Problem (15-02-2014, 10:26)
Alim Qasımov prezidentə muğam oxumağından danışdı
Xəbər verdiyimiz kimi, xalq artisti Alim Qasımov Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışında prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva üçün muğam oxuyub.
"Mediatv.az" musavat.com-a istinadən Alim Qasımovun görüşlə bağlı təəssüratlarını təqdim edir:
“Tədbirdə ağsaqqallar danışdı, biz dinlədik. Dəyərli sənətkarlarımız Ağaxan Abdullayev, Səyavuş Kərimi, Arif Babayev danışdılar. Mənim danışmağıma ehtiyac qalmadı, yəqin mən də qocalanda danışaram. Həqiqətən bu təşəbbüs çox yaxşı oldu. Vaxt vardı Hacıbaba Hüseynov zirzəmidə dərs keçirdi. İndiki yerimiz bərbad vəziyyətdə idi. Odur ki, Azərbaycan xalq musiqisinə edilən bu hədiyyə bizim üçün şərəfli idi. Tədbirdə hər birimiz sevincimizi bildirərək, milli musiqimiz haqqında maraqlı söhbətlər etdik”.
Bu günlərdə Bakıda havalar şaxtalı keçəndə Alim Qasımov mətbuata bildirmişdi ki, yaşadığı Güzdək qəsəbəsində elektrik və qaz kəsilib. Xanəndə demişdi ki, soyuqdan donuruq. A.Qasımovdan soruşduq ki, prezidentlə görüşdə bu məsələdən danışdımı?
Xanəndə suala “salamatlıq oldu. Elə o zaman elektrik və qaz bərpa edilib, hər şey yaxşıdır” cavabını verdi.
Xanəndədən yaradıcılığı ilə bağlı yenilikləri də soruşduq. O dedi ki, fevralın 28-də qızı Fərqanə xanımın Heydər Əliyev adına sarayda təqdimat konserti olacaq: “Hələ ki, əsas yenilik budur”.