Siyasət / Slayd (6-05-2015, 14:01)
Radara düşən və cəriməsi olan deputatlar - SİYAHI
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov nazirliyin sonuncu iclasında məmurlara ciddi xəbərdarlıq edib. Nazir çıxışında qanunları pozaraq radara düşən vəzifəli şəxslərin müvafiq cərimələri ödəməyəcəyi təqdirdə cəzalandırılmasını tapşırıb.
İclasda nazirə məlumat verilib ki, radarların çoxu məmurlara, deputat və nazirlik işçilərinin adına olan avtomobillərə məxsusdur və bəzi avtomobillərin 50 min manata yaxın ödənilməyən radar cəriməsi var. Radara düşənlər arasında millət vəkilləri də var.
AzVision.az saytı nazirin xəbərdarlığı ilə əlaqədar bir neçə deputatla əlaqə saxlayaraq, radar cərimələrinin olub-olmamasını dəqiqləşdirib.
Millət vəkili Zahid Oruc bildirib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövləti və milli mənafeyi üstün tutan bir şəxsiyyətdir, onun tapşırığına riayət etmək lazımdır: "Etiraf etmək lazımdır ki, müxtəlif dövrlərdə parlamentdə bu məsələyə qarşı fərqli reaksiyalar olub. Xüsusi seriya və nömrələrlə parlamentin maşınlarının fərqlənməsi, yaxud da onların əsas informasiya bazalarında yerləşdirilməsi və onlara üstün bir şəraitin yaradılması və s. məsələlər barədə fikirlər səsləndirilib. Bu baxımdan hesab edirəm ki, yol hərəkəti qaydalarından kiminsə üzərinə xüsusi bir üstünlük hüququ tanımaq ağır hadisələrə yol aça bilər və bu da hamımızın ziyanınadır”.
Millət vəkili özünə məxsus avtomobilin təxminən 3 dəfə radara düşdüyünü deyib: "Avtomobilim 2 dəfə Bakı şəhərində, bir dəfə isə Bakıdan kənarda radara düşüb. Bu, hüquq pozuntusu kimi dəyərləndirilib. Buna qarşı hər hansı bir əlahiddə vasitəyə əl atmamışıq, anlayışla qarşılamışıq və cərimələri vaxtında ödəmişik.
Düşünürəm ki, bu vəsaitin yığılması adıçəkilən problemin həlli üçün gələcəkdə fərqli bir mexanizm həyata keçirməli olacaq. Son aylar ödəmələrin "ASAN xidmət” vasitəsilə, yaxud yerində də həyata keçirilib”.
Deputat qaydaları pozan zaman DYP əməkdaşlarının ona hörmət etdiyini də bildirib: "Etiraf edim ki, bəzən DYP əməkdaşları bizi tanıdığı, xüsusi dəyər verərək yanaşdığı üçün güzəşt edirlər. Bütün həmkarlarıma və bizə münasibətdə belə hallar var. Bunu qəti unutmaq olmaz və vurğulamalıyıq ki, parlament üzvü olduğumuzdan, hər hansı bir dövlət tədbirini nəzərə alaraq bizə qarşı güzəştli mövqe tutublar”.
Z.Oruc həmçinin qeyd edib ki, şəxsi maşınını özü yox, sürücüsü idarə edir: "Əksər hallarda çalışırıq ki, qanunlara riayət edək. Bununla bərabər etiraf etmək lazımdır ki, Bakı şəhərində nəqliyyat vasitələrinin sayı çox olduğundan tədbirlərə gecikirik. Bu baxımdan məqsədli olmayan, lakin qanunu pozduğumuz hallar olub. Bununla əlaqədar DYP əməkdaşları hər zaman yüksək anlayış, xoş münasibət, güzəşt nümayiş etdirir”.
Millət vəkili Tahir Süleymanov indiyədək radara düşmədiyini deyib: "Sürücüm avtomobili qaydasında idarə edir. Məndə belə bir problem yoxdur”.
Milli Məclisin deputatı Qalib Salahzadə radar probleminin olmadığını bildirib: "Kim qanunu pozursa, cəriməsini ödəməlidir. Fərqi yoxdur, bu deputat maşınıdır, ya digər vətəndaşın. Qanun pozuntusu olan şəxs cəriməsini ödəməlidir”.
Millət vəkili Fəzail Ağamalı isə yüksək sürətlə avtomobil idarə olunmasının tərəfdarı olmadığını deyib. Deputat bəzən tədbirlərə gecikməmək üçün sürət həddini aşmaq məcburiyyətində qaldığını qeyd edib: "Bəzən yol hərəkəti qaydasını pozuruq. Belə hallar daha çox iclasa, dövlət tədbirlərinə tələsən zaman baş verir. Yollarda bəzən tıxac əmələ gəlir və məcburən xətti keçirik. Hansısa formada vəziyyətdən çıxıb, tədbirə çatmağa çalışırıq. Bu zaman ola bilər ki, hansısa qaydanı pozaq”.
F.Ağamalı hazırda qayda pozuntusuna görə, cərimələrinin olduğunu gizlətməyib:
"Bəzi cərimələrimiz var və onları hələ ki, ödənilməyib. Ona görə də düşünürəm ki, bu məsələ qanuni formada öz həllini tapmalıdır. Tək deyiləm, demək olar ki, digər deputatlarda bu vəziyyət var. Sürücümə demirəm ki, avtoxuliqanlıq etsin, yol-hərəkəti qaydalarını pozsun. Buna imkan vermirəm. Bəzən özümüzdən asılı olmayaraq belə hallarla rastlaşırıq. Düşünürəm ki, bunlar nəzərə alınmalıdır. Bu məsələ hansısa bir formada öz həllini tapmalıdır. Deputat məcburi qaydada pozduğu yol hərəkəti qaydasına görə, yazılan cərimədən hansısa formada azad olunmalıdır”.
Milli Məclisin xanım deputatı Elmira Axundova qaydaların hamı üçün eyni olduğunu deyib. O, qanunlara hörmət etdiyini, bu səbəbdən yol hərəkəti qaydalarını pozmamağa çalışdığını vurğulayıb:
"Bununla bağlı sürücümü işdən kənarlaşdırmışam. Yeni sürücü götürmüşəm ki, avtomobili daha sakit idarə etsin. Əvvəllər radarla bağlı cərimələrim olub və ödəmişəm. Son altı ayda avtomobilim radara düşməyib. Belə hallar nadir halda baş verir. Biz özümüz qanun keşikçiləri olaraq insanlara nümunə olmalıyıq. O baxımdan necə bizə icazə verilsin ki, qayda poza bilək. Bəzi millət vəkilləri bildirir ki, bəzən tədbirlərə tələsdikləri üçün qayda pozuntusuna yol verirlər. Hazırda yollarımız daha da genişlənib. Əvvələ baxanda tıxaclar da azalıb. Hər kəs vaxtında çıxsa, özünü tədbirə çatdıra bilər. Qrafiki düzgün tutsaq, vaxtında evdən çıxarıqsa, hər yerə çata bilərik”.
Deputat bəzi həmkarlarının xeyli cəriməsinin olduğunu deyib: "Bəzi millət vəkilləri deyirlər ki, onların xeyli cərimələri var. Hazırda mənim cəriməm yoxdur. Çünki qanuna riayət edirəm. Çalışıram ki, radara düşməyim. Belə şeylərdən çəkinirəm. İstəmirəm bununla bağlı kiməsə ağız açım. Cərimələr də yüksəkdir. Ona görə də avtomobili qaydasında idarə edirik”.
Millət vəkili Çingiz Qənizadə də bəzən yol hərəkəti qaydalarını pozduğunu vurğulayıb.
Onun sözlərinə görə, deputat fəaliyyəti ilə bağlı rayon tədbirlərinə gedərkən bəzən az da olsa, surət həddini aşıb: "Bu, işimizin çoxluğu, gedəcəyimiz yerə vaxtında çatmaqla bağlıdır. Bilərəkdən qaydaları pozan, surət həddini artıran, radarlara məhəl qoymayanlarla dövlət işi ilə bağlı tədbirə gedənlərə arasında hansısa fərq olmalıdır. Hələki belə bir fərq yoxdur. Qanun hamı üçün eynidir. Belə olduğu halda cərimələrin ödənilməsi daha məqbuldur”.
Deputat bildirib ki, qayda pozan deputatlara güzəşt edilməlidir: "Millət vəkili olaraq çox istəyərdim ki, hər bir deputat üçün bir avtomobil nömrəsi DYP-də qeydiyyatda olsun və bilsinlər ki, biz bu avtomobillə dövlət işi üçün, millət vəkili kimi hansısa tədbirə gedərkən qayda pozmuşuq, onda müəyyən güzəştlər olsun. Yoxsa hansısa avtoxuliqanla bizi eyniləşdirmək düzgün deyil. Bütün hallarda qanun tələb edir ki, cərimələr ödənilsin.
Bir qrup millət vəkili hesab edir ki, xidməti avtomobilləri olmadığı üçün şəxsi maşınları idarə edirlər və inzibati metodlarla cərimələnirlər. Bu baxımdan bir anlaşımazlıq var. Bu məsələyə ümumi bir aydınlıq gətirilməsinin tərəfdarıyam. Hanısa millət vəkilinin cərimələri minlərlə, on minlərlədisə, 2-3 qayda pozuntusu olan millət vəkilləri ilə bunu eyniləşdirmək olmaz. Hesab edirəm ki, burada nizam-intizam yaradılsa yaxşı olar.
Amma qanun tələb edir ki, cərimələr ödənilsin. Oturub gözləməyək ki, bizə cərimələr tətbiq olunmayacaq, bu düzgün deyil”.
Maşınını özü idarə edən deputat Azər Badamov bir neçə dəfə radara düşüb: "Bir neçə dəfə qayda pozuntusu olub. Cərimələrin də hər birini ödəmişəm və borcum yoxdur. Qanuna uyğun olaraq millət vəkilinin özününü şəxsən cərimə ödəməsi konstitusiyaya uyğun deyil. Buna baxmayaraq adımıza, ünvanımıza gələn cərimələrin hər birini ödəmişik”.
Millət vəkili Sabir Rüstəmxanlı hazırda cəriməsinin olmadığını deyib.
O, bildirib ki, ötən ilin dekabr ayında araşdırıb, müəyyən qədər olan cərimələrinin hamısını ödəyib: "Hazırda borcum yoxdur. Son günlərdə rayona getmişəm və ola bilsin ki, ehtiyyatsızlıq olub radara düşmüşəm. Amma cərimələrimi ödəyirəm, qanundan yayınmıram”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024