Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (2-04-2021, 13:50)
Paşinyan Rusiya ilə müttəfiqlikdən imtina edə bilər: - "Silahlı səfil" Türkiyəyə ümid bəsləyir

Paşinyan Rusiya ilə müttəfiqlikdən imtina edə bilər:
Ermənistan cəmiyyəti tərəddüdlər içərisində çabalayır. Bu ölkədə gələcəyi seçmək problemi yaşanır. Və biabırçı şəkildə məğlub olduqları savaşdan sonra qarşılarında gedə biləcəkləri cəmisi iki istiqamət var.

Həmin istiqamətlərdən birisi erməniləri birbaşa keçmişə götürəcək. Yenə qonşularla dava-dalaş içərisində olacaqlar. İçində heç bir şey olmayan boş və mənasız "erməni xəyalları" ilə baş-başa qalacaqlar.

Bu istiqamətin erməniləri ən azından gələcəyə aparmayacağı şübhə doğurmur. İndiyə qədər Kremlin təlimatlarına necə boyun əyib, Rusiyaya vassallıq etmişdilərsə, eləcə də davam etməli olacaqlar. Və yəqin ki, nə vaxtsa, inkişafdan geri qaldıqları üçün mövcudluqları da təhlükə altında qalacaq.

Ancaq ikinci istiqamət də var. Bu istiqamət erməniləri dünyanın avanqard toplumuna çevirməsə belə, müasir dünya ilə bərabər addımlamaq şansı verə bilər. Sadəcə, bu perspektivli istiqaməti erməni zehniyyəti qəbul etməkdə çətinlik çəkir. Çünki, qəbul edəcəyi təqdirdə, həmişə qurbanı olduğu boş xəyallarından imtina etməli olacaqlar. Qonşularla düşmənçilikdən imtina etmək, reallıqlarla üzləşmək, yenilənmək, fərqli toplum olmağı öyrənmək məcburiyyətində qalacaqlar.

Ona görə də, indi erməni toplumu ikiyə bölünüb. Hər iki istiqamətin öz tərəfdarları var. Birinci istiqaməti "erməni xəyalları" üzərində "siyasi biznes" qurub, sərvət toplayanlar müdafiə edirlər. Onları Ermənistanın gələcək taleyi düşündürmür. Əsas məsələ meydana nəzarəti həmişəlik əldə saxlamaqdır.

Digər istiqamətin tərəfdarları isə Ermənistanın indiki şərtlər altında mövcud ola bilməyəcəyini nəhayət ki, anlamağa başlayanlardır. Onlar qonşularla münasibətləri normallaşdırıb, iqtisadi-ticari əlaqələr qurmadan bu ölkənin inkişaf etməyəcəyi qənaətinə artıq gəliblər. Və artıq bu istiqamətdə konkret addımların atılmasını istəyirlər, öz fikirlərini tədricən cəmiyyətə təqdim edirlər.

Maraqlıdır ki, bu mövqe Ermənistanın hakim siyasi komandası daxilində daha sürətlə yayılmaqdadır. Paşinyan hakimiyyəti ölkənin xilasını qonşularla normal münasibətlərin qurulmasında və nəqliyyat-kommunikasiya xətlərinin açılmasında gördüyünü sezdirir. Nə qədər güclü müqavimətlə üzləşsə də vaxtaşırı bu reallığı ictimailəşdirməyə cəhd göstərir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bu barədə son açıqlamaları ölkədə müəyyən mənada, siyasi qalmaqal yaradıb. O, bildirib ki, Ermənistan Türkiyəyə münasibətdə yanaşma tərzinə düzəlişlər etməlidir: "Əgər bölgənin kommunikasiya xətlərini açmaq istəyiriksə, onda yanaşmalarımıza da müəyyən düzəlişlər edilməlidir. Biz bu istiqamətdə işləyirik".

A.Qriqoryan Ermənistana Türkiyədən artıq hər hansı təhlükənin gözlənilmədiyini iddia etmədiyi də vurğulayıb. Onun fikrincə, Türkiyədən təhlükə ehtimalı tam sovuşmada da, hər halda, bölgədəki ümumi proseslər başqa imkanlar da açır.

Ona görə də, Ermənistan rəsmisi nəqliyyat-kommunikasiya xətlərinin açılması prosesinin yalnız Azərbaycan ilə məhdudlaşmalı olmadığını düşünür və Türkiyə faktorunun da diqqətdə saxlanmasının vacibliyini müdafiə edir: "Buna daha geniş bir regional yanaşma lazımdır. Bunun üçün imkanların olduğunu düşünürük".

A.Qriqoryanın dediyinə görə, Ermənistan və Türkiyə arasında hələlik birbaşa təmaslar və dialoq mövcud deyil. Ancaq hər iki qonşu ölkənin rəsmi təmsilçilərinin bu barədə açıqlamaları optimist düşünmək üçün müəyyən əsaslar verir.

Təbii ki, Ermənistan Təhlükəsizlik Şurası katibinin bu mövqeyi ölkədə ciddi siyasi qalmaqala səbəb olub. Məsələyə ilk münasibət bildirənlərin sırasında Ermənistanın xarici işlər naziri Ara Ayvazyan da var. O, ölkədə ənənəvi xəyallara bağlı ideoloji xəttin tərəfdarlarındandır. Ancaq Paşinyan hakimiyyətində təmsil olunduğundan hökumətin siyasi kursuna kəskin müqavimət göstərməyə cəsarət etmir. Ancaq öz etirazını daha çox Türkiyəni Ermənistana qarşı aqressiv mövqedə suçlamaqla sezdirməyə çalışır: "Ermənistan ümid edir ki, Türkiyə öz aqressiv siyasətinə yenidən baxacaq, düzəlişlər edəcək".

Ancaq qəribə də olsa, erməni nazir Türkiyənin hansı davranışından narazı qalaraq, ehtiyat etdiyini dəqiqləşdirməyə həvəs göstərməyib. Sadəcə, davamlı sülhün və sabitliyin regionda hansı perspektivlərə yol açacağını anladıqlarını vurğulamaqla, kifayətlənib: "Ancaq real sülh yalnız rəsmi Ankara öz siyasi kursuna yenidən baxacağı təqdirdə, mümkün ola bilər. Tarixdə faciəvi keçmişə malik ölkələrin mehriban qonşuluq münasibətləri qurması ilə bağlı örnək var".

Ancaq Ermənistanın xarici işlər naziri ölkəsinin həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddialarından hələ də imtina etmədiyini nədənsə, unudur. Halbuki Türkiyə indiyə qədər Ermənistana qarşı siyasi qınaqdan kənara çıxan hər hansı aqressiv addım atmayıb. Üstəlik, rəsmi İrəvan Türkiyəyə qarşı qondarma "erməni soyqırımı" iddialarından da vaz keçməyib.

Digər tərəfdən, rəsmi Ankaranı aqressiv siyasətdə suçlasa da, erməni nazir ölkəsində Türkiyə bayrağının yandırılmasına da münasibət bildirməyib. Halbuki bu, onun dediklərinin əksinə olaraq, Ermənistanda Türkiyəyə qarşı aqressivliyin hansı səviyyədə olduğunu göstərir. Üstəlik, bu barbar təxribat erməni terrorizmini təmsil edən "Daşnaksütyun"partiyasının təmsilçiləri tərəfindən törədilib. Daşnaklar bununla A.Qriqoryanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması çağırışına etiraz etdiklərini bildiriblər.

Ancaq Ermənistan Təhlükəsizlik Şurası katibinin dediklərinə etirazlar yalnız bununla məhdudlaşmır. Belə ki, bəzi erməni siyasətçiləri və politoloqları A.Qriqoryanı Türkiyəyə satılmaqda suçlayırlar.

Göründüyü kimi, Ermənistanda ölkənin xilas və gələcək inkişaf yolunu düzgün müəyyən edə bilən siyasətçilər hər halda, olmamış deyil. Ancaq onlar bu barədə danışarkən, mütləq sərt reaksiya və açıq təhdidlərlə üzləşirlər. Bu baxımdan, Ermənistan cəmiyyətində xilas yolu ətrafında müzakirələr və mübahisələr hələ uzun müddət davam edəcək kimi görünür.

Halbuki, Ermənistanın bunun üçün o qədər də çox vaxtının olduğunu düşünmək ciddi səhv olardı. Hər halda, Ermənistan iqtisadiyyatının indiki vəziyyəti, əhalinin sosial rifah durumu, ölkədə böhranın daha da dərinləşməkdə davam etməsi təxirəsalınmaz addımların atılmasını tələb edir. İtirilən hər gün vəziyyəti daha da ağırlaşdırır.

Təbii ki, Paşinyan hakimiyyəti də bu reallığı anlayır. Eyni zamanda, Ermənistanın yenidən dirçəldilməsi üçün Rusiya ilə hərbi müttəfiqlik münasibətlərinin yetərli olmadığı da hər kəsə aydındır. Çünki Rusiya Ermənistana silah versə belə, maliyyə verməyəcək, iqtisadiyyatinı inkişaf etdirə bilməyəcək.

Ona görə də, Ermənistan maliyyə-iqtisadi böhrandan xilas olmaq istəyirsə, mütləq Azərbaycan və Türkiyə ilə yeni münasibətlər modeli tapmağa məhkumdur. Əks halda, Ermənistan "əlində istifadə edə bilmədiyi Rusiya silahı ilə tutmuş aciz səfil" obrazı ilə barışmalı olacaq.

Bəzi ehtimallara görə, növbədənkənar seçkiləri Ermənistanın gələcək taleyini müəyyən edəcək əsas faktora çevrilə bilər. Əgər, revanşist siyasi xətt qalib gələrsə, bunun Ermənistan üçün sonun başlanğıcı olacağı istisna deyil.

Paşinyan hakimiyyəti öz mövqelərini qoruyacağı təqdirdə isə, Ermənistanın Türkiyə və Azərbaycana doğru meyllənərək, yeni inkişaf mərhələsinə keçmək qərarı verəcəyi gözlənilir. Bu, sonrakı mərhələdə proseslərin inkişafından və geopolitik situasiyadan asılı olaraq, hətta Rusiya ilə hərbi müttəfiqlik münasibətlərindən imtina edilməsinə qədər də inkişaf edə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"
шаблоны для dle 11.2

Xəbər lenti
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
22 09 2024
22 09 2024