Kriminal (12-08-2016, 15:45)
Moskvada iki azərbaycanlı qətlə yetirilib, biri yaralanıb
Rusiya paytaxtında iki azərbaycanlı qətlə yetirilib, biri ağır yaralanıb.
Mediatv.az xəbər verir ki, hadisə paytaxtın “Ryanzanskiy prospekt” metrosunun yaxınlığında baş verib.
Naməlum şəxs və şəxslər bu gün səhər saatlarında kiçik ticarətlə məşğul olan 3 azərbaycanlıya soyuq silahla hücum edib. Nəticədə adları hələlik açıqlanmayan 1947-ci il təvəllüdlü və 1980-ci il təvəllüdlü həmyerlilərimiz qətlə yetirilib. Digər həmyerlimiz (1981-ci il təvəllüdlü) isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Həmyerlilərimizdən birinin təcili tibbi yardım maşınında keçindiyi bildirilir.
Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə İdarəsində Cinayət Məcəlləsinin 105.2-ci (Qəsdən bir, iki və daha çox şəxsi öldürmə) və 112-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsindən verilən məlumata görə, hazırda qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir. İdarədən qətlə yetirilən və yaralanan şəxslərin azərbaycanlı olduqları bildirilib. Qətlin milli zəmində törədildiyi istisna edilmir. Regionlararası Moskva Polisinin Həmkarlar İttifaqının Koordinasiya Şurasının sədri Mixail Paşkin qətlin milli zəmində törədildiyini bildirib. O, slavyan mənşəli şəxsin ticarətlə məşğul olan azərbaycanlılara hücum etdiyini söyləyib. (APA)