Siyasət (15-03-2022, 13:02)
İran Zəngəzur dəhlizinə yol verməklə Ermənistanı faktiki olaraq ofsaytda qoydu - FAKT BUDUR!

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib ki, lazımi infrastruktur qurularsa, Azərbaycan və İran arasında tranzit sahəsində yeni imkanlar yaranacaq. Xətibzadənin sözlərinə görə, ötən bir neçə ay ərzində iki ölkə arasında əlaqələr daha da intensivləşib: “Nəticədə birgə komissiyanın iclası təşkil olunub və sənəd imzalanıb”. O əlavə edib ki, ötən 30 il ərzində Azərbaycan vətəndaşları Naxçıvana gedib-gəlmək üçün Biləsuvar sərhəd-keçid məntəqəsindən keçməklə İran ərazisindən istifadə edirdilər: “Müharibə başa çatdıqdan sonra Naxçıvana daha yaxın məntəqədən istifadə etməklə İran ərazisindən keçmək məsələsi irəli sürülüb”. Araz çayı üzərində salınacaq iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, həmçinin rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Tərəflərin ərazilərində gündə 500 ədəd giriş-çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini planlaşdırır. Prinsip etibarilə Araz çayının sağ sahilindən Ordubada gediş-gəlişi təmin edən yol əvvəldən olub. Təəssüf ki, 27 illik işğal prosesi digər yollar kimi, bu yolun da istifadəsini mümkünsüz etdi. Yeni memorandumla isə artıq həmin yol Zəngəzur dəhlizi kontekstində şaxələnəcək. İran ərazisi vasitəsilə yeni kommunikasiya bağlantılarının yaradılması layihəsi geniş mənada regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq layihə hesab olunur. Rəsmi Tehran da bunu yaxşı başa düşür. İran tərəfi həm də onu anlayır ki, belə bir layihə Ermənistan ərazisindən deyil, məhz onun ərazisindən keçərsə, bu, İranın da regionda rolunu artıracaq. Sözügedən Anlaşma Memorandumunun qeyri-müəyyən müddətə bağlanması da bunu bir daha təsdiq edir. İrandan fərqli olaraq Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında faktiki olaraq maneçilik törədir. Rəsmi İrəvan bu günə qədər müxtəlif bəhanələrlə qəsdən dəhlizi əngəlləməyə çalışır. Ermənistan siyasi dairələri anlamır ki, bu dəhlizin reallaşması hər şeydən öncə rəsmi İrəvanın özü üçün əlavə dividendlər yaradacaq. Misal üçün, dəhlizin Ermənistan ərazisindən keçməsi iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın blokadadan çıxması, dünyaya inteqrasiyasını sürətləndirə bilər. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması Ermənistanı regionda yaradılacaq TANAP bənzəri ehtimal yeni layihələrdə pay sahibi edə bilər. İran tərəfi uzaqgörən siyasətdən məhrum Ermənistan hakimiyyətindən fərqli olaraq regional reallığı dərk edərək Ermənistana təklif edilən bu fürsətdən yararlanmağı bacardı. Rəsmi Tehran yeni kommunikasiya bağlantısını Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda ərazisindən keçirməklə Ermənistanı faktiki olaraq ofsaytda qoymuş oldu. Rəsmi Bakı İranla imzalanan Anlaşma Memorandumu ilə İrəvanı seçim qarşısında qoydu. Yəni ya Zəngəzur dəhlizinin açılması ilə razı olmalı, ya da regional layihələrdən kənarda qalmalıdır.
Millət vəkili Tahir Mirkişili Azərbaycanla İran arasında imzalanmış Anlaşma Memorandumunu tarixi hadisə adlandırıb. Deputat bildirib ki, sazişə əsasən Araz çayı üzərində tikilən körpülər vasitəsilə Zəngilan rayonu ilə Ordubad rayonu avtomobil, dəmir yolu, elektrik, qaz, rabitə xətləri ilə birləşdiriləcək:
“Bu saziş Azərbaycan və İranın dövlət maraqlarına xidmət edən layihənin reallaşması üçün yeni mərhələnin başlanması deməkdir. Sazişlə əslində Azərbaycan Zəngəzur dəhlizini cənub istiqamətində genişləndirdi. Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin şimal istiqaməti ilə bir-birini tamamlayacaq. Lazım gəldikdə isə əvəzedici rolunu oynayacaq bu yeni kommunikasiya yolu Azərbaycanın və partnyorlarının imkanlarını xeyli genişləndirəcək. Hər hansı bir dövlətin inhisar mövqeyini aradan qaldıracaq. Qısacası, bu saziş ilə Azərbaycan Ermənistanın yersiz və səbatsız siyasi hesablarını alt-üst etdi. Zəngəzur dəhlizindən Azərbaycana təzyiq aləti kimi istifadə etməyi planlaşdıran Ermənistan sonda özü təzyiq altına düşdü. İndi artıq Ermənistan Azərbaycanla Şimali Zəngəzur dəhlizinin açılmasını yeni şərtlər və şəraitdə müzakirə etməli olacaq. İqtisadiyyat romantizmi sevmir, o, praqmatizmə və dəmir məntiqə əsaslanır. Ermənistan vəziri vurulmuş, vəzir olmağa çalışan piyada gedişləri ilə məşğuldur”.
Millət vəkili Vüqar Bayramov da bəyan edib ki, yeni kommunikasiya bağlantılarının yaradılması regionun nəqliyyat infrastrukturunun genişlənməsinə imkan verəcək. Deputat qeyd edib ki, anlaşmada layihənin maliyyələşdirilməsi üzrə də razılıq əldə edilib:
“Azərbaycan Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, İran isə Naxçıvan MR-nın Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün tikintisini maliyyələşdirəcək. Avtomobil yoluna paralel dəmir yolu xətti də inşa ediləcək. Növbəti 6 ayda dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsi məsələsi də razılaşadırılacaq. 2020-ci il noyabrın 10-da bağlanan üçtərəfli anlaşmadan keçən müddətdə Ermənistan Zəngəzur dəhlizinin qısa zamanda yaradılmasına əngəllər yaratdı. Halbuki, Ermənistan ərazisindən belə dəhlizin reallaşması iqtisadi baxımdan bu ölkənin özü üçün də yeni imkanlar yarada bilərdi. Digər tərəfdən, Ermənistan Zəngəzur dəhlizinə “dəhliz” deyil, “yol” kimi baxaraq bu faktordan gələcəkdə Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyə can atırdı. Halbuki, heç bir halda kommunikasiyalarda regionun Ermənistandan asılılığı mümkün deyil. İrəvandakı revanşist meyillər bu reallığı qəbul etməyə imkan vermədi. Azərbaycan Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda - İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı yaratmaqla öz planlarını reallaşdırdı. Yenidən Ermənistan mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qaldı. Yeni layihə regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımdan vacib olmaqla yanaşı, bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühümdür. Regionun kifayət qədər iqtisadi potensialı var. Bu da regional nəqliyyat infrastrukturunun əhəmiyyətini daha da artırır. Digər tərəfdən, bu nəqliyyat xəttinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşağına çevirəcək”.
Parlament üzvü deyib ki, anlaşma Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək: “Bu yol xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmin edilməsi baxımından əhəmiyyətli olacaq. Eyni zamanda, elektrik enerjisi ixracatçısı olan Azərbaycan İran ərazisindən keçməklə yalnız Naxçıvana və qardaş Türkiyəyə deyil, daha geniş coğrafiyaya, o cümlədən Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanacaq. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda region üzərindən daşınan beynəlxalq yüklərin həcmində artımların olacağı gözlənilir. Bu isə ondan xəbər verir ki, yeni anlaşma ilə Azərbaycan regiondakı geosiyasi mövqeyini daha da gücləndirə biləcək. Etiraf etmək lazımdır ki, bu layihə Azərbaycan diplomatiyasının mühüm qələbəsidir və ölkəmizin iqtisadi inkişafına xüsusi töhfə verəcək. Regionda yeni düzən formalaşmaqdadır. İnanırıq ki, bu düzən fonunda tezliklə yeni xoş reallıqlar gerçəkləşəcək”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
29 06 2025
29 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025