Sosial (16-02-2015, 22:08)
Əhalinin pensiya yaşı
Azərbaycanda 2018-ci ildən başlayaraq kişilər və qadınlar üçün pensiya yaşı demoqrafik göstəricilərə uyğunlaşdırılacaq
Bu gün müxtəlif səbəblərdən dünyada insanların ömrü getdikcə qısalır. İndi bir çox ölkələrdə kişi və qadınlar 65-70 yaşlarına çatanda hansısa səbəblərdən dünyasını dəyişirlər. Amma insanların ömrünün qısalmasına baxmayaraq əksər ölkələr pensiyalara daha az vəsait xərclənməsi məqsədilə təqaüd yaşını artırmaq istiqamətində addımlar atırlar. Məsələn, Avropa İttifaqının üzvü olan bəzi ölkələrdə pensiya yaşını 65-dən yuxarı qaldırmaq istəyirlər. İttifaqın üzvü olan ölkələrdə 2050-ci ilədək pensiya yaşı qadınlarda 64,4, kişilərdə isə 64,6 olacaq.
Məlumat üçün bildirək ki, Avropa ölkəsi olan Avstriyada kişilərin pensiya yaşının artırılması həddi 61,5-dən 65 yaşa qədərdir. Qadınlarda isə 56,5-dən 60-ə qədərdir. Amma 2029-cu ildən sonra yaş həddi artırılacaq və həm qadınlar, həm kişilər üçün yaş həddi 65 olacaq. Bolqarıstanda kişilər pensiyaya 63 yaşında, qadınlar isə 60 yaşında pensiyaya çıxırlar. Danimarkada isə 2024-2027-ci illərə qədər pensiya yaşının həm kişilər, həm qadınlar üçün 65-dən 67-yə qaldırılması qərara alınıb. Estoniyada kişilər 63, qadınlar isə 61 yaşında pensiyaya çıxırlar.
Finlandiyada kişilər və qadınlar 63 yaşında pensiyaya çıxırlar. Fransada pensiya yaşı 60-dan 62-ə qaldırılıb, amma islahat tamamilə 2018-ci ildə həyata keçiriləcək.
Yunanıstanda hazırda pensiya yaşı həm qadınlar, həm kişilər üçün 60-dır, ancaq bu rəqəmi 65-ə qədər qaldrımaq istəyirlər. Niderlandda kişilər kimi qadınlar da 65 yaşında pensiyaya çıxa bilər, amma hökumətin bu rəqəmi 2020-ci ildə 66, 2025-ci ildə isə 67 yaşına qaldırmaq niyyəti var. Maltada qadınlar 60 yaşında, kişilər isə 61 yaşında pensiyaya çıxırlar. Amma 1962-ci ildən sonra doğulanlara yeni qanun tətbiq edilir, onlar 65 yaşında pensiyaya çıxacaqlar. Almaniyada Bundestaq 2007-ci ildə pensiya yaşının 65-dən 67-ə qaldırılması haqqında qərar qəbul edib, amma hər hansı şəraitdə 63 yaşında da çıxmaq olar. Alman islahatı 2030-cu ilə kimi davam edəcək. Portuqaliyada qadın və kişi pensiyaçılar üçün yaş həddi 65-dir.
Rumıniyada qadınlar 60, kişilər isə 63 yaşına qədər işləyirlər. 2014-cü ildə bu yaş həddi 65-ə qədər qaldırılacaq. Slovakiyada kişilər 60, qadınlar isə 57 yaşında pensiyaya çıxırlar. 2014-cü ildən sonra burada pensiya yaşı 62-ə qaldırılacaq. İsveçrədə qadın və kişilər 61 yaşında pensiyaya çıxırlar. Böyük Britaniyada kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 60-dır. 2018-ci ildə pensiya yaşı hər iki cinsin nümayəndələri üçün 66 olacaq.
Yeri gəlmişkən, Avropa İttifaqının üzvü olmayan Azərbaycanda 2015-ci ildən kişilərin pensiya yaşı 63, qadınlarınkı isə 60-dır. Lakin Azərbaycanda 2018-ci ildən başlayaraq kişilər və qadınlar üçün pensiya yaşı demoqrafik göstəricilərə uyğunlaşdırılacaq. Bu məsələ ölkə prezidenti tərəfindən təsdiqlənən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”ında yer alıb. Azərbaycanda kişilər və qadınlar üçün pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması istiqamətində tədbirlərin icrası Dövlət Sosial Müdafiə Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Buna qədər isə 2014-2015-ci illər ərzində Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortasına cəlb edilən əməkhaqqına müəyyən hədd qoyulmaqla, bu həddən yuxarı məbləğ üçün ödənilən sosial sığorta haqqının istifadəsinin vətəndaşların seçiminə verilməsini təmin etməlidir.
Məlumat üçün bildirək ki, son illər Azərbaycanda xüsusilə kişilər arasında 50 yaşdan sonra ölüm halları artmağa başlayıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2000-ci ildə ölkədə 50-54 yaşlı 1208 kişi dünyasını dəyişdiyi halda, 2012-ci ildə bu rəqəm 2508, 2013-cü ildə 2524 olub.
2000-ci ildə 55-59 yaşı olan 1302, 2012-ci ildə 2733, 2013-cü ildə 2806 kişi ölüb.
Azərbaycanda 60-64 yaşlı kişilər arasında ölüm halları 2000-ci ildə daha çox – 3307 olsa da, sonrakı illərdə bu göstərici azalmağa doğru gedib. Buna baxmayaraq, 2000-ci illə müqayisədə az olsa da, son illərdə 60-64 yaşlı kişilər arasında ölüm halları artır. Belə ki, 2011-ci ildə 2453, 2012-ci ildə 2725, 2013-cü ildə 2811 60-64 yaşlı kişi dünyasını dəyişib.
«Yaşa uyğun artımlar edilməlidir»
Məsələyə münasibət bildirən İqtisadi və Sosial İnkişaF Mərkəzinin rəhbəri Vüqar Bayramov da hesab edir ki, kişilər və qadınlar üçün pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması vacibdir. Hətta onun sözlərinə görə, pensiyanın məbləği vətəndaşların yaşına uyğun olaraq artırılmalıdır: “Statistikaya görə, Azərbaycanda yaşı 70-dən çox olanların sayı 390 min nəfərdir. Təklif edirik ki, pensiyaçıların yaşı 70-ə çatdıqda təqaüd məbləği 10 faiz, 75-ə çatdıqda 20 faiz, 80-i keçdikdə isə 30 faiz artırılsın. İnsanların əksəriyyəti pensiya yaşına çatdıqdan qısa müddət sonra, hətta pensiya yaşı tamam olmamış dünyalarını dəyişirlər. Nəzərə alsaq ki, vətəndaş 18 yaşında işləyir, sosial ödəniş edir və 60 yaşında rəhmətə gedir, 42 il sosial ödəniş etməsinə baxmayaraq, bir qəpik belə pensiya formasında geri ala bilmir. Bunu nəzərə alaraq pensiya yaşının müəyyənləşdirilməsi ilə bağlı Amerikan modelini təklif edirəm. Bu modelin üstünlüyü ondan ibarətdir ki, pensiyaçı pensiya yaşını özü müəyyənləşdirir. Əgər vətəndaş 40 yaşına qədər böyük bir məbləğdə sosial ödəniş edibsə, onun pensiya formasında geri qaytarılması mümkündür. Yəni, vətəndaş əmək pensiyasına çıxmaq üçün, yaş pensiyasının vaxtını gözləməyəcək”.
Ekspert əmək pensiyası üçün vacib olan 12 illik iş stajı tələbinin aradan qaldırılmasını da təklif edir: “Bunun əvəzində, ilk 12 il aşağı əmsalla, ondan sonrakı illər yuxarı əmsalla pensiya hesablansın. Hazırda təxminən 1 milyon 200 minə yaxın pensiyaçı həm əmək, həm də yaş pensiya alır. Bundan əlavə kişi və qadınların pensiyaya çıxma yaşı bərabərləşdirilməlidir. Həm qadınlar, həm də kişilər üçün ideal pensiyaya çıxma vaxtı 60 yaşdır”.
Avropada əsas problem qocalıqdır
Mövzu ilə bağlı fikirlərini bölüşən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə öz açıqlamasında deyib ki, Azərbaycanda qocalıq üçün həyat şəraitinin yaxşı olduğunu söyləmək qeyri-mümkündür: “Əslində ölkəmizdə ahılların yaşayış tərzi ümumi həyat səviyyəsinin tərkib hissəsidir. Ümumilikdə bizim həyat səviyyəmiz necədirsə, yaşlıların da həyat tərzi ona adekvatdır. Avropa ölkələrində ümumi yaşayış tərzi yüksək olduğuna görə, onların yaşlı həyatına da bu öz müsbət təsirini göstərir. Ən azı Avropa ilə müqayisədə bizdə həyat səviyyəsi çox aşağıdır. Digər tərəfdən
Avropada yaşlılar təqaüdə çıxdıqda sanki ikinci dəfə doğularaq yaşamağa başlayırlar. Avropa bir dəfə də olanlar bunu təsdiq edə bilərlər ki, oradakı turistlərin çoxunu yaşlı təbəqə təşkil edir. Bunun şahidi olmaq üçün uzağa getmək lazım deyil, elə paytaxta da biz bunun əyani görə bilərik. Bakıya gələn və adətən qrup şəklində gəzən turistlərin çoxunu yaşlı kateqoriyaya daxil etmək olar. Amma bizdə qocalarkən sanki insan oturub ölümünü gözləyir. Avropa isə qoca turistlərlə doludur».
Ekspertin sözlərinə görə, hazırda Avropada əsas problem qocalıq problemdir: “Yəni əhali kütləvi şəkildə qocalır, yaş dövrü uzanır və bu da büdcə üçün yük olur. Onlarda həyat səviyəsi yüksək olduğuna görə, yaşlı insanlar təqüdə çıxandan sonra təxminən 10-20 il də yaşayırlar. Bu büdcə isə dövlət üçün bir yükə çevrilir. Sağlamlıq baxımından bu normaldır, lakin büdcə üçün bu problemdir. Məhz bu səbəbdən Avropada təqaüd yaşı artırılır. Azərbaycan da bunun tərkib hissəsi olaraq beynəlxalq təşkilatların tövsiyəsi ilə təqaüd yaşı yüksəldilir. Lakin bu məsələlərdə mütləq demoqrafik göstəricilərin nəzərə alınması vacibdir».
Sevinc
