Siyasət (13-10-2015, 23:49)
Elman Nəsirov Ağdaşda: O,seçiciləri ilə möhtəşəm görüş keçirdi
Bu gün Ağdaş rayonunda seçicilərlə növbəti görüş keçirilmişdir.
Mediatv.az xəbər verir ki, Birinci Aral kəndində Birinci Aral, İkinci Aral, Xosrov, Sadavat, Şəmsabad, Əmirmahmud, Qarağan Saatlı və Tofiqi kəndlərinin seçicilərinin nümayəndələrinin iştirakı ilə keçən görüşdə Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyi 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən irəli sürülmüş Nəsirov Elman Xudam oğlu, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov və Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin Təbliğat qrupunun üzvləri iştirak və çıxış etmişlər.
Görüşü Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin sədri Cavid Osmanov açaraq deputatlığa namizəd Nəsirov Elman Xudam oğlunun tərcümeyi-halı ilə seçiciləri yaxından tanış etdi.
Deputatlığa namizəd Elman Nəsirov çıxışında seçkilərə “Yeni hədəflərə doğru” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının müasir Azərbaycanın həyatındakı rolundan bəhs etdi, ötən 10 il ərzində respublikada iqtisadi, sosial təminat, təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində qazanılan uğurlardan, həyata keçirilən infrastruktur layihələrdən, qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışdı. Deputat seçiləcəyi təqdirdə seçicilərinin maraqlarını müdafiə edəcəyini, yaşayış məntəqələrində olan problemlərin yuxarı orqanlar qarşısında məsələlər qaldırmaqla həll olunmasına çalışacağını bildirdi.
Çıxış edən Tofiqi kənd ağsaqqalı Sabir Baxışov, Xosrov kənd Ağsaqqallar şurasının sədri Nuru Məhərrəmov, Səmsabad kənd Qadınlar şurasının sədri Xanım Yusifova və Birinci Aral kənd tam orta məktəbinin müəllimi Hicran Əliyeva kəndlərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsi tərəfindən yaradılan yerli Təbliğat qruplarının üzvləri olduqlarını bildirdilər. Onlar təmsil etdikləri kəndlərin seçiciləri adından söz verdilər ki, bu il noyabr ayının 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə partiyamızın irəli sürdüyü namizədi- Elman Nəsirovu dəstəkləyəcək, ərazilərdə hər bir seçici ilə görüşərək onun fəal təbliğatını aparacaq və seçki günü yekdilliklə ona səs vermələrinə çalışacaqlar.