Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-02-2021, 13:00)
"Azərbaycan ərazilərini Rusiya protektaratına çevirmək istəyirlər" - NƏ BAŞ VERİR?

"Azərbaycan ərazilərini Rusiya protektaratına çevirmək istəyirlər"
Dağlıq Qarabağdakı separatçılar rus dilini “ikinci dövlət dili” elan edib. Buna dair qanunvericilikdə dəyişikliklər layihəsi separatçı rejimin parlamentinin saytında yerləşdirilib. “Dağlıq Qarabağın rəsmi dilləri erməni və rus dilləridir“, deyə qeyd olunan sənədə əsasən “dövlət orqanları”, hüquqi şəxslər, müəssisə və təşkilatlar ofis işlərini erməni dilində, lazım gələrsə rus dilində aparmağa borcludurlar. Erməni mətbuatında yer alan informasiyada isə deyilir ki, rus dilinin statusunun yüksəldilməsi bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə şərait yaradacaq: “Qarabağ və Rusiya arasında mədəni, hərbi, iqtisadi əlaqələrin tarixi yaddaşı nəzərə alınmalıdır. Qarabağlı üçün ikinci ünsiyyət dilinin rus dili olduğu bu baxımdan diqqətdə saxlanılır. Rus dilinin statusunun yüksəldilməsi bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə şərait yaradacaq və görünən odur ki, gələcəkdə bu, Rusiya ilə münasibətlərin qanuni çərçivədə inkişafına kömək edəcək”.

Onu da nəzərinizə çatdıraq ki, sözügedən məsələ ilk dəfə ötən ilin dekabr ayında gündəmə gələrkən, Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov rus dilinə “dövlət dili” statusunun verilməsinin ölkələrin daxili işi olduğunu bəyan etmişdi: “Rus dili hər halda Qarabağda istifadə olunur, Ermənistanda da, Azərbaycanda da rusca danışılır və rus dilində dünyanın bir çox yerində, o cümlədən keçmiş Sovet İttifaqı məkanında da danışılır. Və deyirlər ki, əlverişli bir ünsiyyət dili olduğundan və hələ də öyrənilməkdədir. Təbii ki, biz bunu hər şəkildə alqışlayırıq, rus dilində bilik səviyyəsinin yayılmasını və saxlanmasını daha da təşviq etməyə hazırıq, bunu öz vəzifəmiz hesab edirik. Rusiya Ermənistan və Azərbaycanda rus dilinin ikinci dövlət dilinə çevrilməsini təklif etmir. Bu, hər hansı bir ölkənin – Azərbaycanın və Ermənistanın daxili işidir. Dağlıq Qarabağda rus dilinə dövlət statusu verilməsi danışıqların və ya əlaqələrin mövzusu deyil, bu, rus dilinin Azərbaycan və Ermənistanda danışılmasının de-fakti vəziyyətidir”.

“Rusiyalı hərbçilərin bölgədəki fəaliyyəti erməni separatizmini mümkün qədər qorumağa xidmət edir”

Şübhəsiz ki, Dağlıq Qarabağdakı separatçıların rus dilini “ikinci dövlət dili” elan etməsi erməni tərəfinin növbəti təxribatı, Rusiyanın, əsasən də bölgədəki rus sülhməramlılarının dəstəyini qazanmaq cəhdi kimi dəyərləndirilməlidir. “Mediatv.az” xəbər verir ki, mövzuya məhz bu konteksdən yanaşan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Dağlıq Qarabağ separatçılarının rus dilini “ikinci dövlət dili” kimi tanıması təxribat olmaqla yanaşı, uzaq məsafəyə hesablanmış hiyləgər gedişdir: “Keçmiş sovet məkanında rus dilində ən zəif danışan millətlərdən biri ermənilərdir. Ancaq bu, ermənilərin Rusiyanın vassalı olmasına mane olmur. Halbuki Rusiyanın siyasi dairələrində də bilirlər ki, İrəvanda nə rus dilində məktəb, nə də Ermənistanda bu dilin geniş yayılması üçün zəmin var. Buna baxmayaraq, erməni separatçılarının rus dilini “ikinci dövlət dili” kimi tanıması Rusiyanın siyasi dairələrində xoş qarşılanacaq. Erməni separatçılarının ümidi də bunadır”.

Ötən ilin noyabr ayının 10-dan bu yana, başda Azərbaycan prezidenti olmaqla, cəmiyyətimizdə rusiyalı hərbçilərin Dağlıq Qarabağdakı fəaliyyətlərinə dair xeyli sualların və iradların səsləndiyini vurğulayan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri bu 3 ayda ermənilərin dilindən Rusiya hərbçilərinin fəaliyyəti ilə bağlı hər hansı irada rast gəlmədiyini bildirib: “Bu o demək deyil ki, ermənilər rusiyalı hərbçilərin fəaliyyətindən tam razıdırlar. Misal üçün rusiyalı hərbçilər Laçın dəhlizi üzərindən Dağlıq Qarabağa keçmək istəyən Fransa nümayəndə heyətini geri qaytardılar. Aydındır ki, bu olay Ermənistan hakimiyyətinin və Dağlıq Qarabağdakı separatçıların xoşuna gəlməyib. Ancaq səslərini çıxartmadılar. Çünki bilirlər ki, kiçik istisnalar xaricində rusiyalı hərbçilərin bölgədəki fəaliyyəti ümumilikdə erməni separatizmini mümkün qədər qorumağa xidmət edir.

“Separatçıların məqsədi aydındır, onlar növbəti dəfə Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyirlər”

Mövzu ilə bağlı “Mediatv.az”a açıqlama verən politoloq İlqar Vəlizadə də hesab edir ki, erməni separatçılarının rus dilini “ikinci dövlət dili” elan etmələri absurd qərardır: “Bildiyiniz kimi, Dağlıq Qarabağdakı qondarma rejimi heç kim, münaqişə tərəfləri və digər maraqlı ölkələr tanımır. Bu səbəbdən də onların bu addımı regionda heç nəyi dəyişdirməyəcək. Amma separatçıların məqsədi aydındır. Belə ki, onlar növbəti dəfə Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyirlər. Düşünürəm ki, bu, Azərbaycanın sərt reaksiyasına hesablanmış addımdır. Yəni rəsmi Bakı sərt reaksiya verdikdə deyəcəklər ki, guya Azərbaycan rus dilinin yayılmasına qarşı çıxır. Qeyd etdiyim kimi, burada əsas məqsəd Azərbaycanla Rusiyanı üz-üzə qoymaqdır”. Politoloq bu qənaətdədir ki, bütün hallarda diplomatik səviyyədə aparılan işlər separatçıların addımının əhəmiyyətini heçə endirəcək: “Çünki hazırda üçtərəfli sazişin imzalanması ilə bağlı əməli işlər gedir. Belə ki, komissiya yaradılır, yeni reallıqlar mövcuddur, yeni nəqliyyat arterialları formalaşır, yaxud köhnələri bərpa olunur. Odur ki, həm Rusiya, həm də Azərbaycan üçün əsas məqsəd bundan ibarətdir. Buna görə də düşünmürəm ki, bu cür kiçik təxribatlar vəziyyəti dəyişdirə bilər”.

İlqar Vəlizadənin sözlərinə görə, Ermənistandakı bəzi qruplar hazırda rus sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərini – Dağlıq Qarabağı Rusiya protektaratına çevirmək istəyirlər: “Hazırda həmin qruplar bunun üçün zəmin yaradırlar. Onu da qeyd edim ki, Ermənistandakı müxtəlif dairələr məlumat yayırdılar ki, guya Rusiya tərəfi yerli vətəndaşlara pasportlar verir. Bütün bunlar göstərir ki, onların əsas məqsədi bu regionu Rusiyanın müstəmləkəsinə çevirməkdir. Ancaq Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da açıqlaması göstərir ki, Kreml regionu müstəmləkəyə çevirməkdə maraqlı deyil. Çünki başa düşür ki, bu halda Azərbaycanla yanaşı, Türkiyə ilə üz-üzə qalacaq və bunun heç bir real nəticəsi olmayacaq. Odur ki, Rusiya bu məsələyə bir qədər soyuq yanaşacaq”. Politoloq hesab edir ki, Dağlıq Qarabağdakı qondarma rejimin tör-töküntüləri mütləq yığışdırılmalıdır: “Rəsmi Bakının başqa çıxış yolu qalmır. Bizim əsas məqsədimiz ilkin mərhələdə ərazidəki erməni silahlılarının hamısının çıxarılmasıdır. İkinci mərhələdə isə Araik Arutunyan, Vitali Balasanyan və qondarma rejimin digər tör-töküntülərinin rədd edilməsidir. Çünki onların hamısı cinayətkardır və bu səbəbdən də hər birini tribunal gözləyir. Düşünürəm ki, bu istiqamətdə ciddi addımlar atılmalı və onlar mütləq qanunsuz əməllərinə görə cəzalarını almalı, beynəlxalq tribunal qarşısında cavab verməlidirlər”.
шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024