Siyasət / Slayd (11-07-2015, 09:34)
Rusiya Bakıdakı Milli Şuranı da möhürləyir - ÖZƏL
“Milyarderlər ittifaqı”dan sonra sıra onlara çatdı; 2013-cü il seçkilərindən bəri rəsmi Bakı ilə Kreml arasında dəyişən çox şeylər var və indi şahmat taxtasında Abbas Abbasova hətta piyada xanasında da yer yoxdur; Rusiya “Milyarderlər ittifaqı”nın uzantısı olan Milli Şuranın da fəaliyətinin bitməsini istəyir...
“Milyarderlər ittifaqı” kimi tanınan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) siyasi səhnədən çəkilərək “özünüdəfni” ilə bağlı bəyanatı ölkə mediasında ciddi əks-səda doğurub. Rəsmi Bakı siyahısından çoxdan birdəfəlik sildiyi baş nazirin sabiq birinci müavini Abbas Abbasovun rəhbərlik etdiyi təşkilatın süqutu ilə bağlı xəbərə reaksiya belə vermədi.
Bu sükut, RATİ-ni heç vaxt rəsmən tanımayan Azərbaycan iqtidarının 2013-cü il prezident seçkilərində ona başağrısı gətirən “Kreml ittifaqını” gözardı etməsi kimi yozulmamalıdır. Əksinə, bu susqunluq daha çox azərbaycanəsilli milyarderlərin gözlənilən “dəfninə” nümayişkaranə “sükut”, bəlkə də son sayğısızlıq mesajıdır.
Abbas Abbasov qurumun fəaliyyətinə xitam verilməsi ilə bağlı iki cümləlik bəyanatında da qeyri-səmimi oldu. O, “RATİ fəaliyyətə başlamağa imkan tapmadan dayandırıldı”, deməklə Azərbaycan hakimiyyətinə məhz bu qurumun patronu kimi verdiyi sərt mesajları unutdurmağa çalışdı. “Bizim təşkilatı buraxmaq barədə qəbul etdiyimiz qərar bir sıra arqumentlər və mülahizələrlə şərtləndirilir” desə də, “Milyarderlər ittifaqı”nın siyasi səhnədən silinməsinin əsl səbəblərini açıqlamadı.
Amma bunu deməyə nə hacət? Hər şey aydındır: Rəsmi Bakı ilə problemləri olan Putin hakimiyyəti Abbas Abbasovu ortaya atıb Azərbaycan əleyhinə ittifaq yaratdığı kimi, zamanı gələndə də “ipi”ni geri çəkdi. Abbas Abbasov bu oyunda iştirakçı olaraq çox şey itirdi: Azərbaycan hakimiyyətindəki etibarını, Bakıya gələn yollarını, biznesini, hətta oğlunun daha 5 il tam qarantiyalı mandatını da...
Rusiya parlament seçkilərinə 3 aydan bir az çox zaman qalmış “Milyarderlər ittifaqı”nı möhürlədi. Çünki 2013-cü il seçkilərindən bəri rəsmi Bakı ilə Kreml arasında dəyişən çox şeylər var və indi şahmat taxtasında Abbas Abbasova hətta piyada xanasında da yer yoxdur... Siyasətin belə acı gerçəklikləri də var...
Rusiya bu “süni mayalanmış” ittifaqı dağıtmaqla, bəlkə də Azərbaycan hakimiyyətinə çoxdan verdiyi vədini yerinə yetirdi. Bununla da ortadakı geosiyasi tablonu açdı. Bu, ittifaqın bunca miskin bir sonluqla özünü buraxmasının Abbas Abbasovun siyasi iflasından (ifşasından) daha ötə və vacib nəticəsi var.
Bu, əvvəla, o deməkdir ki, Bakıda hələ də birilərinin ehtiyat aerodrom, arxa bağça hesab etdikləri RATİ daha yoxdur. Ən əsası isə Kreml noyabr seçkilərində rəsmi Bakıya qarşı fəaliyyət göstərməyəcəyinin mesajını vermiş oldu. Üstəlik, “Milyarderlər ittifaqı” projesini bitirməklə, onun Bakıdakı siyasi uzantısına- Abbas Abbasovun yaxın dostu Rüstəm İbrahimbəyovun hələ də fəxri sədrliyində qaldığı Milli Şuraya “ölüm hökmü” çıxardı. Milli Şura “skazkası” Rusiya üçün bitdi! 3
İbrahimbəyovun ermənilərlə dostluq mesajlarına dəstək verən Milli Şura sədrinin, eləcə də bu quruma bağlı siyasi partiya rəhbərinin son günlər Rusiyanı hədəf alan bəyanatlarına “qaz verməsi” heç də təsadüfi deyilmiş...
Rusiya “Milyarderlər ittifaqı”nın arxasındakı Milli Şuranın da fəaliyyətinin bitməsini istəyir. Hər şeyi bu şuraya hesablayanlar isə seçki ərəfəsi bu cür bir projenin əldən çıxmasına müqavimət göstərirlər. Son günlər Azərbaycan hakimiyyətini Rusiyanın Ermənistana silah satışına təpki göstərməməkdə qınayaraq Kremllə “savaşa” çağıranlar guya ki, Putinin siyasətini indi anlayıblar. Müqavimət var, çünki sırada İbrahimbəyovun Milli Şura ilə birdəfəlik üzülüşməklə bağlı bəyanatı da gəlir...
Abbas Abbasovla eyni gündə Milli Şuranın astar üzü olan AXCP-nin əsas adamının - Əli Kərimlinin ətrafının boşaldılması da bu dişsiz müqavimətə bir cavabdır. Onun təşkilatındakı əsas fiqurlardan biri qəflətən, çox şübhəli şəkildə öz sədrini tərk etdi. Bəzi ekspertlər bundan belə nəticə çıxarda bilər ki, Kreml vəd etdiyi kimi, Milli Şuranı da qıfıllamaqdadır.
Çünki bu qurumun Abbas Abbasovun şəxsi nəzarəti ilə yaradılması, hətta müxalifətin daha aydın düşünən və ayıq liderlərinin də müxtəlif təzyiq üsulları ilə Milli Şuraya toplanması sübuta yetirilmiş faktdır. Məlumatların təhlili göstərir ki, proses daha da şiddətlənəcək və ən qısa zamanda Milli Şuranın siyasi fəaliyyətinə son veriləcək. Qalmaqallı səfir, Abbas Abbasovun daha bir yaxın adamı Arif Məmmədovun da son günlər müəmmalı susqunluğu Kremlin oyun qaydalarını dəyişdiyinə işarədir.
Rusiya ilə rəsmi Bakı arasında iddia olunan başqa bir dərin anlaşmaya dair digər iddialar da var. Bu iddialara görə, Dağlıq Qarabağda və digər təmas xətlərində Azərbaycanın lokal hərbi əməliyyatlara başlayacağı halda Kreml buna “göz yuma” bilər. Yenə də həmin iddiaya görə, burada məqsəd həm də küçələrdə meydan sulayan və Kremlin İrəvanda qurduğu oyuncaq hakimiyyəti inqilabla təhdid edən narazı ermənilərə, əslində fərqli yol aramağa başlayan bütün xalqa, o cümlədən də bu prosesi nəzarətinə almağa çalışan Qərb paytaxtlarına qulaqburması verməkdir.
Krımın ilhaqı dünyanın reaksiyasından asılı olmayaraq, Putini rus xalqının gözündə qəhrəmana çevirdi və hələ də ölkədəki ağır siyasi-sosial şərtlərə rəğmən onun reytinqi ən yüksəkdədir: “Qərbin, həm də Rusiyaya yaxınlaşması səbəbindən sıxışdırdığı rəsmi Bakıya kritik seçkilər ərəfəsi siyasi dəstək lazımdır. Aydındır ki, Azərbaycan ordusu hətta cəmi bir rayonu belə qəsbkar ermənilərdən təmizləsə, yaxın illərdə prezident İlham Əliyevə heç bir inqilab, heç bir demokratiya dalğası təhlükəli ola bilməz. Bunun reallaşması üçün Kremlin, sadəcə, mümkün hərbi əməliyyatlara 2-3 gün loyal qalması yetər və Rusiya buna gedəcək”. Son günlər baş verən prosesləri “Yeni Müsavat”a şərh edən mötəbər mənbə belə söyləyib.
Ermənini öldürdüyü üçün Macarıstanda cəza çəkən Ramil Səfərovun misilsiz bir əməliyyatla qurtuluşu, daha sonra isə ötən yaydakı hərbi situasiya sübut etdi ki, azərbaycanlılar üçün ən mühüm amil Vətən müharibəsi faktoru və ermənilərə kiçik də olsa, vurulan hərbi zərbələrdir. Xalqımız taleyi ilə barışmayıb və hətta bu iqtidara kart-blanş verməyə də hazırdir: getsin, Dağlıq Qarabağı işğaldan azad etməyə başlasın...
Bütün gedişat onu göstərir ki, Azərbaycan prezidentinin masasının üstündə, Qarabağ məsələsinin həllində əsas variant kimi nəzərdə tutduğu müharibə ssenariləri var.
İddialara görə, prezident İlham Əliyevi son addımı atmaqdan çəkindirən yeganə faktor Rusiyadır. İndi bütün məlumatların spektral analizi onu göstərir ki, son aylardakı manevrləri, bəzi hallarda izah edilməsi belə çətin olan siyasi qərarları, ən əsası isə Bakının Qərblə kəskin qarşıdurmaya getməsi bu faktorun aradan qaldırılması üçünmüş. Rusiya Bakının yürütdüyü siyasi kursa və yöndəyişiminə Moskvada Abbas Abbasovun, Bakıda isə Milli Şuranın “başları” ilə avans verir. “Poluçka” Dağlıq Qarabağın bir, ya da iki rayonunun qaytarılması ilə ödənərsə, heç də pis nəticə sayılmaz...
Musavat.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024