Siyasət (8-10-2018, 16:00)
“Kifayət” kifayət etmədi
Millət vəkilləri müvafiq qanunlardakı “ekspertiza” və “ekspertiza rəyləri” sözlərinə etiraz ediblər. Onlar ekspertizaların, ekspertiza rəylərinin çox zaman doğru olmadığını və həqiqəti əks etdirmədiyini, qanunlara inamın azalmasına gətirib-çıxardığını vurğulayıblar.
Mediatv.az-ın xəbərinə görə, bu məsələyə parlamentin iqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov toxunub.
O qeyd edib ki, ekspertizalar və ekspertiza rəyləri boş məsələlərdir:
“Onlar bir çox hallarda həqiqəti əks etdirmirlər, mənasız olurlar”.
Adıçəkilən komitənin sədri, akademik Ziyad Səmədzadə millət vəkilini dəstəkləyib:
“Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxmır. Axı, o biliyi kim müəyyən edir?! Mən elə başa düşürəm ki, bu, qeyri-ciddi məsələdir.
Vahid müəllimin dediyində həqiqət var. “Sənədlər yararsız olduqda və kifayət qədər olmadıqda”, - deyə qanun layihəsində qeyd edilir. Amma bu “kifayət” sözünü aydınlaşdırmalıyıq. Aydınlaşdırmalıyıq ki, o, nə deməkdir, nəyi ehtiva edir?”
