Kriminal (11-05-2016, 13:31)
Prokuror futbolçu Cavid Hüseynova 4 il həbs istədi
Bu gün Səbael rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərcivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəməsi davam edib.
Mediatv.az-ın məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Aydın Mahmudov ifadə verib. O, ifadəsində xəstəxanada Rasimin yanında olduğunu deyib: "Mən orda olan zaman Cavid Hüseynov və klub meneceri gelib. Onların söhbət elədilər. Cavid orda dedi ki, Rasim mənlə danışdı, niyə getmisən?! Mənim fikrimcə, Cavidin Rasimin döyülməsindən xəbəri yoxuydu".
Məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. O, Cavid Hüseynovun 4 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil Adəm Məmmədov müdafiə çıxışı üçün vaxt istəyib.
Növbəti proses mayın 16- da davam edəcək.
Qeyd edək ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bu iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib.
C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.
Lent.az