Prezident İham Əliyev dövlət televiziyasına müsahibəsində yüksək çinli məmurları sərt tənqid etdi. Onlar dövlət başçısından icazə istəyib, Şuşa şəhərində öz idarələrinin yerli bölmələrini yaratmaq, bunun üçün tikinti işləri aparmaq istəyirmiş.
Ölkə rəhbərinin müsahibəsi və nazirlər, xidmət rəisləri, Mərkəzi Bankın sədri barədə işlətdiyi ifadələr sosial mediada suyun qiymətinin bahalaşması barədə müzakirələri gündəmdən sıxışdıra bildi. Prezident 7 milyard borc yığmış, 220 milyona özünə ofis tikdirmiş “Azərsu” ASC-nin təklifi əsasında Tarif Şurasının qiymət artımı qərarından bəhs etmədi, yəqin ona görə ki, bu mövzuda ona sual verilmədi. Həmin Şuranın tərkibində prezidentin haqqında ikrahla danışdığı bəzi dövlət qurumlarının nümayəndələri də əyləşiblər. Onlar pandemiyanın əldən saldığı ölkədə ard-arda qiymət artımları barədə qərarlar verirlər. Yanvarın 4-də eyni məntiqlə ölkədə istehsal olunan əksər məhsulların maya dəyərinə təsir edən yanacağın qiymətini 33 faiz artırmışdılar. Şuşada rezidensiya, regional mərkəz tikmək kimi prezidentə absurd görünən təkliflərlə çıxış edən məmurların imza atdığı bahalaşma qərarı da absurd idi. Çünki bu qərarlar ehtiyac içində olan milyonlarla vətəndaşı ağır məhrumiyyətlərə düçar edir.
Prezident Mərkəzi Bankın sədri Elman Rüstəmovun tənqidinə xüsusi diqqət ayırmışdı. Çünki baş bankir dövlət başçısına məruzə etmədən özbaşına mətbuata açıqlama verib ki, Şuşada Mərkəzi Bankın nümayəndəliyini yaratmaq istəyir. E. Rüstəmov çoxdan – 6 il əvvəldən xalqın qəzəbinə gəlmiş məmurdur. 2015-ci ildə “manata təhlükə yoxdur, pulunuzu manatda saxlayın”, – deyə camaatı aldadaraq devalvasiya qərarları vermişdi. Nəticədə yüz minlərlə insan külli miqdarda zərərə düşdü, kreditləri qaytara bilmədi, banklar, biznes strukturları çökdü, dövlətin etibarı zədələndi, hökumət sərt qınaqlarla üzləşdi. Amma Elman müəllim o vaxt publika qarşısında qınaq, danlaq eşitmədi. Elə bu günlərdə 450 milyona inzibatı bina tikintisi barədə dedikləri də nədənsə, ölkə rəhbərliyinin diqqətini çəkmədi. Halbuki pandemiyanın əsir-yesir etdiyi ölkədə dövlət bankına yarım milyarda bina tikməzlər. Şəhid ailələrinin, qazilərin müalicəsinin əhalidən yığılan pulların hesabına qarşılandığı bir vaxtda dövlət vəsaitlərini bu cür israf etmək nəyə lazımdır? Hələ üstəlik, Elman Rüstəmov bu vəsaitlərin öz pulları (?) olduğunu da söyləyərək ictimaiyyətin bu barədə hesabat tələb etmək və etiraz haqqının olmadığına işarə edir.
Döyüş bölgələrində ağır şərtlər altında xidmət edən hərbçilərin maaşlarının kəsliməsi də günün aktual problemlərindən biridir. Bu təklifi verənlər Şuşada rezidensiya istəməsələr də, yaxşı olardı ki, prezident onları da açıq qınağa məruz qoyaydı. Necə ola bilər ki, qanları, canları bahasına torpaqları azad edən, bu xalqa qələbəni dadızdıran hərbçilərin pulları kəsilsin? Onsuz da aldıqları onların ehtiyaclarını ödəmir, əksəriyyəti borcun-xərcin içində itib-batır. Necə ki, yüzlərlə şəhid bu dünyadan borcla köçdü, onların kreditlərini banklar dövlət hesabına bağladılar.
Dövlət qurumlarında baş alıb gedən talançılıq, korrupsiya, inhisarçılıq, dövlət tenderlərinin bir qrup adam arasında bölüşdürülməsi, rüşvətxorluq insanları təbdən çıxarıb. Təhsil, səhiyyə, mədəniyyət sahəsi də böhran içindədir. Pandemiya dövründə Azərbaycanda səhiyyə sisteminin olmadığı, yaxud olsa belə, əhaliyə xidmət etmədiyi bir daha təsdiqləndi. Biznesi bağlanan sahibkarın, gündəlik gəlirdən məhrum olan vətəndaşların 190 manata möhtac qalması ölkədə necə ədalətsiz bir sistemin mövcud olduğunu göstərdi…
Ölkədə problemləri saymaqla qurtaran deyil. Təəssüf ki, AzTV-nin əməkdaşı bu mövzular üzrə prezidentə suallar vermədi, yaxud verə bilmədi… //PRESSKLUB.AZ//
Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024