Siyasət (11-01-2022, 15:39)
“Bəsitçay”ın sanitar-mühafizə zonasının xəritəsi hazırlanır

“İşğaldan azad edilmiş torpaqlarda mühafizə olunan təbiət əraziləri bərpa ediləcək. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq “Bəsitçay” Dövlət Təbiət Qoruğu yenidən bərpa olunur. Artıq bu ərazinin sanitar-mühafizə zonasının xəritəsinin hazırlanması prosesi start götürüb”.
Bu fikirləri “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib. O bildirib ki, qoruğun yenidən fəaliyyətinin bərpası istiqamətində iş gedir.
““Bəsitçay” Dövlət Təbiət Qoruğunun sanitar-mühafizə zonasının xəritəsinin, fauna və florasının dəyərləndirilməsi işlərinə başlanılıb. Həmçinin ötən il “Bəsitçay” qoruğu ərazisinə, Xaçınçaya müxtəlif növ balıqlar buraxılıb. Bu il də proses davam edəcək. Növbəti mərhələdə digər ərazilərin bərpası ilə bağlı işlər görüləcək”.
A.Səmədovanın sözlərinə görə, işğaldan azad edilmiş rayonlarda 6 xüsusi mühafizə olunan təbiət ərazisi var. Bunlardan ikisi qoruq, dördü yasaqlıqdır.
