Siyasət (6-07-2017, 15:25)
Azərbaycanın diaspor təşkilatları Zəhra ilə bağlı birgə bəyanat yaydılar
Azərbaycan diaspor təşkilatları Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatını pisləyən bəyanat yayıblar.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bəyanatı Türkiyədə fəaliyyət göstərən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), İstanbul Türkiyə-Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İS-TAD), Eskişəhər Azərbaycanlılar Dərnəyi (ESAZDER), Misir Ərəb Respublikasında fəaliyyət göstərən Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi, Yaponiyada fəaliyyət göstərən Azərbaycan - Yaponiya Dostluq Mərkəzi, Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti (AKDC) imzalayıb.
Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsini pisləyən etiraz bəyanatları insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara ünvanlanıb.
“Bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda, Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur. Dünya ictimaiyyəti atəşkəs dövründə baş verən təxribatların, hücumların və mülki şəxslərin qətlə yetirilməsinə lazımi reaksiya versinlər, bütün bu ədalətsizliklərə seyirçi qalmasınlar”, - deyə bəyanatda qeyd olunur.
Bəyanatda 1992-ci ildə baş verən Xocalı soyqırımının birbaşa icraçısı olan Ermənistanın indiki prezidenti Sarkisyanın Azərbaycan xalqına qarşı dünyanın gözləri qarşısında eyni soyqırımı siyasətini davam etdirdiyi diqqətə çatdırılır. Sonda isə qeyd olunur ki, bu hadisənin baş verməsi bir daha Ermənistanın bölgədə sabitlik və əmin-amanlığa ciddi təhlükə və münaqişənin dinc yolla nizamlanması proseslərinə maneə olduğunu göstərir.