Siyasət (29-03-2021, 17:45)
Tacikistan Prezidenti Ceyhun Bayramovu qəbul etdi - Foto
Xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Prezidenti Emomali Rahmon tərəfindən qəbul edilib.
XİN-dən “Mediatv.az”a verilən məlumata görə, görüşdə Azərbaycan və Tacikistan arasında mövcud olan ikitərəfli münasibətlərin hərtərəfli inkişafına dair məsələlər müzakirə olunub.
Tacikistan Prezidenti Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq ölkənin son illər ərzində keçdiyi inkişaf yolunu xüsusi olaraq vurğulayıb. O, Prezident İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət edib.
Tacikistan Prezidenti Azərbaycanın “COVID-19” ilə mübarizədə Tacikistana göstərdiyi yardımı yüksək qiymətləndirərək, pandemiya müddətində Azərbaycanın Tacikistan mallarının tranzit daşımaları üçün xüsusi şərait yaratdığını vurğuladı və bununla əlaqədar Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Nazir Ceyhun Bayramov qəbula görə Tacikistan Prezidentinə təşəkkürünü bildirib və Azərbaycan Prezidentinin səmimi salamlarını qarşı tərəfin diqqətinə çatdırıb.
Nazir bölgədə olan cari vəziyyət, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş dağıntılar, Azərbaycanın tarixi və mədəni irsinə vurulmuş ziyan, habelə bu ərazilərin yenidən qurulması və bərpası istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən işlər ilə bağlı qarşı tərəfə məlumat verib.