Siyasət / Slayd (4-03-2021, 18:46)
HAKİM PARTİYANIN QURULTAY SÜRPRİZİ..
Yeni Azərbaycan Partiyasının (YAP) sabah keçiriləcək qurultayında partiyanın rəhbərliyində ciddi dəyişikliklərin olacağı gözlənilir. Bu dəyişiklik hakim partiyanın rəhbərliyinə yalnız gənclərin cəlb edilməsi, qocaların yola salınması ilə bağlı olmayacaq.
Belə ki, qurultaydan öncə və qurultay zamanı bir sıra partiyaların YAP birləşdirilməsi ilə bağlı qərar verilib. Şübhə doğurmur ki, YAP-a birləşmə qərarı verən partiyaların rəhbərləri də hakim partiyanın vitrinində təmsil olunacaq. Bu isə YAP Siyasi Şurasında və İdarə Heyətində ciddi dəyişikliklərin olacağını, cəmiyyətdə mənfi imicə malik "köhnə" YAP-çıların partiyanın rəhbər strukturlarından uzaqlıraşdırılacağını gözləməyə əsas verir.
Artıq YAP birləşmək qərarı verən partiyaların adları da məlumdur. Hətta onlardan biri qərarını bu gün açıqlayıb.
Belə ki, bu gün V qurultayını keçirən Milli Qurtuluş Partiyası (MQP) da YAP-a birləşmək haqda qərar qəbul edib.
Partiyadan "AzPolitika.info"ya göndərilən məlumatda bildirilir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq qurultay onlayn formada baş tutub. Şəhidlərimizin, partiyanın ilk başqanı, Milli Azadlıq Hərəkatının liderlərindən olan mərhum Məhəmməd Hatəmi Tantəkinin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilən qurultayda partiya başqanı Vüqar Orucun və Mərkəzi Nəzarət-Təftiş Komissiyası sədrinin fəaliyyət hesabatları dinlənilib.
Partiya başqanı Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması təşəbbüsü ilə çıxış edib və məsələ gündəliyə daxil edilib.
Məsələ səsə qoyulub və partiya üzvləri yekdilliklə Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar qəbul ediblər" -deyə, məlumatda qeyd olunub.
Qeyd edək ki, musavat.com-un məlumatına görə, daha 4 partiya sabahkı qurultaya Yeni Azərbaycan Partiyasına qoşulacaq.
Onlar aşağıdakılardır:
- Azərbaycan Demokratik Sahibkarlar Partiyası, sədri Qasım Qasımov,
- Azərbaycan Kəndli Partiyası sədri Məmməd Məmmədov,
- Azərbaycan Xalq Demokratik Partiyası, sədri Rafiq Turabxan.
- Azərbaycan Yurddaş Partiyası, sədri Gülay Quliyeva.
Partiyaların dördü də qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçiriblər.
Qasım Qasımov hakimiyyət partiyasına birləşmək barədə qərarı martın 2-də rəsmən qəbul etdiklərini bildirib.
Onun sözlərinə görə, YAP-a birləşmək qərarına Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra gəliblər: “Çox böyük əziyyət hesabına başa gəlmiş milli həmrəyliyin qorunması naminə, qələbələrimizi möhkəmlətmək işində cənab Prezidentimizə hakim partiyanın üzvü olaraq dəstək vermək üçün bu qərarı vermişik. Belə bir qərar verəcəyimizlə bağlı YAP-la danışıq aparmamışıq. Martın 1-də keçiriləcək qurultaya partiya sədri olaraq dəvət olunmuşam. Yəqin ki, qərarımızı da qurultayda rəsmi təqdim edəcəyəm və məsələyə YAP-ın qurultayı baxacaq”.
Q.Qasımov deyib ki, YAP-a birləşəcəkləri halda hakim partiyada hansısa vəzifədə təmsil olunub-olunmayacağını söyləmək hələ ki, tezdir.
R.Turabxan məlumat verib ki, partiyasının rəhbər strukturları bu qərarı qəbul ediblər.
Partiya sədri Yeni Azərbaycan Partiyasının qurultayına dəvət aldığını da bildirib: “Martın 4-də keçirəcəkləri qurultaya dəvət edilmişəm. Ola bilsin ki, qərarımızı qurultayda açıqlayacağıq. Biz tərəfdən bu məsələdə problem yoxdur”.