Siyasət (2-07-2015, 17:41)
“Milli Şuraya üzv olmaq asan məsələ deyil” - Fuad Qəhrəmanlı
Milli Şuranın hazırda 80 nəfərə yaxın üzvü var.
Mediatv.az xəbər verir ki, bunu Modern.az saytına AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı deyib.
O bildirib ki, şuranın üzvləri arasında xeyli tanınmış şəxslər də var:
“Şuraya üzv olmaq məsələsinə sessiyada baxılır. Növbəti dəfə keçiriləcək sessiyada qəbul olunacaq yeni üzvlərin kimliyi bilinəcək. Milli Şuraya qəbul hər bir fərdin müraciət əsasında həll olunur. Həmin şəxsin ölkə miqyasında fəaliyyəti, siyasi statusu, ictimai rəydə mövqeyi kimi göstəricilər nəzərə alınır. Müəyyən kriteriyalara cavab verdikdən sonra şura üzvlüyünə namizədlik qeydə alınır. Bu, çox çətin bir proseduradır. Son sessiyada bu prinsip əsasında 5-6 nəfər yeni üzv qəbul edilib. Xeyli müraciətlər olur. Onların arasında seçim aparıldıqdan sonra namizədlər sessiyanın müzakirəsinə çıxarılır”.
Fuad Qəhrəmanlının fikrincə, Milli Şuraya üzv olmaq asan məsələ deyil: “Ölkə miqyasında həmin şəxs öz fəaliyyət göstərdiyi sahə üzrə özünü təsdiq etməli, ictimaiyyət arasında tanınmalı, qəbul olunmalıdır. Məhz buna görə şuranın hazırkı tərkibində ölkədə kifayət qədər tanınan nüfuzlu şəxslər var. Bunlar siyasət, ədəbiyyat, hüquq və iqtisadiyyat sahəsi üzrə tanınan şəxslərdir”.
Milli Şuranın növbəti mitinqi nə vaxt keçirəcəyi məsələsinə münasibət bildirən Fuad Qəhrəmanlı bildirib ki, koordinasiya şurası bu haqda qərar qəbul etməyib:
“Şuranın mitinq keçirməsi məsələsi həmişə gündəmdə olub. Hər zaman koordinasiya şurası bu məsələ ilə bağlı qərar qəbul edir. Hələlik yeni qərar yoxdur. Bundan başqa, mitinqin nə vaxt keçirilməsi şurada aparılan açıq müzakirələrdən də asılıdır”.