Siyasət (5-03-2018, 20:00)
Torpaqlardan qanunsuz istifadə ilə bağlı 59 hal aşkarlandı
Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların istifadəsi və mühafizəsi ilə bağlı davamlı monitorinqlər keçirir.
Mediatv.az xəbər verir ki, bu barədə Trend-ə Komitənin Mətbuat Xidmətindən məlumat verilib.
Torpaqlardan təyinatına uyğun və səmərəli istifadəsi, əsassız zəbt olunması, qanunvericiliyin tələblərindən irəli gələrək mühafizə zolaqları amilinə riayət edilməsi istiqamətində nəzarət tədbirləri gücləndirilir. Müvafiq tələblərə cavab verməyən tikinti işlərinin qarşısının alınması, torpaqların münbit qatının daşınmaması ilə bağlı monitorinqlər keçirilir, məqsədyönlü təhlillər aparılır.
Bu istiqamətdə həyata keçirilən monitorinqlərdə məlum olur ki, bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar birbaşa məqsədləri ilə deyil, istehsalat, sənaye məqsədləri üçün istifadə olunur. Belə torpaqlarda süni balıq gölləri, daş və qum-çınqıl karxanaları və sair obyektlər yaradılır.
Qeyd edilməlidir ki, bəzi hallarda torpaqların üst münbit qatının müxtəlif ərazilərə daşınması hallarına da rast gəlinir ki, bu da torpaqların eroziyaya uğramasına səbəb olur. Son nəticədə, torpaq sahələrinin məqsədli istifadəsinin qarşısını alır, torpağın iqtisadi gəlirliliyini və səmərəsini azaldır. Eyni zamanda həmin torpaqların kənd təsərrüfatı dövriyyəsindən çıxmasına gətirib çıxarır.
Ümumilikdə aparılan monitorinqlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 2500-ə yaxın hal üzrə inzibati protokollar tərtib edilib.
Ötən illər ərzində aparılan monitorinq zamanı 8 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaq sahələrində 26 minə yaxın kateqoriyasına uyğun olmayan tiklilərin inşa olunduğu müəyyən edilib.
Vətəndaşların Xəzər sahilində istirahət hüququnu məhdudlaşdıran, sakinlərin narazılığına səbəb olan, müvafiq qaydalara uyğun aparılmayan hasarlanma ilə bağlı da işlər aparılır. İnşası qanunvericiliyin tələblərinə cavab verməyən hasarlar həmin yerin panoramik görünüşünü də pozmaqla turizm baxımından mənfi fəsadlara gətirib çıxarır. Sahil boyu ərazilərdə belə tiklilərin sahibi olan şəxslər müəyyənləşdirilərək barələrdə lazımi tədbirlər aparılır.
Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsində olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 44 hal üzrə inzibati tənbeh tədbirləri tətbiq olunub, 15 hal üzrə sənədlər aidiyyəti hüquq mühafizə orqanlarına göndərilib.
Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların dövlət idarəedilməsində müasir yanaşmaların tətbiqini daha da genişləndirəcək, effektiv üsullar tətbiq etməklə torpaq münasibətlərinin tənzimlənməsini reallaşdıracaq, o cümlədən torpaqların mülkiyyətçilər tərəfindən müntəzəm istifadəsini stimullaşdırmaqla bağlı keçirilən maarifləndirici tədbirləri davam etdirəcəkdir. Bununla yanaşı torpaq istifadəçiliyində mövcud sistemlə uzlaşmayan şəxslərin müəyyənləşdirilməsi ilə bağlı monitorinqlər təşkil olunacaq, bu sahədə arzuolunmayan mənfi göstəricilər aradan qaldırılacaq.