Siyasət / Slayd (31-08-2014, 17:10)
Prezident beynəlxalq axtarışa verildi
Gürcüstan hökuməti bu ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin beynəlxalq axtarışa verilməsi ilə bağlı rəsmi hüquqi prosedurlara başlayıb.
“Mediatv.az” Virtualaz.org-a istinadənı xəbər verir ki, bu barədə Gürcüstanın “Rustavi-2” telekanalı məlumat yayıb. Telekanala bu məlumatı isə Gürcüstan Baş Prokurorluğunun ictimaiyyətlə əlaqələr departamenti rəhbərinin müavini Natiya Suxiaşvili verib.
Yada salaq ki, Gürcüstanın sabiq prezidentinə qarşı ölkəsində rəsmi ittiham irəli sürülüb və barəsində qiyabi hökm çıxarılıb. M.Saakaşvili bir çox maddələrlə suçlanır. Ona qarşı artıq 2005-ci ildə deputat Valeri Qelaşviliyə sui-qəsdin təşkil edilməsi işi üzrə ittiham irəli sürülüb.
Bundan başqa, Mixail Saakaşvili keçmiş daxili işlər naziri Vano Merabişvili ilə birlikdə vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir. Bu ittihamlar 2007-ci il 7 noyabr mitinqinin dağıdılması, “İmedi” telekanalına müdaxilə etmək və mülkiyyətin qeyri-qanuni yolla başqasına verilməsi ilə bağlıdır. Sabiq prezident dövlət vəsaitini mənimsəməkdə və israf etməkdə də ittiham olunur.
Saakaşvili hazırda Gürcüstanda yaşamır. O, ABŞ-da işləyir, Qərb ölkələrində yaşayır. Sabiq prezident Qərb ölkələrindən siyasi sığınacaq istəməkdən imtina edib.