Bakının Nərimanov rayon İcra Hakimiyyəti və “Araz-2011 A” MMC vətəndaşı məhkəmə yolu ilə evindən küçəyə atır. araz.az Tribunainfo.az-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində İH və tikinti firmasının iddiası əsasında İmanov Aftandil Gəncəli oğlu barəsində işə baxılıb. Proses oktyabrın 10-da keçirilib. Hakim Namiq Cəfərov işə sədrlik edib.
Mediada yayılan xəbərlərə görə, adıçəkilən şirkət Abşeron rayon icra başçısı Abdin Fərzəliyevə məxsus olsa da, MTK-nın rəsmi təsisçisi Şərur rayon sakini, icra başçısının qohumu Mahir Cəfərov Fərhad oğludur. Abdin Fərzəliyev Abşeron rayon İcra Hakimiyyətində icra başçısı olsa da, “Araz-2011 A” MMC Nərimanovda hazırda tikinti işlərini davam etdirir.
Abdin Fərzəliyevin bütün bu işlərinə isə Nurlan Həsənov nəzarət edir. N.Həsənov Nərimanov İcra Hakimiyyətinin “kilid adamı” adını da alıb. O, Nərimanov RİH-də İctimai-siyasi və humanitar məsələlər şöbənin müdiri olub. Hazırda isə N.Həsənov Abşeron rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsələhətçi vəzifəsində çalışır. Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.