bu da yolda avtomobillərin hərəkətinə mane olur”.
Şəhərciyin Mənzil-Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Qabil Quliyev isə “Həftə içi”nə bildirib ki, 6200-nəfərdən çox köçkün bu qəsəbədə yaşayır. Onun sözlərinə görə, 2013-cü ilin mart ayından istifadəyə verilən qəsəbənin ərazisində 4 yerdə avtobus dayanacağının qoyulması nəzərdə tutulub: “Bununla bağlı keçən ilin sentyabr ayında Nəqliyyat Nazirliyinə məktubla müraciət etdik. İki aydan sonra adıçəkilən nazirlikdən cavab məktubu gəldi ki, bu işlərlə Bakı Şəhər İcra Hakimiyyəti məşğul olur. Ona görə də dayanacaqla bağlı 2014-cü ilin noyabr ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət etdik. Bir aydan sonra Bakı Şəhər İcra Hakimiyyətindən cavab verildi ki, bu işlə Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti məşğul olacaq və tezliklə həmin qəsəbədə nəzərdə tutulan yerdə dayanacaq tikiləcək. Ona görə də Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti ilə əlaqə saxladıq. Departamentdən xəbər verdilər ki, yeni dayanacaq hələ ki, yoxdur, amma 2015-ci ilin fevral ayına kimi alınıb quraşdıracağıq. Artıq fevral ayı bu gün başa çatsa da, amma real bir şey yoxdur”.
Qabil Quliyev yeni yolun çəkilişi ilə əlaqədar qəsəbənin iki aydan artıqdır ki, giriş yolunun bağlandığını da söyləyib. MKİS rəisinin sözlərinə görə, qəsəbəyə gələn avtomobil yolunun bağlı olması ictimai nəqliyyatın hərəkətində problemlər yaradıb: “Yolun bağlı olması qəsəbədə məskunlaşan məcburi köçkünlərin şəhərə gediş-gəlişini xeyli çətinləşdirib. Bu isə əhali narahat edir. Ona görə də aidiyyəti qurumlardan xahiş etmişik ki, yolda tikinti işlərini mümkün qədər sürətləndirsinlər”.
Qabil Quliyev qəsəbədə xeyir-şər evinin tikintisinin də nəzərdə tutulduğunu deyib. Onun sözlərinə görə, Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov daim qəsəbə ilə əlaqə saxlayır, problemlərlə maraqlanır və onun həlli istiqamətdə aidiyyəti qurumlara göstəriş və tapşırıqlarını verir: “Əli Həsənovun təşəbbüsü ilə qəsəbədə xeyir-şər evinin tikilməsi də nəzərdə tutulub. Bu yaxınlarda ictimai əsaslarla onun tikintisinə start veriləcək”.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentindən “Həftə içi”nə bildiriblər ki, 2 il əvvəl istifadəyə verilmiş məcburi köçkün qəsəbəsində indiyədək avtobus dayanacağının olmamasından xəbərdardırlar. Ancaq yeni dayanacaqlar hazır olan kimi məcburi köçkünlərin yaşadığı şəhərcikdə nəzərdə tutulan yerlərdə dayanacaqlar quraşdırılacaq: “Dayanacaqların nə vaxt alınacağı barədə hələ dəqiq məlumat verə bilmərik. Amma bu il həmin problem öz həllini tapacaq”.
Qələndər Xaçınçaylı
