Siyasət (28-06-2015, 10:34)
Avropa Yunanıstandan əlini üzdü
Avrozona ölkələrinin maliyyə nazirləri iyunun 30-dan sonra Yunanıstanın dəstəklənməsi proqramını uzatmamağı qərara alıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.
Qeyd edək ki, Avrozona ölkələrinin maliyyə nazirləri Şurası (Avropa Qrupu) Yunanıstan və onun kreditorları arasında razılaşmaya növbəti dəfə nail olmaq məqsədi ilə ötən gün Brüsseldə növbədənkənar toplantı keçirib.
Vəziyyətin gərginləşməsinə səbəb Avropa Qrupunun iclasına bir neçə saat qalmış Yunanıstanın baş naziri iyulun 5-də ölkədə referendumun keçirilməsinə qərar verməsi olub. Referendumda ölkənin kreditorlar ilə gələcək münasibətlərinə aydınlıq gətiriləcək. Seçicilər onların şərtlərinin qəbul olunub-olunmamasına münasibət bildirəcəklər.